Rusiya Prezidenti yanında Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Haqları üzrə Şuranın üzvü, yazıçı…
İrina Xakamada özünü indi belə təqdim etməyə üstünlük verir. O, siyasi karyerasını başa vurduğunu rəsmən bəyan edib və Mixail Kasyanovun yaratdığı Rusiya Xalq-Demokratik İttifaqından hələ 2008-ci ilin mayında çıxıb. İrina Xakamada sonralar memuar yazmaqla məşğul olub, seminarlara qatılıb, özünü tele- və radioaparıcı kimi sınayıb. 2012-ci ilin sonlarında yenidən siyasətə qayıdıb. Bu dəfə Rusiya Prezidenti yanında Şuranın üzvü kimi…
İ.Xakamada indi siyasi hadisələrdən, məsələn, Ukraynada baş verənlərdən danışanda hər sözünü yüz dəfə ölçür, bir dəfə biçir. Buna baxmayaraq onun liberal-demokratik baxışları özünü hər mühakiməsində istər-istəməz göstərir. Bunu İ.Xakamadanın virtualaz.org saytına müsahibəsi də təsdiqləyir.
-Ukrayna ilə Rusiya arasındakı münaqişədən artıq bir il ötür. Hadisələrin sonrakı inkişafı ilə bağlı proqnozlarınız necədir?
-Məncə, bu münaqişə uzun çəkməyəcək. Rusiya-Ukrayna münaqişəsinin iki mərhələsi var. Onlardan biri cənub-şərqlə bağlıdır. Orada vəziyyət indi yenə gərginləşib. Nazarbayevin vasitəçilik missiyası iflasa uğrayıb. İkinci mərhələ isə Krımın Rusiyanın tərkibində saxlanmasına dair formulun axtarışları ilə bağlıdır. Təsadüfi deyil ki, Avropa İttifaqı da iki tip sanksiya tətbiq edib. Onların biri Ukraynanın cənub-şərqi ilə, digəri isə Krımla bağlıdır. Məncə, cənub-şərq məsələsinə görə kompromis variant tapmaq mümkündür. İkinci məsələyə gəlincə isə Putinin masası üzərində Krımın geri qaytarılması söhbəti yerli-dibli yoxdur. O, bu barədə nəinki düşünmək, heç eşitmək də istəmir.
-Yəni sizcə, Putin cənub-şərq kartını qəsdən oynayır ki, Krımı Ukraynaya qaytarmaq məsələsi heç gündəmə də gəlməsin, elədirmi?
-Yox, birbaşa belə də deyil. Amma prinsip etibarilə məsələ budur. Vəziyyət belədir. Proses belə gedir.
–Qərbin sanksiyaları, neftin ucuzlaşması Rusiya iqtisadiyyatına çox ağır təsir göstərir. Bu böhrandan çıxış yolu nədədir?
-Bildiyim qədəri ilə Rusiya iqtisadiyyatına daha çox maliyyə sanksiyaları, Qərb banklarının rusların müxtəlif layihələrini maliyyələşdirməkdən imtina etməsi zərbə vurur. Bu məsələni həll etmək üçün Ukraynanın şərqindəki vəziyyəti qaydaya salmaq lazımdır. Bu, mümkün olsa, Qərb öz sərt sanksiyalarını yumşalda bilər. Amma Donbasdakı indiki gərginliyi nəzərə alanda sanksiyaların bu tezliklə aradan qalxacağına ümid edə bilmirəm.
Neftin qiymətinə gəlincə isə, mənim proqnozlarıma görə, onun qiyməti yaxın 5-10 ildə heç vaxt 100 dollara qalxmayacaq. Mən Rusiya üçün ən pis variantı da istisna etmirəm. Neft 30, hətta 20 dollara da düşə bilər. Bu halda böhrandan yeganə çıxış yolu iqtisadiyyatdakı inhisarçılığı tamamilə aradan qaldırmaq, kiçik və orta sahibkarlığı inkişaf etdirməkdir. Bu, müəyyən bir bufer təbəqə yaratmağa imkan verərdi. Əks halda inhisarçılıq Rusiya iqtisadiyyatını tamamilə məhv edəcək.
-Obama Rusiya iqtisadiyyatının param-parça edildiyini bildirdi. Belədirmi?
-Şübhəsiz ki, Obama haqlı deyil. Səbəbini deyim. Rusiya iqtisadiyyatının canı bərkdir. Onun çoxlu resursları var. Amma dərd burasındadır ki, bu resursları heç kim nəzərə almaq istəmir. Bax, elə buna görə də hamı nədənsə Qərbin sanksiyaları barədə danışır, Rusiya xalqının mentalitetini isə unudur. Rus xalqı həm dözümlüdür, həm də bütün və hər cür çətinliklərə uyğunlaşmaq, Qərbin sanksiyalarını vecinə də qoymamaq kimi bir qabiliyyətə malikdir. Rusiyanı Qərbdə tez-tez batıb getməkdə olan ölkə kimi təqdim edirlər. Lakin bu təqdimat necə deyərlər, əbədi ola bilər. İllərdir belə deyirlər…
-Bəs Qərblə qarşıdurma yolunu seçən Putin bununla nəyə nail olacaq? O, doğrudanmı SSRİ-ni bərpa etməyə çalışır?
-Güman edirəm ki, Putinin belə bir arzusu var. Lakin Putin bu ideyanı həyata keçirməyin çox çətin olduğunu görüncə çalışır ki, postsovet məkanına başqa cür təsir göstərməyə nail olsun. Çalışır elə vəziyyət yaratsın ki, Qərb bu regionda Rusiyanın icazəsi olmadan heç bir iş görə bilməsin, heç bir addım atmasın. Putin istənilən halda bunun uğrunda mübarizə aparır və çalışır ki, ABŞ bu regionda heç bir təsir gücünə malik olmasın.
-Bəs Putin belə siyasətin Rusiyanın qonşularını qorxutmasından ehtiyatlanmırmı?
-Putin öz qərarını verəndə bu haqda heç düşünməyib də. Doğrudur, bunun tamamilə əks-effekti də ola bilər. Qazaxıstanda şimal əraziləri problemi var. Gürcüstanda Abxaziya və Cənubi Osetiya, Azərbaycanda Qarabağ problemi var. Belarus isə ümumiyyətlə bir dövlət olaraq “diri-diri udulmasından” qorxur. Rusiya dünyada həmişə kifayət qədər aqressiv ölkə kimi qəbul olunub. Əgər o, hücuma keçmək qərarı versə, öz müttəfiqlərini əlbəttə ki, itirəcək.
–Siz Rusiyada liberalizmin mənəvi liderlərindən birisiniz. Sizcə, liberalizm Rusiyada niyə oturuşmadı? Putin “qaykaları bərkitməkdə” davam edəcəkmi?
-Liberalizm Rusiyada ona görə oturuşub özünə yer eləyə bilmədi ki, o, Rusiyada ümumiyyətlə olmayıb. Sadəcə liberalizm liderləri olub. Onlar da əsasən iqtisadiyyatla məşğul olublar. Liberal dəyərlərin uzunömürlü olmasını təmin etməli olan institutlar, təsisatlar isə reallıqda işləməyiblər. Bu – bir. İkincisi, qərblilərin nəzərində liberalizm sərvətlərə bərabər qaydada sahiblənməyi, onlara əlçatanlığın bərabər səviyyədə olmasını tələb edir. Belə şey isə Rusiyada heç vaxt olmayıb. Hətta 1990-cı illərin əvvəllərindəki liberalların hakimiyyəti dövründə də…
Oliqarxiya və inhisarçılıq bizdə azad rəqabətdən qabaq meydana gəliblər. Putin Rusiyada liberalizmi niyə belə ciddi-cəhdlə məhv edir? Ona görə ki, burada həm də insan amili var. Axı liberalizm azad insan yetişdirir. Azad insan isə hakimiyyəti hələ uzun illər əlində saxlamaq istəyən Putinə əsla lazım deyil.
-Hələ də həllini tapmayan Qarabağ problemi fonunda Cənubi Qafqazdakı vəziyyətə münasibətinizi də bilmək istərdik…
-Bunu başa düşün ki, Qarabağ məsələsi bu gün dünyada heç kimi maraqlandırmır. Dünya siyasəti bu gün tamamilə yalnız Ukrayna problemi ilə məşğuldur. Dünya siyasətçilərinin bu regiondakı marağı ondan ibarətdir ki, burada yeni müharibə başlamasın. Yəni hər şey indi necə varsa, eləcə də qalsın. İndiki status-kvonun istənilən şəkildə pozulması həm Azərbaycan, həm də Ermənistan üçün ağır nəticələrə səbəb ola bilər. Ukrayna təcrübəsi gözümüzün qabağındadır.
-Yəni siz belə hesab edirsiniz ki, əgər Azərbaycan öz torpaqlarını azad etmək üçün hərbi əməliyyatlara başlasa, onu da Ukraynanın aqibəti gözləyər?
-Təəssüf ki, hə…
Virtualaz.org