Bu gün əksər ailələrin ən böyük problemi sonsuzluqdur. Məhz bu problemə görə dağılan ailələr də az deyil.
Çox vaxt isə buna görə günahkar nədənsə qadın olur. Dünyaya uşaq gətirə bilmədiyi üçün ailəsi tərəfindən təzyiqlərə məruz qalan qadınlar, yoldaşını bədbəxt etdiyini düşünərək çarəni boşanmaqda görür. Halbuki vəziyyət tamam başqa olur. Sonsuzluğa səbəb qadın yox, əksər hallarda kişilər olur. Əvvəllər uşaq sahibi ola bilməyən ailələrdə günahı qadında görürdülərsə, zaman keçdikcə kişi sonsuzluğu da qəbul edilməyə başlandı. Bu gün sonsuzluq problemi, demək olar ki, kişilərlə qadınlar arasında bərabər bölünüb. İnkişaf edən tibb sayəsində isə əksər hallarda sonsuzluq problem sayılmır.
Bəzi müsəlman ölkələrində, eləcə də Azərbaycanda qəribə bir deyim var ki, qız ovladı olan valideynlərə də sonsuz kimi baxırlar. Əslində qız övladı dünyaya gətirən qadına və ya uşağın atasına sonsuz demək nə dərəcədə düzgündür? Tibb elmi bu barədə nə deyir?
Həkim uroloq Məmməd Atakişiyev Analitik.az-a bildirdi ki, sonsuzluq çox faktorlu bir diaqnozdur.
Hansı ki, bu problemin həllində müxtəlif ixtisaslı mütəxəssislər bir komanda şəklində iştirak etməlidir: “Ailə quran insanlarda 1 il ərzində hamiləliyin baş tutmamasına sonsuzluq deyilir. Hər il təxminən cütlüklərin 15%-i hamiləliyin baş tutmaması səbəbindən müalicəyə ehtiyac duyaraq, həkimlərə müraciət edirlər. Sonsuzluğun səbəbi hər iki tərəfdə ola bilər. Kişi sonsuzluğunun səbəblərinə gəlincə, bunlar qazanılmış və anadangəlmə urogenital anomaliyalar, urogenital traktın infeksiyaları, endokrin pozğunluqlar, genetik anomaliyalar, immunoloji faktorlari saymaq olar.” M. Atakişiyev qeyd etdi ki, vaxtında edilən effektli müayinə və müalicələr ailələrin övlad sahibi olma istəyini reallaşdıra bilər. Həkim onu da vurğuladı ki, övlad dünyaya gətirən cütlüyə qız və ya oğlan olmasından asılı olmayaraq sonsuz demək olmaz. “Çünki onlar bioloji olaraq övlad dünyaya gətiriblər. Uşağın oğlan və ya qız olması Allahın işidir. Qızı olan insanlara sonsuz demək savadızlıq və cahilliyin əlamətidir.”
Psixoloq Elnur Ağayev isə dedi ki, qızı olan valideynlərə sonsuz demək nəinki olmaz, bunu düşünmək belə naqislikdir.
Digər tərəfdən, sonsuzluqla mübarizə aparan gənclərə, yəni qızı və ya oğlu olmayanlara ətrafdakı insanlar xəstə kimi yanaşmamalı, uşaq mövzusunu açmamalı, sanki hər şey belə də olmalı imiş kimi davranmalıdırlar. Onların aqressiv münasibətlərini yola verməli, başa düşməlidirlər: “Bir ailəyə sonsuz olduğunu demək onların həyata lazımsız olduğunu demək kimi bir şeydir. Həkimlər məhz bu sözü deməkdən çəkinir və mümkün qədər müalicəsi mümkün bir problem kimi izah edirlər. Bu müddət ərzində ailə gərgin, əsəbi, uşaqlı ailələrə qarşı qısqanc olur, xəyal qırıqlığı, ümidsizlik ilə qarşılaşırlar. Məhz bu ərəfədə bir-birini günahlandırmaq deyil, dəstək olmaq lazımdır”.
Bəs İslam dinində bu məsələyə yanaşma necədir? İlahiyyatçı Bəhruz Camalın sözlərinə görə, bu cahil ərəblərdən qalma bir ənənə idi:
“Peyğəmbərin qızı olduğuna görə, bu barədə “Kövsər” surəsi də var. Peyğəmbərə də sonsuz deyilirdi. Yəni bunun oğlan ovladı yoxdur. Allah təala peyğəmbərə həzrəti Zəhranı əta elədi. Bu günə qədər də həzrəti Zəhranın nəslindən qalan seyidlər yaşamaqdadır.” B. Camal bildirdi ki, bəzi Şərq ölkələri ilə yanaşı, Azərbaycanda da bu ənənə artıq oturuşub. Amma bu məsələnin İslamla heç bir əlaqəsi yoxdur: “İslamın nəzərində övladın qız və ya oğlan olmasının fərqi yoxdur. Çünki hədislərdə var ki, qız rəhmətdir, oğul nemətdir. Nemətin sorğu-sualı var, amma rəhmətin sorğu-sualı yoxdur.”
İslam dini yanaşma baxımından müəyyən mənada qız övladına böyük üstünlük verir.
Allah-təala kimə qız övladı veribsə ona rəhm edib: “Sadəcə bizdə kimin qızı oldu, oğlu olmadı, gecə-gündüz dua edirlər ki, oğlu olsun. Bu təfəkkürə sahib olanlar yanlış fikirləşirlər. Bunun islamla heç bir bağlılığı yoxdur. İstər oğlan olsun, istərsə də qız, təki saleh övlad olsun. Kiminsə qız övladı olsun və sən gəlib ona sonsuz deyəsən, bu, gülünc yanaşmadır. Sonsuz odur ki, ümumiyyətlə, övladı olmasın. Qız övladı varsa, nəsil onun tərəfindən davam etdirilir. Bu, ən azından qız valideynlərinə təhqir hesab olunur. Əxlaqdan uzaq ifadələrdir. Kimisə qız övladı olduğuna görə məzəmmət etmək İslam dinində bəyənilmir.”
Analitik.az