Uğura alışmış adam güman edər ki, uğur hər zaman onunla yanaşı olacaq…
Zənginliyə alışmış adam güman eləyər ki, hər zaman zəngin olacaq…
Qalibiyyətə alışmış adam güman eləyər ki, hər zaman qalib olacaq…
Uğursuzluğa düçar olan çoxları hesab edər ki, uğursuzluq onların alın yazısıdır…
Yoxsulluqdan əziyyət çəkən bir çoxları hesab edər ki, bütün ömürləri bu cür yaşamağa məhkum olacaqlar…
Yanlış, yanlış, yenə də yanlış!..
Yanılırıq…
Bu dünyada hər şey bir anda dəyişə bilər… Nə uğur, nə uğursuzluq, nə xoşbəxtlik, nə bədbəxtlik, nə qalibiyyət, nə məğlubiyyət, nə zənginlik, nə yoxsulluq… əbədidir!..
Allahın görünməyən surətindən başqa hər şey hər an dəyilşməyə tabedir…
Bir də baxarsan, zəngin yoxsullaşıb, yoxsul zənginləşib…
Dünənin xoşbəxtini bu gün gözüyaşlı görərsən, gözüyaşlısını xoşbəxt…
Odur ki, insan həyatda heç nəyin əslində onun olmadığını dərk etməlidir. Hər şeyin keçici olduğunu dərk etməlidir insan. Əgər malik olduqlarımızın bizim olduğunu zənn edənlər varsa, o zaman özlərinə sadəcə bir sual versinlər: Onda nə üçün onları özümüzlə bərabər o biri dünyaya apara bilmirik. Heç cəmi bir neçə dəqiqə sonra onlara sahib olub-olmayacağımızı da bilmirik hətta… İnsan həyatın mənasını anlamağa başlayınca, insan özünün mənasını tapdığı zaman insan olmanın çiyinlərinə yüklədiyi məsuliyyət(lər)i şüurla dərk edir və başqaları üçün yaşamanın bəxtiyarlığına varır.
Siz, heç ölüm yolçuluğunda olan insanla söhbət etdinizmi? Nə hiss edir, nə düşünürdü o? Nəyin peşmançılığını çəkir, nədən danışanda, “keşkə zamanı geri qaytara bilsəydim” deyir?!
Siz heç ölüm yolçuluğunda olan birisindən “mənə nə məsləhət verərdin, mənə nə tövsiyyə edərdin həyatda?” deyə soruşdunuzmu?
…Mən yaşadım bir neçə dəfə belə halları… Onlardan biri atamla idi. Ölümündən bir gün öncə onu rayondan Bakıya yola salanda görüşüb ayrıldıq. (Sonradan bildik ki, atam ölümündən bir neçə gün öncə anama dünyadan köçmüş yaxınlarının onu çağırdığını deyibmiş). Sonra avtomobilə minən zaman təkrar mənə doğru döndü və geri qayıtdı. Başımı quçaqladı, təkrar öpdü və “yadında saxla, sənə ata məsləhəti: hər zaman insanlara yaxşılıq et! Dünyada insandan sadəcə yaxşılıq və pislik(lər) qalır.” Və əlavə etdi: “Qızım, atana görə heç zaman insanlar içində utanmayacaqsan!”
Onu dəfn edib evə qayıtmışdıq…
Özü ilə heç nə aparmamışdı. Həyətdə qurulan çadırda isə insanlar onun yaxşı əməllərindən danışırdılar.
Bir dəfə isə… Tibb İnstitutunda oxuduğum zamanlar idi, növbədə idim, ağır xəstələrdən biri can verirdi. Çox imkanlı insan idi, amma var-dövləti ona heç cür kömək edə bilmirdi. Vaxtın artıq tamam olduğunu hiss edirdi. Oğluna bir neçə nəfəri çağırtdırdı, halallıq istəyirdi, onlarla danışdıqca gözələrindən peşmanlıq yaşları axırdı. Hətta həkimlərin bu qədər həyacanlanmanın onun üçün mənfi sonuclarını xatırlatmasına baxmayaraq belə… son missiyasını həyata keçirmək istəyirdi. Üzündə elə qəribə peşmançılıq vardı ki, ona bircə il əlavə ömür verilsəydi tamam başqa cür yaşayacağını görmək çətin deyildi. Amma gec idi, çox gec!..
Hər dəqiqə həyatla vidalaşa biləcəyimizi unutmamalıyıq… O zaman yaşayacağımız “keşkə”lər, peşmanşılıqlar barədə isə hər dəqiqə düşünməliyik. Əslində gerçək insan olmanın yolu da sadəcə bundan keçir…
İndi ölüm yolçuluğunda olan insan kimiyəm…
Həyatı düşünürəm…
Və hər şey üçün cavab verəcəyim o zamanı…