10 ilə yaxındır Qərbin müəyyən dairələri İslam dünyasını israrla “başa salmağa” çalışır ki, söz-ifadə azadlıqları çərçivəsində tənqid hədəfinə müqəddəslər də düşə bilər. Müsəlman aləmi və onun öncül simaları, söz adamları, alimləri, demokratları, ilahiyyatçıları da qərbdəkilərə illərdir anlada bilmirlər ki, müqəddəslərin, o sırada islam peyğəmbərinin ələ salınmasının ifadə azadlıqlarına, demokratiyaya heç bir dəxli yoxdur.
Amma liberal maskası taxıb məkrli niyyət güdənlər bunu heç cür qəbul eləmək istəmir; hərgah batində əla bilirlər ki, etiqad (vicdan) azadlığı elə təməl azadlıqların tərkib hissəsidir. Anlamaq istəmirlər, çünki sərf eləmi; çünki qarşıya qoyduqları əsas hədəf heç də nəyinsə dərkinə nail olmaq yox, başqa şeylərdən ibarətdir; islam dünyasını özündən çıxarıb bu fonda digər çirkli məqsədlərə, misal üçün, Avropadakı bütün dürüst və dinc müsəlmanları qovub çıxarmaq, islamı 21-ci əsrin “xoxan”ı qismində dünyaya təqdim və təbliğ eləmək, “ərköyün” Şərqə qarşı yeni “Xaç yürüşü” üçün ideoloji zəmin hazırlamaqdır.
Yazıqlar olsun ki, özünü söz-ifadə azadlığının arealından kənarda qoyub həmin məkrli dairələrin “çörəyinə yağ sürtən”, küyə gedənlər arasında “müsəlmanlar” da var. Onlar hətta Roma Papasından artıq katoliklik iddiasına düşərək üzdəniraq liberalların müdafiəsinə onların özlərindən də inadlı bir şəkildə qalxmağa səy edirlər. Halbuki, Roma papaları da İsa peyğəmbərin, başqa qutsalların təhqirinin yolverilməz olduğunu dəfələrlə bəyan ediblər.
Amma kimə deyirsən, bir çox qaranlıq mətləblərə kifayət qədər işıq salındığı məqamda belə Qərbdəki təxribatçılara Şərqdə, Türkiyədə hayan duranlar tapılır. Qardaş ölkənin nüfuzlu nəşrlərindən olan “Cümhuriyet” qəzeti də əfsuslar olsun ki, eyni səfdə dayanıb – bədnam karikaturaları təkrar çap eləməklə.
Nə demək istəyirlər bununla görəsən? Bu bir – yanlış, radikalların ünvanına “qarğa, məndə qoz var” mesajıdır, yoxsa təxribat? Böyük ehtimalla, sonuncudur. Çünki Türkiyə böyük müsəlman dövlətlərindən biridir və bu cür düşünülmüş əməllər dərhal cəmiyyəti qarışdıra, hökumətə əlavə problemlər yarada bilər. Bəs, belə problemlərin, qarışıqlığın xeyrini hansı dairələr görə bilər? Sual ritorikdir…
Hiss olunur ki, “Cümhuriyet”in İslam əleyhinə, dəyərlər əleyhinə bu təxribatı dinci Ərdoğan hökumətinə qarşı olmaqdan qat-qat çox, hansısa xarici əlin dəstəyi ilə Türkiyə dövləti üçün başağrısı yaratmağa hesablanıb. Yoxsa ki, cümhuriyyət yaradıcısı Atatürk də islam və peyğəmbər əleyhinə olmayıb, Türkiyə Respublikasında ateizm heç vaxt rəsmi ideologiyanın tərkib hissəsinə çevrilməyib, qardaş məmləkətdə həmçinin, məscidlər heç zaman qapadılmayıb.
Ümumiyyətlə, nə Azərbaycanda, nə də Türkiyədə cümhuriyyət dəyərləri nə vaxtsa dini dəyərlərə ziddiyyətdə olmayıb (bizim bayrağımızın rənglərindən biri yaşıldır). Cümhuriyyət hara, insanların dini hisslərini peyğəmbərini aşağılamaq hara? O zaman “cümhuriyyət” adını daşıyan bir nəşr nədən belə rəzilliyə getsin? Əcəba onun rəhbərinin damarlarında müsəlman qanı heç yoxmu? Ya bəlkə o, bir erməni? Fəqət, Ermənistanda da nalayiq rəsmləri təkrar çap eləməyiblər…
İndiki Türkiyə hökumətini bir çox şeydə qınamaq olar, amma onun Paris olayları məsələsində tutduğu mövqe ədalətli, obyektiv və məntiqlidir. “Həzrəti Peyğəmbərə qarşı təhqirə icazə vermərik”. Bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu mətbuata açıqlamasında deyib. Sitat: “Dünyanın harasında olursa olsun, hansı səbəblə edilirsə edilsin, terror hücumlarına qarşıyıq. Ancaq peyğəmbərin təhqir edilməsinə də icazə vermərik. Mətbuat azadlığı təhqir etmə azadlığı demək deyil. Hələ üstəlik, bu, bizim şəxsiyyətimizdən, kişiliyimizdən çox daha böyük məna daşıyan və aləmlərə rəhmət olan bir Peyğəmbərə, şəxsiyyətə ünvanlı bir təhqirdisə, o, qətiyyən mətbuat azadlığı deyil. Hal beləykən, Türkiyədə bu həssaslıq varkən, bəziləri Həzrəti Peyğəmbərə qarşı təhqir ehtiva edən bir karikaturanı yayımlayırsa, deməli, burada bir təhrik var”.
Bu sözlər Qərbdəki məlum dairələrlə yanaşı, heç şübhəsiz, “Cumhuriyet” qəzetinə ünvanlanıb.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.