Müəllimlərin maaşını artırdılar, onlar isə xalqı üsyana qaldırdılar. Çox yarıtmaz haldır. Ola bilsin təzədən maaşları azaltmaq lazım gələcəkdir. 2 qəpiklik benzin əhvalatındakı kimi.
Hərçənd heç indiki halda da kimin maaşı nə qədər artıb dəqiq bilən yoxdur. Biri deyir 33 faiz artıb, başqası deyir 28 faiz. Sərəncam yalnız Bakıda işləyən 20-30 min müəllimə aid imiş – attestasiyadan keçənlərə. Rayonlardakı müəllimlər də ola bilsin ayağa qalxdılar, təzədən oturdular. O cümlədən, hələ məlum deyil Hövsanda xalq hərəkatına səbəb olmuş məktəb direktoru Qardaşxan Səlimov maaş artımı sərəncamından faydalana biləcəkdimi, yoxsa elə sərəncam çərçivəsinə girmədiyi üçün əsəbiləşib uca millətimizi təhqir eləyibdir. Tərəfimizdən araşdırma gedir, necə deyərlər.
Ancaq bütün hallarda Hövsan hadisəsi çiçəklənən təhsilimizin içinə doğranan Hövsan soğanı kimi bir şey oldu. Azərbaycan məktəbləri Yasamal ziyalısı, Məzahir Pənahovun ibtidai sinif müəlliməsi Əfruz xalanın “Məni döyəcsən? Nə istəyirsən məndən?” monoloqundan sonra daha koloritli bir replika qazanmışdır: “Atanız evdə olmayanda sizə başqa kişi gəlib atalıq edir?” Deyilənə görə, bu cümləni Qardaşxan müəllim Hövsan məktəblilərinə söyləyibmiş. Bu uşaqlar dərsə gəlməyən müəllimin başqası ilə əvəz olunmasını istəyirmiş.
Vay-vay… Gör nə pis uşaqlardır. Müəllim dərsə gəlməyibsə lap yaxşı! Get tində siqaret çək, telefonda biologiya dərsinə aid 18+ kliplərə bax, qaç get çayçıda domino oyna… Nəsə elə. Yoxsa direktordan müəllim istəmək harda görünüb? Bizim təhsil kurrikulumunda belə zad yazılmayıb. Dərs yoxdur, get repetitor yanına. Repetitor yoxdur, çıx telekanalizasiyada mahnı oxu. Səsin batıbsa çırtıq çal, meyxana desinlər. Ən bəd halda idman elə, bir-iki əzələ yığ, sonra polisə işə düzəl. Azərbaycanda gənc nəslin inkişafı, yetişməsi, həyatda özünə yer tapması üçün hər cür imkanlar yaradılıbdır, buna görə Füzuli rayon məcburi köçkünləri adından cənab prezidentə dərin minnətdarlığımızı bildiririk.
Açıq hiss olunur ki, bu hadisə bir təxribatdır, dövlətçiliyimizə, siyasi sabitliyə hədədir. Hələ deyilənə görə, orda qəsdən ölən də olub! Hamısı bələdiyyə seçkilərinə kölgə salmaq üçündür. Ola bilsin, əşi, nə ola bilsin, yüz faiz elədir: Hövsanda şagirdlərin direktorun üzünə qabarmağında Amerikanın barmağı var! Amerikanın oyunlarıdır. Özlərində hər il məktəblilər silah gətirib sinif yoldaşlarını, müəllimləri, valideynləri, hətta seçki komissiyası üzvlərini güllə yağışına tuturlar! İndi istəyirlər bizdə də elə olsun. Araşdırma getsin, ordan Amerika barmağı çıxmasa Azay müəllimin QHT-lərə verdiyi çörək burunlarından gəlsin! İraqı, Əfqanıstanı, AzTV İbreim müəllim demişkən, “elə götürək Yaponiya”nı, Suriyanı, Rusiyanı dağıtdıqları bəs deyil, indi doğma Hövsanımıza göz dikiblər. Yavaş yeyin, soğan sizi ağladar!
Söz düşmüşkən, keçən həftə QHT Şurasının rəhbərliyi altında Amerikanın anasını (çaşıb əvvəlcə “nasasını” yazmışdım, çox əla alınmışdı – NASA!) ağlatmaq iclası xalqımızda qürur oyatdı. Məsələn, orda Dövlət İdarəçilik Akademiyasının alimlərindən Elman Nəsirovun ABŞ-da bütün səfir vəzifələrinin rüşvətlə verilməsini deməsi əla idi. Deyir ABŞ-da Fransaya səfir getməyin qiyməti 6 milyon dollardır. Ver, get. Elman müəllim bu cür analitik təfəkkürlə gənclərimizə dövlət idarəçiliyini öyrədir, ləzzət alın.
Amma BDU-nun professoru Musa Qasımlı o tədbirdə lap Vaşinqtonun atasını yandırıb. Sitat: “ABŞ BMT-nin qərarı olmadan Yuqoslaviyada döyüşür”. Musa müəllim necə yatıbsa hələ elə bilir Yuqoslaviya qalır. Bir az qurdalasan Musa müəllim bəlkə SSRİ-nin dağıldığından da xəbərsizdir. Nəyinə lazımdır ki? Yaşayır özü üçün. Hətta istəyəndə Müsavata girir, çıxıb YAP-a girir, orda ola-ola AVP-yə girir və sairə.
Siz də düşmüsünüz yazıq Qardaşxan müəllimin üstünə… Qardaşxan müəllim qardaşdır.