Milli Məclisdə fəal və təşəbbüskar deputatların sayı əslində elə də çox deyil. Nəinki il uzunu, hətta bütöv deputatlıq müddəti boyunca inadla susan, necə deyərlər, bizi – seçicilərini səsinə tamarzı qoyan onlarla deputatın adını birnəfəsə saya bilərik.
Amma fəal deputatlarımız da var. Demək olar ki, hər iclasda özünün və seçicilərinin fikirlərini dilə gətirən, müzakirəyə çıxarılmış məsələlərə dair təkliflərini verən millət vəkilləri də az deyil. Bu mənada millət vəkili Elmira Axundovanın xüsusi təqdimata ehtiyacı yoxdur.
Xanım deputat virtualaz.org saytına müsahibəsində Milli Məclisdəki 9 illik fəaliyyəti, builki parlament seçkilərində iştirak edib-etməyəcəyi barədə fikirlərini bölüşüb.
-Elmira xanım, III və IV çağırış üzrə Milli Məclisin deputatı seçilmisiniz. Artıq 9 ildən çoxdur parlamentin üzvüsünüz. Fəaliyyətinizə necə qiymət verərdiniz?
– 9 il ərzində seçildiyim bölgədə aktiv fəaliyyət göstərmişəm. 2005-ci ildə Masallıda 71-ci dairədən ilk dəfə deputat seçiləndə bir məktəb, mama-feldşer məntəqəsi belə təmir edilməmişdi. Yollar bərbad vəziyyətdə idi. Bu 9 ildə ölkə başçısının göstərişi, icra hakimiyyətinin iştirakı ilə rayonda xeyli iş görmüşük. Xoşbəxtliyim ondadır ki, fəaliyyət dövrüm ölkəmizin inkişaf dövrü ilə üst-üstə düşdü. Bu illərdə regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlar həyata keçirildi və bu iş davam etdirilir.
Təvazökarlıqdan uzaq olsa da deyim ki, rayonda görülən bir çox işlər həm də mənim aktivliyimə bağlıdır. Məsələn, 2006-cı ildə keçmiş təhsil naziri Misir Mərdanov mənim xahişimlə Boradigah qəsəbəsində – doğma kəndimdə böyük bir məktəbi təmir etdirdi. Misir Mərdanov mənim xahişimlə Hişkədərə kəndinə də baş çəkdi. Bu ziyalılar kəndinin qəzalı vəziyyətdə olan məktəbinin təmiri planda yox idi. Misir müəllimi inandırdım ki, həmin kəndə getmək lazımdır. O, məktəbin vəziyyətini görəndən sonra onun əsaslı təmirinə göstəriş verdi. Bizim dairəmizə daxil olan məktəblərin əksəriyyəti ya yenidən tikilib, ya da əsaslı təmir olunub.
Boradigah qəsəbəsində idman mərkəzinin tikilməsi təşəbbüsü ilə çıxış etdim. Rayon mərkəzlərində olimpiya kompleksləri olsa da bir sıra kəndlərdən uzaq idi. Bizim kəndlərin idmanla məşğul olmaq istəyən gəncləri rayon mərkəzinə gedə bilmirdi. Bir neçə dəfə baş nazirin və gənclər və idman nazirinin qəbulunda olaraq bu məsələni onların nəzərinə çatdırdım. Nəhayət, 2013-cü ildə Boradigahda idman mərkəzinin açılışı oldu.
2014-cü ilin dekabr ayında seçicilərlə görüşə gedirdim. Şəxsən səhiyyə naziri Oqtay Şirəliyev zəng edib dedi ki, dekabrın 5-də sənin iki xəstəxanan açılacaq. Nazir “sənin xəstəxanan” deyəndə güldü. Çünki mən Kalinovka və Boradigah xəstəxanalarının tikilməsi üçün Səhiyyə Nazirliyinə dəfələrlə müraciət etmiş, Milli Məclisin plenar iclaslarında bu məsələləri qaldırmışdım. Rayon mərkəzində xəstəxana olduğuna görə adıçəkilən xəstəxanaların bağlanmaq təhlükəsi var idi. Amma mən uzun cəhdlərdən sonra icra başçısı və səhiyyə nazirini o xəstəxanaların təmir edilməsinin vacibliyinə inandıra bildim.
Mollaoba kəndində orta məktəbə idman korpusu da tikməyə nail olduq. Həm şəxsi vəsaitim, həm nazirliyin, həm də keçmiş icra başçısının dəstəyi ilə bu işin öhdəsindən gəldik.
Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri dövründə Masallıda əlillərin maşınla təmin olunmasında problem yaranmışdı. Böyük Vətən Müharibəsi iştirakçıları uzun illər növbələrdə dursalar da maşınları ala bilmirdi. Masallıda əsasən Qarabağ əlillərinə maşın verilirdi. Prezident İlham Əliyev rayonumuza səfər edəndə cürət edib dedim ki, bəs, cənab prezident, bizə maşın vermirlər. Prezident də soruşdu ki, necə yəni maşın vermirlər. Füzuli müəllim dedi ki, veririk. Mən isə bildirdim ki, tələbatdan az verirsiniz. Üzümü cənab prezidentə tutub xahiş etdim ki, bizə maşın verin. Nəticədə cənab prezidentin göstərişi ilə bizə 11 maşın verdilər. Demək olar ki, bütün müharibə iştirakçıları maşın aldılar.
Ümumiyyətlə, prezident biz deputatların təkliflərinə çox müsbət yanaşır. Ölkə başçısı rayona gələrkən icra başçısı Rafil Hüseynovla birgə ondan xahiş etdik ki, rayonda bir kollecin tikilməsinə şərait yaradılsın. Rayonumuz turizm bölgəsidir. Burada turizm ixtisası üzrə bir kollecin açılması təklifimiz də ölkə başçısı tərəfindən qəbul edildi. Artıq bu kolleci açmışıq. İdman və gənclər mərkəzinin tikintisinə də nail olmuşuq.
Demirəm ki, bu işləri mən görmüşəm, amma inanın ki, onların görülməsi, bir məsələnin həll edilməsi üçün nazirliklərə dəfələrlə müraciət edirəm. İcra hakimiyyəti ilə birgə çalışıram. Misir Mərdanovun dövründə bəziləri ona deyirdilər ki, Elmira Axundovanın dairəsində iki məktəbi birdən tikmisiniz. Misir müəllim də cavab verirdi ki, siz müraciət etmirsiniz, amma Elmira xanım tez-tez müraciət edir, ayda bir dəfə bu iş üçün kabinetimə gəlir.
-Masallıya gedəndə seçicilərlə əsasən harada görüşürsünüz? Ofisiniz varmı? İldə neçə görüş keçirirsiniz?
-Əsasən Bədəlan kəndində görüşürəm. Bu, mənim seçki dairəmin mərkəzidir. Amma sonra gördüm ki, insanlar kəndlərdən Bədəlana gəlmək istəmir. Son iki ildə özüm kəndlərə gedib orada görüşürəm ki, istəyən hər kəs qəbula gələ bilsin.
2013-cü ildə 30-dan çox qəbul və görüş keçirmişəm. Həmçinin 2014-cü ildə də. Novruz, Yeni il və Qurban bayramlarında imkansız ailələrə maddi yardım göstərməyə çalışırıq.
– Seçicilərinizin əsas şikayəti nədəndir? Bu problemlərin həlli üçün nələr edirsiniz?
– Seçicilərin problem və təkliflərini Milli Məclisin plenar iclaslarında daim qaldırıram. Təkcə 2014-cü ildə Milli Məclisdə 40-dan çox çıxışım olub. Seçicilərim diabet xəstələrinin dərmanla təmin olunması problemini tez-tez qaldırır. Dəfələrlə məsələ qaldırmışam ki, diabet xəstələri dövlət tərəfindən pulsuz dərmanla daha yaxşı təmin olunsun. İşsizlik problemi də var. Ali təhsilli şəxslər müraciət edəndə onlara dövlət qulluğunda çalışmağı tövsiyə edirik və bunun yollarını izah edirik. Onlardan bəziləri dövlət qulluğuna imtahan verib, artıq işlə də təmin olunublar. Orta təhsillilərə isə çox kömək edə bilmirik. Onlara rayondakı mebel, kərpic və s. zavodlarda fəhləlik təklif edilir. Lakin onlar çox vaxt fəhləlik etmək istəmir. Yaxşı olardı ki, texniki-peşə məktəblərin sayı və səviyyəsi genişlənsin və belə insanlar lazımlı bir peşəyə yiyələnsinlər.
-Vətəndaşlarla görüşlərdə fərdi şikayətləri, problemləri dinlədiyinizi dediniz. Bəs ümumi şikayətlər nələrdir? Kənd və qəsəbələrdə yol, qaz, işıqla bağlı şikayətlər də çoxdurmu?
– Bu cür ümumi şikayətlərlə bağlı deyə bilərəm ki, əvvəllər rayonumuzda qaz, işıq, su məsələləri ilə bağlı problemlər olsa da artıq bu məsələlər öz həllini tapır. Lakin indi də bəzi sakinlərin bununla bağlı şikayəti var. Məsələ burasındadır ki, bəzi kəndlərə dövlət hesabına qaz çəkilir, lakin bir neçə ildən sonra kənddə yeni məhəllə salınır. Bu məhəllə layihədə olmadığından onların öz hesabına texniki şərt alıb qaz çəkdirməsi tələb olunur. Ona görə bəzən narazılıqlar yaranır, çünki bu insanların maddi vəziyyəti öz hesabına qaz çəkməyə imkan vermir. Qazla bağlı digər şikayət sayğacla əlaqədardır. Sakinlər şikayət edirlər ki, onlara 300-400 manat məbləğində köhnə borclar gəlir. Bununla bağlı “Azəriqaz”a müraciət etmişəm. Sağ olsunlar, bir neçə məsələnin həllində kömək ediblər. Bəzən sakinlər qaz pulunu ödəyə bilmir. İmkan daxilində onlara da dəstək olmağa çalışırıq.
Dairəmdə yerləşən Kalinovka, Qızılağac, Öncəqala, Hüseynhacılı və bir neçə başqa kəndlər hələlik qazla təchiz olunmayıb. Bu kəndlərin sakinlərinin də təklifi ümumi şikayətlər sırasındadır. ARDNŞ prezidenti cənab Rövnəq Abdullayevə və müvafiq qurumlara dəfələrlə müraciət etmişik. Söz veriblər ki, 2015-ci ildə bu işlər yekunlaşdırılacaq.
Ünvanlı sosial yardımlarla da bağlı şikayətlər çox olur. Nə qədər çalışılsa da, nə qədər qayda-qanun yaradılsa da bu sahədə hələ ki, problemlər qalmaqdadır. Və qəribə görünsə də problemin kökündə bəzən vətəndaşın bu məsələyə düzgün olmayan yanaşması durur. Vətəndaş şikayət edir ki, bir il sosial yardım alıb, amma indi ala bilmir. Onlara başa salmağa çalışıram ki, bu müavinət ömürlük verilmir. Bəlkə bu müavinəti alan şəxsin və ya ailənin maddi vəziyyəti sonradan yaxşılaşıb, ona bu yardımın verilməsinə ehtiyac qalmayıb. Bununla bağlı Milli Məclisin plenar iclasında təklif verdim ki, ünvanlı sosial yardımın mahiyyəti dəyişdirilsin. Vətəndaşa hər hansı yardım konkret layihə üzrə, faizsiz kredit şəklində verilsin. Məsələn, torpağı əkib-becərmək istəyən şəxsə toxum, gübrə, heyvandarlıqla məşğul olmaq istəyənə bir illik yemi ilə birgə iri və ya xırdabuynuzlu mal-qara verilsin. Çalışmalıyıq ki, 2-3 il sonra həmin ailələr yoxsulluq həddindən çıxsın və bir daha bu yardıma ehtiyac duymasın.
Ünvanlı sosial yardımların götürülməsi və uşaq pullarının verilməsi ilə bağlı təkliflər də var. Çoxuşaqlı ailələrin hamısı bunu istəyir.
Məktəblərin təmirinə dair şikayətlər də var. Sakinlər məktəblərinin təmir olunmasını istəyir. Baxmayaraq ki, dairəmin əksər kəndlərində bu problem artıq öz həllini tapıb. Ümumən isə Masallı sosial problemlərin həllində birincilər sırasındadır.
Rayonumuzda turizmin inkişafına da böyük imkanlar var. Lakin müasir tipli otellər, istirahət mərkəzləri çox azdır. Təəssüf ki, mövcud otellər müasir standartlara cavab vermir. Bu da böyük problemlərdəndir.
Amma bir şeyi də deyim. Problem hər zaman var. Nə qədər ki inkişaf var, problemlər də olacaq. Onlar inkişaf prosesinin doğurduğu problemlərdir.
– Bəzən seçicilərin problemlərinin həlli zamanı icra hakimiyyəti ilə, yerli məmurlarla bölgənin deputatları arasında münaqişə yaranır. Sizdə necə, belə sıxıntı varmı?
– Deputat olduğun dönəmdə üç icra başçısı ilə işləmişəm. Lakin heç biri ilə ciddi problem yaşamamışam. Əvvəlki icra başçımız Qəzənfər Ağayevlə çalışarkən əməkdaşlığımız sayəsində böyük işlərin öhdəsindən gəlmişik. Planda olmayan körpülər, məktəblər, ATS binaları, feldşer-mama məntəqələri tikilib. Çalışıram ki, icra başçıları ilə sıx əməkdaşlıq edim. Çünki onlar rayonda birinci şəxslərdir və onların dəstəyi ilə hər işi görmək olar. İcra başçısı rayona cavabdeh olan şəxsdir, bütün vəsait onlardadır. Seçicilərimə görə çalışıram həm icra başçıları, həm də nazirlərlə sıx münasibət qurum. Əvvəllər hansısa problemin aradan qaldırılmasına çalışanda bəzən sərt etiraz edərək onun daha tez həllinə cəhd göstərirdim. Amma sonra gördüm ki, bu, çıxış yolu deyil və seçicilərimə ziyan vura bilər. Çalışıram ki, indi şikayət etməyim, təkliflər verim. Əvvəl bəzi məsələləri sərt tənqidlə gündəmə gətirirdim. Sonra mənə bəziləri dostcasına məsləhət verdilər: Elmira xanım, siz jurnalistliyinizi unudun, dövlət qurumlarının rəhbərləri ilə yaxşı münasibət saxlayın, iradlarınızı isə təklif formasında səsləndirin. Mən də bunu qavradım. Anladım ki, insanlar inciyə bilər. Ola bilər, hansısa bir məmur rayonda çox iş görür, amma bir sahədə uğursuzluq da yaşaya bilər. Bu, o demək deyil ki, o, pis işləyir.
– Deputat fəaliyyətiniz dövründə gördüyünüz işlərdən razısınızmı?
– Gördüyüm işlərdən, fəaliyyətimdən razıyam. Təvazökarlıqdan uzaq olsa da deyim ki, insanlar da məndən razıdır. Seçicilərimlə çox yaxşı münasibətim var.
– Rayon məlum. Bəs ölkə miqyasında hansı məsələləri müzakirəyə çıxarmısınız, təkliflər vermisiniz?
– 2014 ildə də bir çox ictimai məsələlərlə bağlı təkliflər vermişəm. Məsələn: Bakıda tikilən obyektlərdə tikinti normalarına əməl olunmaması, sel və daşqınlar zamanı evi dağılan vətəndaşların evlə təmin olunması, imkansız və tənha insanlara ev və ya yardım verilməsi ilə bağlı da çıxışlarım olub. Artur Rəsizadəyə müraciət edərək təklif etmişəm ki, icra hakimiyyətlərində tənha və imkansız ailələrin problemlərinin həll edilməsi üçün fondlar yaradılsın. Belə insanlar Masallıda və digər bölgələrdə var. Onlara yardım göstərilməlidir.
Texniki peşə məktəblərinin vəziyyəti ilə bağlı da çıxışım olub. Təklif etmişəm ki, peşə məktəbləri ilə əlaqədar Dövlət Proqramı hazırlansın və bu sahə müasir standartlara uyğun təzədən qurulsun. Bizim rayonda bir texniki-peşə məktəbi var, amma vəziyyəti çox acınacaqlıdır.
“Avro-4” standartına keçməyimizlə bağlı təklif etmişəm ki, vətəndaşlardan köhnə maşınlar alınsın və güzəştli kreditlərlə yeni maşınlar verilsin. Yaxud telefonlara gün ərzində mobil operatorlardan bezdirici mesajların gəlməsi ilə bağlı tənqidi çıxışım olub. Bu yersiz mesajlar adamı bezdirir. Bu çıxışımdan sonra rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov dedi ki, 2015-ci ildə bu xidmətlər müqavilə əsasında olacaq.
Ekologiyanın qorunması sahəsində işlərin görülməsində maraqlıyam. Bizim rayonda çayların təmizlənməsi ilə bağlı problem var. “Meliorasiya və Su Təsərrüfatı” ASC-dən xahiş etmişəm ki, onlar təmizlənsin. Qanunsuz zibilxanaların ləğvi ilə bağlı da təşəbbüsüm olub. Mərdəkan, Şüvəlan, Buzovna və digər yerlərdə qarşıma çıxan zibilliklərin şəklini çəkirəm. Bununla bağlı çoxsaylı şikayətlərim olub. Fürsətdən istifadə edərək bu məsələlərə dərhal reaksiya verdiyi üçün Xəzər Rayon İcra Hakimiyyətinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təşəkkür edirəm. Bundan başqa həkim və müəllimlərin maaşının artırılması, doğuşdan sonra birdəfəlik müavinətlərin verilməsi və 3 yaşadək qulluğa görə analara verilən müavinətlər məsələsi kimi təkliflərlə Milli Məclisin plenar iclaslarında çıxışlarım olub. Sevindirici haldır ki, cənab prezidentin sərəncamı ilə müavinətin məbləği 50 manatdan 100 manata qalxıb.
Virtualaz.org
– Əyalətdəki inkişafdan danışırsınız. Amma son yaddaqalan açıqlamalarınızdan biri “əyalət cəhalət içindədir” oldu. Sizcə, niyə belədir? Əyalət niyə cəhalət içindədir?
– Həmin çıxışımda insanların mənəvi durumu, cəmiyyətdə aqressivliyin artması, gənclərin pis vərdişlərə aludəçiliyi ilə bağlı narahatçılığımı bildirmişdim, sosial roliklərin hazırlanmasını təklif etmişdim. Bunun üçün Təhsil Nazirliyinə, Mədəniyyət və Turizm Nazirliyinə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə pul ayrılmalıdır. Televiziyalar özü bunu etməyəcək, çünki onlar bunun üçün vəsait nəzərdə tutmur. Məişət zorakılığına qarşı kiçik filmlər çəkilməlidir. Məktəblərə getmək lazımdır, müəllim və şagirdlərlə görüşlər keçirilməlidir. Bir sözlə, biz ziyalılar əyalətə üz tutmalıyıq. Əfv Komissiyasının son iclasında 300-dək ərizəyə baxıldı. Onlardan 200-ü məişət zorakılığı ilə bağlı idi. Bununla hara gedirik?! Bu problemin həllində ən böyük iş KİV-in üzərinə düşür. KİV-lər bu cür xəbərləri verir, lakin hadisə baş verəndən sonra. Bunun səbəbini, problemin həlli yollarını axtarmalıyıq. Əsas səbəbsə ümumi savadsızlıqdır. Cavanlar var ki, oxumağı belə bacarmır. İnternet zehni korlayıb, ümumi mədəniyyət həddən artıq aşağı düşüb. Bu, Qərbdən bizə gələn böyük bir təhlükədir. Bunu başa düşməliyik.
Bundan savayı, cəmiyyətdə çox böyük təbəqələşmə gedir. Sovet dövründə hamımız eyni səviyyədə yaşayırdıq. İndi isə belə deyil. Varlılar var, kasıblar var. Cavanlar isə hər şeyi birdən istəyir. Məsələn, gənclər gəlir yanımıza, heç nə bacarmır, orta təhsili belə bitirməyib. Ancaq rahat iş və 800-1000 manat maaş istəyirlər. Onlara başa salıram ki, 20 ildən çoxdur işləyirəm, amma indi-indi 1000 manat maaş alıram, sən necə birdən-birə bu qədər maaş istəyə bilərsən. Mən 70 manat maaşla işləməyə başlamışam. Muzeydə işləyəndə 70 manat alırdım. Yavaş-yavaş maaşım qalxdı.
Gənclərimizdə aqressivlik həddən artıq artıb. Bunun səbəbinin 50 faizi sosial problemlərlə bağlıdırsa, 50 faizi də yad təsirlərlə – internet, televiziya, zorakılığı təbliğ edən filmlərlə əlaqədardır. Biz isə bununla bağlı heç nə etmirik. Düzdür, bu tendesiya, yalnız Azərbaycanda yox, bütün dünyada mövcuddur. Biz hal-hazırda XXI əsrə əsla yaraşmayan ibtidai təfəkkür və qəddarlıqla üzləşirik. Və məni uşaqlarımızın gələcəyi ciddi narahat edir.
Seçicilərlə görüşdə azyaşlıların ərə verilməsi ilə bağlı da çıxışlarımız olur. Etiraf edək ki, regionlarda azyaşlıların ərə verilməsi ilə bağlı ciddi problemlər var. Elə öz qohumlarım arasında da erkən nikaha qarşı mübarizə aparıram. Məsələn, əmim qızı öz qardaşı qızını aldı. Deyirəm siz nə edirsiniz, biz buna qarşı mübarizə aparırıq. Gülə-gülə cavab verir ki, qəşəng qızdır, gedib başqasına qismət olsun. Bu cür təfəkkürü heç cür başa düşmək olmur.
– Erkən nikahın qarşısını necə almaq olar?
– Nikah haqda şəhadətnamə olmadan kəbin kəsilməməlidir. Artıq 18 yaşadək buna icazə verilmir. Əsas məsələ din xadimlərinin üzərinə düşür. Bildiyim qədər Şeyxülsilam Hacı Allahşükür Paşazadə artıq bununla bağlı din xadimlərinə tapşırıq verib ki, nikah haqqında şəhadətnamə olmadan kəbin kəsilməsin. Bundan sonra erkən nikahlar azalıb. Amma təəssüf ki, qız qaçırma halları hələ də var. Bununla da ailələr məcbur olub qızlarını tez ərə verir.
– Milli Məclisdə qaldırdığınız məsələlər əsasən sosial problemlərlə bağlı olur…
-Bəli, elədir. Çünki böyük siyasi məsələlərə qarışmıram. Axı bu məsələləri məndən daha yaxşı bilən insanlar var. Məsələn, biri İrandan, biri Rusiyadan danışır. Mənsə siyasi məsələlərə əsasən qarışmıram. Mənim üçün sosial məsələlər öndədir, önəmli olan insanların yaşayışıdır. Pensiya qalxır, ünvanlı sosial yardım verilməsində rüşvətxorluğun qarşısı alınır, məktəblər açılır – mən bunlara sevinirəm.
– Milli Məclisin iclaslarının birində mətbuatda dərc olunan “lal deputatlar”ın siyahısı müzakirə olundu. Bəzi deputatlar siyahıya fəaliyyətsizliyinə görə salınmışdı. Həmkarlarınız haqda belə bir siyahının hazırlanmasını, bəzi deputatların fəaliyyətsizliyini necə qiymətləndirirsiniz?
– Əslində hansısa həmkarımın fəaliyyəti ilə bağlı fikir bildirməyim düzgün olmaz. Çünki hər kəs özünə cavabdehdir. Bəzən həmkarlarım mənə hətta irad tutur. Deyirlər, ay Elmira xanım, çox çıxış edirsiniz, bizsə evə tələsirik (gülür). Çıxış etməyənlərin, iclaslara gəlməyənlərin yəqin ki, öz səbəbləri var. Lakin belələrinə bəraət də qazandıra bilmirəm. Çünki onlar deputatdır və öz təkliflərini verməlidir, seçicilərinin hüquqlarını açıq şəkildə müdafiə etməlidirlər. İnsafla desək, belə deputatlar bizdə çox azdır. Əksəriyyəti, plenar iclaslarda aktiv olmasalar da vətəndaşların problemlərinin həllində böyük işlər görürlər.
– Deputatlar tənqidi fikir səsləndirməkdən də çəkinir. Arada belə çıxışlar olanda hər kəs təəccüblənir…
– Konstruktiv tənqid mütləq olmalıdır. Mən Heydər Əliyevin araşdırmaçısıyam. Jurnalistika fəaliyyətimdə də onunla təmasda olmuşam, haqqında müxtəlif əsərlər yazmışam. Heydər Əliyev həmişə deyirdi ki, “çatışmazlıqları görmək uğura aparan ən qısa yoldur”. Heydər Əliyevdən soruşurdular ki, siz niyə bu qədər uğurları qoyub tənqidi fikirlər səsləndirirsiniz. O da bildirirdi ki, uğur uğurdur və bu, artıq olub, gəlin həll olunmayan məsələləri tapaq. Mən ulu öndərin vəsiyyəti ilə işləyən insanam.
– Növbəti parlament seçkiləri ilə bağlı hazırlıq işləri nəzərdə tutulubmu? Seçki kampaniyasına nə vaxt başlayacaqsınız?
– Bu barədə hələ ki, düşünmürəm. Mənim hazırlığım seçicilərimlə görüşlərim, onların problemlərinin həllidir. Təbliğat aparmağa, reklama xüsusi ehtiyacım yoxdur. İlk dəfə seçildiyim 2005-ci ildə çətin idi, çünki bölgədə məni o qədər də tanımırdılar. Amma indi mənim üçün heç bir çətinlik yoxdur.
– Bəs növbəti seçkilərdə iştirakla bağlı qəti qərarınız varmı?
– Hələ qərar verməmişəm. Ancaq bilirəm ki, qərar versəm, elə də çətinlik olmayacaq. Xalqın gözü tərəzidir və o, yaxşıya qiymət verməyi bacarır.