Deyirlər, ölünün dalınca danışmazlar. Düz deyirlər. Çünki ölü özünü müdafiə etmək, barəsində deyilən fikirləri təsdiq, ya da təkzib etmək iqtidarında deyil.
Ancaq elə rəhmətliklər var ki, sağlıqlarında dirilərin həyatını cəhənnəmə döndəriblər, ona görə də ölümlərindən çox-çox sonralar da adları anılır, təkrarlanır, hallanır.
Sezardan Napoleona, Nerondan Hitlerə, Çingiz xandan Stalinə qədər adları hər gün min dəfələrlə hallandırılan tarixi şəxsiyyətlər var.
Məsələn, bu günlərdə öz ölkəmizdə artıq adının çəkilməsini istəmədiyimiz tarixi şəxsiyyəti xeyli müzakirə etdik, yorulduq.
Hərçənd elə şəxslər də var ki, heç bir tarixi missiyaları olmayıb, on il əvvəl dünyalarını dəyişiblər, ancaq hələ də adları çəkilir.
Elə adamlardan biri də Şəmkir rayonunun sabiq başçısı Aslan Aslanovun mərhum oğlu Ruslandır.
Bu nakam gəncin taleyini bilənlər bilir, bilməyənlər də bilsin ki, onu 2003-cü ildə qız üstə öldürüblər.
Hadisə belə olub: gənclər tanış olublar, bir-birini seviblər və nikahdan əvvəl yaxınlaşıblar, sonra araları dəyib. Qız başqası ilə nişanlanıb. Oğlan isə ondan əl çəkməyib, qızın da, nişanlısının da həyatını qaraldıb, nəticədə məsələ bıçaqla həll edilib.
O vaxt media bu hadisədən çox yazdı. Qətldə iştirak edən Lamiyə adlı qızı qınayanlar və müdafiə edənlər vardı. Qınayanlar deyirdilər, o, vaxtilə sevdiyi gənc oğlanın həyatını puç edib. Müdafiə edənlər də deyirdi, arada namus məsələsi var, yaxşı oğlan almadığı qızın başqasına ərə getməsinə mane olmazdı.
Xalqın maraqlı kəsimi bu məsələni müzakirə etməkdəykən Azərbaycan Femidası qətlin iştirakçılarına ağır cəza kəsdi. Qıza 10 il, onun nişanlısına isə ömürlük cəza verdilər. Halbuki bir adam öldürən belə cəza vermirlər, üstəlik, ortada namus söhbəti, sataşma, təqibetmə və sair hallar varsa, maksimum cəza 12-13 il olur.
Amma qətl qurbanının qəzəbli atasının, İH başçısının təzyiqi ilə qatillərə ağır cəza kəsdilər. Hələ iş bununla da bitmədi. Hiddətli Aslan Aslanov qətl iştirakçılarının nəslindən yeddi-səkkiz adamı, gənc, qoca, qarı, hamilə qadın demədən tutdurub içəri saldırdı. Günahsız adamların məruz qaldığı işgəncə, təhqir, zülmün səsi Avropa Şurasına qədər gedib çıxdı, axırda Azərbaycanda insan haqları üzrə həmsədr Andreas Qross məsum insanları buraxdıra bildi. Yoxsa onlar hələ də türmədəydilər.
Budur, Lamiyə cəzasını çəkib qurtarıb, amma hələ də məhbəsdədir. Çünki cəza qurtardıqca yenidən nəsə bir şey təşkil edir, qadına yeni cəzalar verirlər. O da ona görə ki, gənc oğlu öldürülmüş vəzifəli ata and içib ki, onları türmədən salamat çıxmağa qoymayacaq. Adam öz sözünün üstündə bərk dayanıb və bu iş üstə tutulanların türmədə gününün qara olmasını qayğısına layiqincə qalıb. Hərdən onları vəziyyətinin pisləşməsinə dair xəbərlər mediaya da gəlib çıxır.
Bu xüsusda son xəbər bundan ibarətdir ki, 11 ildən artıqdır məhbəsdə olan Lamiyə ana olub. Nişanlısı da qapalı tipli məhbəsdə olduğundan hazırda uşağın atasının kim olduğu barədə geniş müzakirə gedir.
Biri deyir, həmin cəzaçəkmə müəssisəsində kişi nəzarətçilər yoxdur, yalnız rəis və onun müavinləri kişidir (guya ki, onlar Vatikan rahibi-zaddır və məhbus qadına pis gözlə baxa bilməzlər). Bir xeyli adam da məhbəsdə doğulan uşağın atasını Lamiyənin öz qohumları, tanışları, yanına gəlib-gedənlər arasında axtarır.
Bir sözlə araşdırma gedir. Penitensiar Xidmətin rəhbərliyi həyəcanlı şəkildə açıqlamalar yayır, məsələyə Ombudsman Aparatı da, hüquq müdafiəçiləri qarışıb. Hamı uşağın atasını axtarır.
Ancaq bundan ötrü dağa-daşa düşməyə, Şerlok Holms dəvət etməyə ehtiyac yoxdur, Lamiyənin özündən soruşsunlar, əl-əlbət, övladının atasının adını deyəcək.
Əsas məsələ doğulan körpənin atasının kimliyi deyil, ortada qadının köməksiz vəziyyətindən istifadə edərək, zorlama və ya cinsi əlaqəyə vadar etmə vaqiəsinin olub-olmamasıdır.
Bundan daha vacibi isə cəzasını çəkmiş bir qadının vəzifəli şəxsin hikkəsi ilə hələ də məhbəsdə saxlanılması, bunu təmin etmək üçün bəhanələr uydurulmasıdır.
Uzun sözün qısası, bu işə yenidən və hərtərəfli baxılmalıdır. Məhkəmə sistemini, Penitensiar Xidməti bir hikkəli, hiddətli vəzifəli şəxsin oyuncağına çevirmək olmaz.