Bu ayın 7-də Parisdə çıxan satirik jurnalın redaksiyasında törədilmiş terror aktının ilk detalları məlum olandan sonra, kütləvi qətlin islam peyğəmbərinin karikaturası ilə bağlı olduğunu nəzərə alaraq olayı “sivilizasiyaların toqquşması hadisəsi” adlandırmışdım.
O gündən bu günə o fikirlə razılaşmayan, eləcə də məşhur filosof Semyuel Hantinqtonun bu nəzəriyyəsini rədd edən xeyli fikirlər var.
Belə düşünürəm ki, mən yanvarın 8-də yazdığım yazıda fikrimi tam aça bilməmişəm, nə demək istədiyimi düzgün çatdırmamışam.
Terrorçu Kuaşi qardaşlarının “Çarli Hebdo” jurnalının yaradıcı kollektivini qırması sivilizasiyaların qlobal toqquşması deyil, olsa-olsa terrorçularla qurbanlarının toqquşması idi, amma bu toqquşma sivilizasiyaların qarşıdurmasından doğan yüzlərlə hadisədən biridir.
Bu hadisədən sonra milyonlarla müsəlman ayağa qalxdımı, dünyanın bir çox meqapolislərində çoxminli mitinqlər, nümayişlər keçirdimi? Qalxdı, keçirdi və nümayişlər davam edir.
Bu hadisə ilə bağlı Parisin özündə heç vaxt olmadığı qədər insan etiraz nümayişinə çıxdımı? Çıxdı.
Fransanın özündə belə populyar olmayan karikatura jurnalının həftəlik tirajı 7 milyon nüsxəyə çatdımı? Çatdı.
Təkcə fransızlar yox, bütün avropalı oxucular bu jurnalı alaraq “Çarli Hebdo”nin sağ qalan əməkdaşları ilə həmrəylik nümayiş etdirdilərmi? Etdirdilər.
Bütün Avropada anti-islam qüvvələri fəallaşdılarmı? Fəallaşdılar. Bu hadisəyə qədər pərdəli, gizli aparılan anti-islam səciyyəli fəaliyyət və çıxışlar açıq xarakter aldımı? Aldı.
Bir sıra dövlətlərdə (İsveç, Hollandiya, Rusiya, Fransa) məscidlərə hücumlar intensivləşdimi? İntensivləşdi.
Bir sıra ölkələrin parlamentində Yaxın Şərqdən gələn mühacirlərlə bağlı qanunvericiliyə əlavə və düzəlişlər təklif olundumu? Olundu və hələ bundan sonra da olacaq.
Dünya mediasında müsəlmanlara qarşı neqativ materiallar, aqressiv münasibət artdımı? Artdı.
Bu günlərdə Nigerdə 50-yə qədər xristian kilsəsinə hücumlar oldumu? Oldu.
Daha toqquşma dediyiniz necə olur?
İki dünyəvi dinə tapınan milyonlarla insan qarşılıqlı nifrət havasına kökləniblər, artıq açıq şəkildə bir-birinin mədəniyyətini qəbul və həzm edə bilmirlər.
Şərqdə Avropanın həyat, məişət, geyim, qidalanma, özünüifadə, seçki, düşüncə tərzi rədd olunmurmu? Olunur. Həm də çox qətiyyətlə, haram buyrularaq, “kafirlik” adlandırılaraq rədd olunur. Müsəlman dünyasının ən tolerant ölkəsi olan Azərbaycanda belə Qərb dəyərlərinin çoxunu qəbul etməyən, pisləyən yüz minlərlə insan var.
Eyni zamanda Qərb, Avropa əhalisi islam ölkələrində geniş yayılmış həyat tərzini, qadınlara münasibəti, azyaşlılarla evlənməni, çoxarvadlılığı, despotizmə meylliliyi, çoxlu qadağaların tətbiqini və sair bu kimi məsələləri normal qəbul edirmi? Əsla.
Bütün bunlar faktdır və artıq dini konfessiyalar arasında ciddi problemlər yaradır. Bu problemlər məişətdən tutmuş siyasi arenaya qədər demək olar ki, bütün həyat sferalarını əhatə edir.
İldən-ilə bu iki fərqli dinə tapınanların həyat tərzləri və şəraitləri, fəaliyyət sferaları, düşüncələri, prioritet saydıqları dəyərlər arasında fərq böyüyür, hətta artıq uçurum yaranır. Bir tərəfdəki inkişaf, tərəqqi, yenilik meyli permanent xarakterlidir, hətta absurda doğru irəliləyir, o biri tərəfdəki qatı mühafizəkarlıqla qorunub saxlanan, min il əvvəlin adət-ənənələrinə birəbir dəqiqliklə riayət etmək səyi absurd səciyyə almaqdadır.
Bu iki dünya arasında təmas nöqtələri çoxdur, ancaq paralel xətlər üzrə irəliləyiş də yoxdur, xətlər mütləq kəsişir və toqquşur. Ortalığı qarışdıran, münasibəti gərginləşdirən ekstremist təşkilatlar olmasa belə hər iki tərəfdən milyonlarla insanın düşüncəsi antoqonist xarakterə köklənib.
Burada dünyanın yenidən bölüşdürülməsi cəhdləri, dünya hegemonluğu ehtiraslarının çarpışması elementləri var. Ancaq müsəlman dünyasının ən qüdrətli və mərkəzi dövləti Səudiyyə Ərəbistanı ilə Qərb dünyasının, eləcə də bütün dünyanın lideri ABŞ-ın siyasi-iqtisadi planda ayrılmaz müttəfiq olduğunu da unutmaq olmaz. Rusiyanın iqtisadi baxımdan boğulmasında Səudiyyə Ərəbistanının ABŞ-ın bir nömrəli dəstəkçisi olduğunu faktdır.
Bu dava təbii ki, klassik yaşayış uğrunda mübarizə davasıdır və bu gedişlə dinc, yanaşı yaşamaq mümkün olmayacaq. Tərəflər bir-birinə öz mədəniyyətini, yaşayış tərzini sırımaq, onu öz içində əritmək, assimlyasiya etmək istəyir və müqavimətlə üzləşirlər.
Bu toqquşmanın sonu həmin iki dünya arasında hündür hasarların çəkilməsi, dərin uçurumların yaranması ilə nəticələnəcək. Hər kəs öz tərəfində, özü bildiyi kimi yaşamalı olacaq.