FaktXəbər-in verdyi məlumata görə, Türkiyə Məhkəməsi casusluqda, həmçinin yüksək rütbəli məmurları və siyasətçiləri qeyri-qanuni dinləməkdə şübhəli bilinən şəxslərin planlaşdırılmış həbsləri barədə «Tvitter»də məlumat yayan anonim akkauntun bağlanmasını tələb edib.
“Fuad Avni” ləqəbli anonim istifadəçi rəsmi məlumat yayılmamışdan öncə gözlənilən həbslər barədə xəbər verir. O, elə dünən həbs hökmü verilməmiş, yuxarıda göstərilən ittihamlarla 24 nəfərin həbsi barədə məlumat yaymışdı.
Prokuror bu akkauntda postların müəllifinin kimliyini araşdırırdıqlarını bildirib. Anonim istifadəçi öz yazılarında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı tez-tez “tiran” adlandırır.
Xatırladaq ki, ötən il onlarla insan analoji ittihamlarla həbs edilmişdi. Yanvarın ilk həftəsində Türkiyə hüquq müdafiə orqanları qeyri-qanuni dinləmələrə görə 20 polis zabitini tutub.
Türkiyə hökuməti «dinləmə» məsələsinin ABŞ-da yaşayan Fətullah Gülənin rəhbərliyi ilə müxalifət kampaniyasının bir hissəsi olduğunu bəyan edib. Ərdoğan 2013-cü il etirazlarını və hökumət üzvləri barədə dərc olunan kompromatları Gülən tərəfdarlarının fəaliyyəti ilə izah edib. Prezidentin fikrincə Gülənin əsas məqsədi Türkiyədə hökuməti devirməkdir. Fətullah Gülən bütün ittihamları rədd edir.