Fransanın “BNP Paribas” bankının və “Capital Economics”in analitikləri Azərbaycan da daxil olmaqla bəzi inkişaf etməkdə olan ölkələrə dair bədbin proqnozla çıxış ediblər.
Virtualaz.org saytı “Röyter”ə istinadən xəbər verir ki, analitiklərin proqnozlarına görə, 2015-ci ildə Qazaxıstan, Azərbaycan, Rusiya, Bolqarıstan, Cənubi Afrika Respublikası və Türkiyə suveren investisiya reytinqlərini itirə bilərlər.
“Bu yaxınlara qədər inkişaf etməkdə olan bazarlarda üfüqlər aydın idi, yeni “ulduzların” investor portofilosunda potensiala malik idi. İndi isə siyasi çaxnaşmalar və bazarların məhdudlaşdırılması fonunda səma potensial olaraq düşmə riski yaşayan mələklərlə doludur”– deyə “BNP Paribas” bankının inkişaf etməkdə olan ölkələr üzrə araşdırma bölməsinin rəhbəri Devid Spegel vəziyyəti obrazlı şəkildə şərh edib.
Analitik “Röyter”ə müsahibəsində bu proqnozunu geosiyasi vəziyyət, neftin və digər xammalın qiymətlərinin aşağı olması, dolların mövqeyinin durmadan möhkəmlənməsi ilə əsaslandırıb. Onun fikrincə, bu amillər sözügedən ölkələrdən pul axınına səbəb ola bilər.
“Capital Economics”dən Uilyam Cekson isə hesab edir ki, artım dövründə aktivlərin qiyməti əhəmiyyətli şəkildə arta bilər, ancaq hətta cəmi bir xarici şok nəticəsində bu bazarlardan kapitalın qaçması riski var.
“BNP Paribas” analitiklərinin qənaətinə görə, əgər neftin qiymətləri 50-60 dollar arasında qalarsa, Rusiyanın investisiya reytinqi bu il Ba1/BB+, gələn il isə Ba2/BB səviyyəsinə qədər azaldıla bilər.
Qeyd edək ki, 2014-cü ildə nüfuzlu beynəlxalq reytinq agentliklərindən “Standard&Poor`s” Azərbaycanın suveren reytinqini yenidən “BBB-/A-3” səviyyəsində təsdiqləyib. Ən aşağı dərəcəli investisiya kateqoriyasına aid olan uzunmüddətli və qısamüddətli kredit reytinqləri üzrə proqnoz “sabit” kimi göstərilib.
“Standard&Poor`s”un hesabatında qeyd olunub ki, suveren reytinqin təsdiqlənməsi xarici kreditor kimi hökumətin mövqeyinin möhkəmləndiyini əks etdirir. Ekspertlərin fikrincə, bu amil maliyyə çətinliyi yaranacağı təqdirdə Azərbaycana “təhlükəsizlik yastığı” effektini təmin edə bilər. Hesabatda xüsusilə vurğulanır ki, ölkəmizdə ÜDM artımı 2009-cu ildən ilk dəfə olaraq illik 5,8 faizə çatdırılıb. “Standard&Poor`s”un təhlilçiləri Azərbaycanda ortamüddətli gələcəkdə ÜDM artım göstəricisini 4 faizdən aşağı görmürlər.
Agentlik neft hasilatı həcminin hazırkı səviyyəsinin 2017-ci ilədək sabit qalmasını və 2018-ci ildə “Şahdəniz-2” qaz-kondensat yatağında hasilatın başlanmasını gözləyir. Bu sahədə ölkənin tədiyyə balansında cari əməliyyat hesablarının profisiti təmin ediləcək. Reytinq agentliyi həmin proqnozlarında neftin orta qiymətini hər barrelə görə 97 dollar səviyyəsində nəzərə almışdı.