Deyirdilər, Almaniya dağılır, çökürp, deqradasiyaya məruz qalıb. AzTV bu sözləri sübut edən süjetlər göstərirdi. Düsseldorf tərəfdə gördükləri zibil qalağını, Frankfurtda işləməyən liftləri göstərirdilər.
Hökumət qəzetləri Almaniyanın baş naziri Angel Merkelin fotosunu Hitlerin fotosuyla qoşa qoyur, palaz-palaz anti-Almaniya məzmunlu yazılar verirdilər.
Heç soyuq müharibə dövründə də belə olmamışdı. Rəsmi Bakı AFR-ə cəbhə açmışdı.
Arada hökumətə yarınmaq istəyənlərdən bir neçəsi Almaniyada istehsal olunan məhsullardan kütləvi şəkildə imtina etmək təşəbbüsü səsləndirmişdi.
Ancaq ona fikir verən olmadı. Onda deputatlar hələ təzə-təzə son model “Mersedes- S klass” minirdilər, durub imtina edəsi deyildilər. Onda gərək müayinə-müalicə, eləcə də əməliyyat üçün Almaniyadakı klinikaya da getməyəydilər.
Bu sərf eləmirdi. Almaniya pis idi, amma məhsulları yaxşıydı. Almaniya bərbad olub gedirdi, amma klinikaları abad, müasir, faydalı idi.
Almaniyanın iqtisadiyyatı çökürdü, amma yol polisləri üçün “BMW”-lər, “Volksvagen -Passat”lar, deputatlar üçün “Mersedes”lər bu ölkədən gətirilirdi.
Bütün bu həngamə ondan ötrüydü ki, Almaniyanın xarici işlər naziri Giedo Vestervelle Azərbaycanda insan haqlarının durumu ilə bağlı yaxşı-yaman danışmışdı, siyasi fəalların təqib olunmasına qarşı çıxmışdı.
Beləliklə, cənab nazir özünü də, ölkəsini də rəsmi Bakının topunun ağzına qoymuşdu.
Bizimkilər naziri ağ yuyub, qara sərirdilər, “cinsi azlıqların nümayəndəsidir” deyirdilər.
Arada fürsət bu fürsətdir deyə Azərbaycanın futbol üzrə milli yığma komandasının almaniyalı baş məşqçisi Berti Foqtsun torbasını tikməyə cəhd göstərənlər də oldu.
Doğrudan da, əgər biz Almaniya ilə düşmən olmuşuqsa, onda nəyə görə milli komandamızın başında “düşmən alman”ların təmsilçisi olmalıdır? Burda səlis məntiq vardı.
Amma “avtomobil məsələsi”ndə olduğu kimi, bu məsələ də qeyri-səlis məntiqlə həll olundu, “bütün almanlar bir tərəfə, Foqts bir tərəfə” qənaəti üstün gəldi və Foqts sona qədər, milli komandamız biabırçı hesablarla uduzanadək komandanın başında qaldı.
Bunun Almaniyanın siyasi rəhbərliyinə dəxli yox idi. Hökumətyanlı funksionerlər sosial şəbəkədə biri Merkelin cavanlığına oxşayan iki qadının çılpaq şəkillərini yayırdılar, biabırçı şərhlər yazırdılar.
Almaniya-Azərbaycan savaşına kənardan baxan deyərdi ki, qurtardı, bu iki dövlətin münasibətləri bir daha düzəlməyəcək. Əgər diplomatik münasibətləri dayandırmaq barədə qərarlar qəbul olunsaydı, ictimaiyyət bunu anlayışla qarşılayacaqdı. Çünki ictimai rəy hazır hala gətirilmişdi.
Sonradan savaş səngidi, məlum oldu ki, əslində, hücum birtərəfliymiş, Almaniya tərəfinin öz başqa dərd-səri varmış. Bizimkilər hücumu dayandıranda avtomatik olaraq atəşkəs rejimi bərqərar oldu.
Budur, Azərbaycanın dövlət başçısı bu günlərdə Almaniyaya gedib və vəziyyət dəyişib. İndi hökumət mediasında “Bakı Berlin divarını aşdı” başlıqları gözə dəyir.
Bir zamanlar ölkəmizdə çılpaq şəkilləri yayılan Merkel Azərbaycan prezidenti ilə görüşdə ikitərəfli münasibətlərin perspektivlərindən, Almaniyanın Azərbaycanla əməkdaşlığının genişləndirilməsində maraqlı olduğundan danışıb.
Xanım kansler ölkəmizin Avropanın enerji təminatının şaxələndirilməsində, nəhəng enerji layihələrinin həyata keçirilməsində mühüm rol oynadığını bildirib.
Bir sözlə, belə anlaşılır ki, Azərbaycan-Almaniya savaşı artıq bitib. Hətta dostluq başlayır, Almaniyanın yeni şirkətləri “ölkəmizdə infrastruktur layihələrinin icrasında iştirak etməkdə maraqlı” imişlər.
Olsun, daha da yaxşı olsun, istəməyənlər də kor olsun.
Ancaq bəs o nəydi? Axırda belə olacaqdısa, cənab Vestervellenin adlarını çəkib müdafiə etdiyi siyasi fəallar niyə tutuldu? O vaxt onları təqib edirdilərsə, daha təqib etmirlər, birbaşa tutub içəri qoyublar.
Almaniya hökuməti Azərbaycan hakimiyyəti ilə belə dost-qardaş olacaqdısa, o zaman o nə tənqid, nə etiraz idi? Həmin tənqidlərə, etirazlara səbəb olan durum indi birə-beş ağırlaşıb axı.
Rəsmi Bakı Berlin divarını aşacaq, başdan oturacaqdısa, Merkelin çılpaq fotolarını yaymaq nəyə lazım idi? Heç cür anlamadıq.
Yəqin ki, “dövlətlərin əbədi düşməni olmur, əbədi mənafeyi olur” məsələsi budur.