Özünü liberallığa vuran (bu yerdə əslində ayrı söz işlənməli idi) beş-on ateist, yaxud deist heç cür anlamaq istəmir ki, vicdan (etiqad) azadlığı təməl azadlıqlarının tərkib hissəsidir. Çünki Allah-Təala insanı azad xəlq etsə də, ona peyğəmbərlər və səmavi kitablar da göndərib ki, həddini aşıb cızıqdan çıxmasın və mahiyyət etibarilə şüursuz varlıqlarla eyniləşməsin. Yoxsa ki, insan da heyvan kimi indi lüt-üryan gəzirdi.
Ultra-liberalların məntiqinə görə, bu da mümkündür – onlar kişinin kişi ilə “ailə” qurmasına normal baxırlarsa, niyə bu da olmasın? Halbuki, təbabətə və təbiətə görə, belə adamlar xəstə (hormonal pozuntusu olan) varlıqlar sayılırlar və müalicə edilməlidirlər. Deməli, anormalı normal sayanların, belə üzdəniraq evliliklərə stimul yaradanların özləri də zatən, anormaldırlar.
İndi bu ultra-liberallardan soruşmaq istəyirsən: əcəba, camaat içinə çılpaq çıxa bilərsinizmi? Axı sizin məntiqinizə görə, azadlıq hüdudsuzdur. Əminəm ki, dünyanın ən ifrat liberalı da buna cürət etməz. Yalnız alkoqolun, narkotin, yaxud hansısa başqa uyuşdurucunun təsiri altında belə şey mümkün görünür – yəni insan öz insanlığından tamamən çıxıb anormallığa, debilliyə yuvarlananda və yaxud ruhi xəstə vəziyyətində buna gedər. Zira, heyvanın paltarsız gəzməsi anormallıq deyil, çünki bu, onun təbii, halal statusudur, instinktdir və buna görə ona günah yazılmaz, cavabdehlik düşməz, insan üçün isə – anormallıqdır, qeyri-təbiidir, yaradılışa, ilahi kodlaşmaya ziddir və o üzdən də məsuliyyət yaradar, haqq-hesab çəkilər.
Demək, normal liberalın daxilində də bir blanka, “qırmızı xətt”, konservatizm var ki, lüt gəzə bilmirlər. Elə isə müsəlmanın hisslərinə, inancına gələndə niyə bu blanka işləmir və təhqirə, heyvani (yəni hüdudsuz, vecsiz) azadlığa keçir?! Lap onlar 1 milyard yarım deyil, 10-ca nəfərdir. Amma axı fərddirlər, məgər sizə görə, fərdin azadlığı öndə dayanmır?
***
Bəzi avantüristlərə görə, Paris olaylarından sonra islam dünyası guya təhqiramiz karikaturalara öyrəşdirildi, bu məsələ adiləşdi, büt sındı. Yəni uduzan guya müsəlman dünyası oldu. Əksinə, uduzan – bu əbləhliyə söz azadlığı donu geydirənlər oldu, çünki yuxuları həmişəlik qaçdı, indi onlar daim terror qorxusu altında yaşayır, gəzir, ona görə ki, karikaturaların kütləvi yayılması ilə terror aktlarının kütləviliyi ehtimalı da artdı, adiləşdi. Terror qurbanı olan “qəhrəman jurnalistlər”in Qərb toplumuna, ultra-liberallara ən böyük “hədiyyəsi” budur; azadlıq anlayışı ilə möhtəkirliyin acı meyvəsi budur. Və bu da ifratın, radikallığın başqa bir formasıdır – dəyənəyin ikinci ucu kimi.
Yeri gəlmişkən, son rəy sorğularına əsasən, fransızların 42 faizi Məhəmməd peyğəmbərin (ə) karikaturalarının dərcinə qarşıdır. 50 faiz isə hesab edir ki, internetdə söz azadlığını məhdudlaşdırmaq lazımdır. Razılaşaq ki, liberalizmin vətəni sayılan Fransa üçün kiçik rəqəmlər deyil. Və bu rəqəmlər artacaq, çünki 7 yanvar hücumundan yanlış nəticə çıxaran avantüristlərin hesabına Avropada terror aktları artıq adiləşib və bunu sadə vətəndaş ciddiyə alır…
***
Qayıdaq əsas məsələyə. Kim nə deyir-desin, insana insan olaraq sanbal verən, onu insaniyyətin tərkib hissəsi edib bitkin individ halına gətirən həm də onun toplum dəyərləri daşımasıdır, bu dəyərlərlə vəhdətdə olmasıdır. Həmin dəyərlərdən biri də inancdı, dindir, ruhaniyyətdir. Bunsuz insan mənən tamlaşa, zənginləşə, kamilləşə bilməz. Allahsız insan – kamil deyil. Təsadüfi deyil ki, böyük mütəfəkkirlərin, alimlərin, yazıçıların mütləq əksəriyyəti imanlı şəxslər olub – hərgah, onların bəziləri ömürlərinin sonuna yaxın bu boşluğu hiss edərək Allaha tapınıblar.
Məsələ də ondadır ki, insanı heyvandan fərqləndirən, insan olaraq mövcudluğunu təsbit edən xeyli dərəcədə ortaq ictimai dəyərlərdir. Liberalların xoşuna gəlməsə də, guya fərdin hüquqları onlardan ötrü öndə olsa da – belədir. Çünki toplumsuz heç bir haqq yoxdur, cəmiyyətsiz onları əldə eləmək, reallaşdırmaq mümkünsüzdür! Belədirsə, o zaman toplu haqlara da sayğılı olmaq fərdin (liberalın, ateistin, deistin və s.) boyun borcudur. Əks halda, dedikləri xalis demaqogiyadır!
Ümumiyyətlə, insanı forma(t)laşdıran cəmiyyətdir. Su balıq üçün nədirsə, fərdin mövcudluğu üçün də mühit rolunu cəmiyyət oynayır. Cəmiyyətdən kənar insanın rahatlığı, xoşbəxtliyi yoxdur – istər liberal olsun, istər də mühafizəkar.
***
Nəhayət, bir daha Parisdəki məlum terror aktları barədə. Hələ heç bir normal müsəlman bədnam karikaturaçıları öldürülməsini təqdir etməyib, edə də bilməz. Ən azı ona görə ki, islam peyğəmbərinin özü öz məşəqqətli, fəqət örnək olan həyatı ilə belə üsullara qarşı olduğunu sübut edib. Ona ən ağlasığmaz pislikləri edənləri, başına hər gün zibil tökənləri, lağ və tənə edənləri belə bağışlayıb, pislərə yaxşılıqla əzab verib, zorakılığı yox, gözəlliyi təbliğ edib və yekunda qalib gəlib. “İslam dinində zorakılıq yoxdur” (“Bəqərə” surəsi). Osmanlı türkləri bu dini könüllü qəbul ediblər…
Məsləhət görərdim ki, özlərini oxunmuş sayıb hamıya mənasız öyud-nəsihət verməyə çalışanlar heç olmasa, Məhəmməd peyğəmbərin həyatını müsəlman yox, rus mənbəyindən bircə dəfə oxusunlar. Bir də ki, absurd rəsmlərlə özlərinə təsəlli tapmasınlar. Ona görə “absurd” ki, islam peyğəmbərinin şəkli heç vaxt olmayıb. Olmayıbsa, onun karikaturası necə çəkilə bilər?..
***
Son terror olaylarının Batumidəki məlum qalmaqal kimi bir müsbət cəhəti də o oldu ki, içimizdəki latent (gizli) ermənipərəstləri bir az da üzə çıxartdı. Sən demə, erməni “soyqırımı”nı inkar eləmək insan haqlarına zidd, hətta səfehlik imiş. Fransa bu qanunu düz edib qəbul edibmiş. Bərəkallah!..
P.S. Amma nədənsə elə həmin Fransada, həmin günlərdə öz həyatını riskə atıb necə-neçə günahsız insanı, yəhudini “müsəlman” terrorçudan xilas etmiş müsəlman bir gənc “liberallar”ın yadına düşmür. Həmin gənc “vəhşi, terrorçu müsəlman” obrazını darmadağın edir axı… Doğrudan da, su ilə yarım dolu stəkana hərə bir cür baxır – biri boşu görür və buna görə stəkana qiymət verirsə, digəri üçün onun ən azı yarısınadək dolu olması önəmlidir. Boşluğa, boş şeylərə önəm verənlərdən olmayın…