Dünya Bankının məlumatına əsasən, 15-44 yaş arası qadınlar təcavüz və ailədaxili zorakılıqdan xərçəng, yol qəzaları, müharibə və malyariyadan daha çox zərər görür
Dosye: Nəzakət Zeynallı, ailəlidir, 2 övladı var. GIPA-da (Georgian Institute of Public Affairs) jurnalistika üzrə magistr təhsili alır. İnkişafa Doğru Qadın Təşəbbüsləri adlı İB-in və “Duyğu” Sosial Reabilitasiya İB-nin qurucularındandır. Gender problemlərinin mediada işıqlandırılmasında doğru və kompleks yanaşmanın formalaşdırılmasını təklif edir. Cəmiyyətdə müsbət dəyişikliklərin yalnız qadınının proseslərdə aktiv iştirakı ilə mümkün ola biləcəyinə əmindir.
Nüşabə Mehdiyeva (58), Səkinə Əliyeva (39), Minarə Salmanova (29) və Nisə Xəlilova (28)…. Şəkildə gördüyünüz qadınlardan üçü artıq həyatda yoxdur. Onlar mənim, sənin, cəmiyyətin və dövlətin biganə münasibətinin qurbanlarıdır. Bu qadınlar dəfələrlə zorakılığa və işgəncəyə məruz qalmalarına baxmayaraq, müdafiə olunmayan və son nəticədə qətl edilən azərbaycanlı analardır. Onları öldürülmədən öncə tanımırdıq. Ancaq qonşuluğumuzda, qohumlarımız arasında tanıdığımız, döyülən, söyülən, təhqir və işgəncələrə məruz qalan Nüşabələr, Səkinələr, Minarələr, Nisələr hələ də az deyillər. Onlar hər an yuxarıdakı üçlüyün cərgəsinə düşmək üçün potensial namizədlərdir. Bəs biz onları necə müdafiə edə bilərik? Növbəti qurbanların olmaması, ailə faciələrinin yaşanmaması, anasız böyüyən uşaqlar sırasına yenilərinin əlavə olmaması üçün Sən, Mən, Biz NƏ EDƏ BİLƏRİK?
Cərgədə sonuncu foto uşaqlarının gözü qarşısında işgəncəyə məruz qalan Nisə Xəlilovaya məxsusdur. Onun həyat yoldaşı tərəfindən necə dəhşətli fiziki işgəncələrə məruz qalması (saçları qırxılıb, qulağı kəsilib) bir neçə gün TV və onlayn xəbər saytlarında əsəs gündəm mövzusu olaraq qaldı. 9 ilin gəlini Nisə haqqında onlayn mediada gedən xəbərlərdə onun həyat yoldaşı tərəfindən mütəmadi olaraq zorakılıq hərəkətlərinə məruz qaldığı, döyülüb söyüldüyü, atası evinə yola salındığı vurğulanırdı. Yaxınları Nisə Xəlilovanın ailəsini dağıtmamaq, 2 uşağını atasız qoymamaq xətrinə işgəncələrə dözdüyünü qeyd edirdi. Xəbərlərdə diqqəti çəkən vacib məqam işgəncələrə məruz qalan qadının hər hansı əlaqədar dövlət strukturuna və ya QHT-yə müraciət etməməsi idi. Bəs səbəb nə idi? Adı çəkilən strukturların nümayəndələri bu sualı özlərinə verirlərmi?
Digər məsələ, baş verən hadisə ilə bağlı zərərçəkən tərəfin Astara Rayon Polis Şöbəsinə müraciətindən sonra başlanan cinayət işidir. Sevindirici hal olardı ki, ailənin yaxınlarından öncə, Ailə, Qadın və Uşaq Komitəsinin bölgədəki nümayəndəsi məsələyə hüquqi qiymət verərdi, bəyanatla çıxış edərdi, zərərçəkən qadına vəkil tutardı. Komitənin bu məsələdə fəaliyyətinin olub-olmaması haqda fikir söyləmək çətindir. Ortada olan fakt onlayn mediada mövzuya dair yazılan xəbərlərdə komitənin adının hallanmamasıdır. Təəssüflə qeyd etmək istədiyim digər digər hal isə news.milli.az saytının vurğuladığı məqamdır: “Çox təəssüf ki, dəfələrlə müraciətimizə baxmayaraq Astara Rayon Prokurorluğundan başlanan cinayət işi haqda bizə hər hansı açıqlama verilmədi”. Azərbaycan cəmiyyətini sarsan ağır işgəncə hadisəsinin gündəmdən bu cür tez düşməsi, müzakirə olunmaması, hadisənin gedişatı haqda informasiya axınının “polis şöbəsi” yekun məntəqəsində qopması yeni işgəncələrə qapı açmırmı?
Qadına qarşı işgəncə və şiddətin azaldılması istiqamətində medianın rolu son dərəcə gözəçarpandır. Onlayn xəbər saytlarında qarşılaşdığımız “Düzünü de, sənin gəlinin yanında yad adam olanda niyə otağa girib, onu, yaxud gəlinini öldürmədin?” məzmunlu, “Arvadının başını qırxıb, qulağını kəsən ər: ”Elə qadın ölməli idi” başlıqlı xəbərlər sizcə ölümlə nəticələnən yeni zorakılıq hallarına dəvət edə bilərmi?
Gender məsələləri üzrə beynəlxalq məsləhətçi Aysel Vəzirova medianın bəzi hallarda qadınlara qarşı zorakılıq faktlarından “sensasiya”, maraq doğuran, tük ürpədən və oxucuların sayını artıran bir alət olaraq istifadə etdiyini qeyd edir. Eskpert mediada zorakılıq xəbərlərinin sayının artmasının, zorakılıq hallarının oxucunun gözündə adiləşməsinə səbəb ola biləcəyini vurğulayır.
“Bəzən zorakılıq patriarxal gender quruluşunun zəifləməsi, ənənələrin əldən getməsi ilə izah edilir. Halbuki jurnalistlərin əlində 30-50 il bundan öncəki dövrə aid statistik məlumatlar yoxdur. Məhz buna görə elmi əsaslı müqayisə aparıla bilməz. Bəzən də zorakılıq konkret ailədə baş verən akt kimi təqdim edilir, nə ondan əvvəl, nə də ondan sonrakı vəziyyət araşdırılmır. Xüsusi ilə polis məsələyə qarışandan sonra mövzu bağlanır, sanki kitab qapandı. Halbuki zorakılıq bir çox hallarda tək, müstəqil mövcud olan akt deyil, ondan qabaq və ondan sonrakı hadisələr zorakılığı, həmçinin onun davamını mümkün edir. Aysel Vəzirova jurnalistlərə zorakılıqla bağlı gender mütəxəssisləri tərəfindən ümumi təlimlərin verilməsinin zəruriliyini vurğulayır.
“Qadınlara qarşı zorakılığın azaldılmasında media iki funksiya daşıya bilər: 1) araşdırma; 2) problem haqqında əhali arasında ümumi məlumatlılığın artırılması. Üçüncüsü, əlavə funksiyadır ki, bunu xüsusilə vurğulamaq istərdim: zorakılıq qurbanlarına fikirlərini səsləndirməyə imkan vermək.
Media bu barədə geniş məlumat verib, hadisənin gedişatını, polisin, məhkəmənin, QHT-lərin, digər aidiyyati orqanların hadisələrdə rolunu mütəmadi işıqlandırıb, eyni zamanda tək-tük hadisələr arasında oxşarlıqlar varsa, ümumi model mövcuddursa, bu barədə yazmalıdır”.
Hazırkı dövrdə yerli mediada qadına qarşı zorakılıq məzmunlu xəbərlərin sayında ciddi artım müşahidə olunur. Məqalə müəllifinin 2014-cü ilin yanvar-may ayları ərzində Azərbaycan onlayn mediasında yayımlanmış qadına qarşı 8 zorakılıq xəbərinin keyfiyyət və kəmiyyət təhlili aşağıdakı nəticələri ortaya çıxarmışdır:
1) Zorakılığın növü (fiziki, seksual, psixoloji və iqtisadi): 8 fiziki, 1 psixoloji -iqtisadi; 2) Yazıda qeyd olunan şiddət səbəbləri: a) ailə-məişət münaqişəsi -4; b) boşanma -1; c) qısqanclıq, içki, xəyanət-1, d) qaynataya qulluq etməmək, yola getməmək -1; e) qeyd olunmayıb -1; 3) Xəbər başlığı: Diskriminativ -1; Sensasional – 1; 4) Zərərçəkənin ifadəsi -1 (qeyd: ölümlə nəticələnən hallarda zərərçəkənin ifadəsi mümkün olmur. Lakin qurbanlar daha öncə dəfələrlə şiddətə məruz qalmışlar və bu medianın gündəminə düşməmişdir); 5) Əlaqədar təşkilatların gördüyü tədbirlər: Məlumat yoxdur (Qeyd: Polis təşkilatlarının faktla bağlı araşdırma apardığı, bəzi hallarda araşdırmadan çıxan nəticələr əks olunur); 6) Gender üzrə ekspertin rəyi: Heç bir məqalədə rast gəlinməyib; 7) Gender bərabərliyi haqqında bilgilər: Heç bir məqalədə rast gəlinməyib; 8) Cinayətkar a) içki-4; b) narkotik aludəçisidir-3; c) Xəbərdə qeyd olunmayıb – 3; 9) Zorakılıq hadisəsindən öncəki və sonrakı mənzərənin təsviri a) təsvir olunmayıb-4; b) qısa təsvir olunub-3 c) geniş təsvir olunub -1; 10) Zərərçəkənlə cinayətkar arasında əlaqə: a) indiki və ya keçmiş ər – 7; b) ögey oğul-1; 11) Övlad sayı – 13. (qeyd: 2 xəbərdə qeyd olunmayıb); 12) Ölümlə nəticələnən zorakılıq: 4
Xəbərlərdə zərərçəkənlərə dövlət strukturları və əlaqədar ictimai birliklər tərəfindən yardım göstərilməməsi və ya göstərilən yardımın xəbərdə əksini tapmaması faktı xüsusi narahatçılıq doğurur. Qadına qarşı zorakılıq nəticəsində qadın ölümlərinin statistikası və ya daha öncə baş verən oxşar hadisələr xəbərlərdə əksini tapmır.
Onlayn mediada gözdən daim yayınan digər məsələ isə qadın-kişi bərabərliyinin müzakirəyə çıxarılmaması və ya çox nadir hallarda müzakirəsidir. Qadın-kişi bərabərliyi prinsipinin unudulması qadına qarşı şiddət hallarının təməlini təşkil etsə də təəssüf ki, media gündəmində qabardılmayan mövzulardandır.
Xəbərlərdə sosial işçilərin və ya gender üzrə ekspertlərin rəylərinin qıtlığı də xüsusi gözə çarpır. Sektorda olan bütün qurumların jurnalistlərlə əlaqələrini gücləndirməsi dəyişiklərə doğru atılan addım olacaq. Zorakılıq xəbərləri məzmunca daha miqyaslı və faydalı olacaqdır. Jurnalistlərlə birgə fəaliyyət gender əsaslı şiddətin şahidlərin dediyinə dayanan və dəqiq formada oxucuya çatdırılmasına, qadına şiddət əleyhinə və gender bərabərliyinə səsləyən açıq mesajların ötürülməsinə xidmət edəcəkdir.
Yaxın partnyor tərəfindən şiddətə məruz qalma, cinsi əlaqəyə məcbur edilmə və təhqir edilmə dünya üzrə qadınların ən çox üzləşdiyi zorakılıq hallarıdır. Aparılan müxtəlif araşdırmalar, qətlə yetirilən qadınların yarısının hazırkı və ya keçmiş ərləri, yaxın partnyorları tərəfindən öldürüldüyünü ortaya çıxarmışdır.
Gender məsələləri eksperti Aysel Vəzirova isə hesab edir ki, şiddətə məruz qalan qadınların polisə müraciət etməməsinin ənənələr və psixologiya kimi səbəbləri olsa da əsas səbəb ölkədə zorakılıq qurbanları ilə institusional səviyyədə işləyən hökümət və qeyri-hökümət təkilatlarının əlaqələndirilmiş dəstək sisteminin olmamasıdır.
Aysel xanım Ailə, Qadın və Uşaq Komitsənini bütün rayonlarda nümayəndəliklərinin olduğunu da vurğuladı. “Nümayəndəliklər var və kömək etməyə çalışırlar, müraciətlər də olur. Sadəcə, təkrar etmək istəyirəm ki, əlaqələndirilmiş sistem olmayanda, bu sistem institusional səviyyədə fəaliyyət göstərməyəndə, komitə işçilərinin işi də çox çətinləşir”.
Yekun olaraq, qadına qarşı zorakılıq hallarının minimuma endirilməsi üçün əlaqədar qurumların (polis, uşaq, qadın, insan hüquqları təşkilatları) media ilə birgə işləməsinin, zorakılıqla mübarizədə vahid şəbəkənin yaranmasının həyati vacibliyi bir daha gündəmə gəlir.
Yazı Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC) və D.Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətindən ibarət Koalisiya tərəfindən icra edilən və ABŞ Beynəlxalq İnkişaf Agentliyi tərəfindən maliyyələşən Counterpart İnternationalın rəhbərlik etdiyi Qadın İştirakçılığı Proqramı çərçivəsində keçirilən «CEDAW ƏMƏLDƏ» adlı layihəsi üçün hazırlanıb.