Azərbaycanda dövlətçiliyin səviyyəsi Binəqədi yolunu basan yağış suları qədər yüksəkdir. Biz də bunun içində üzərək həyatdan zövq alırıq.
Misal üçün, bir polis var idi, hüquq müdafiəçisi Leyla Yunusun tutulması kimi çətin, məşəqqətli, böyük igidlik tələb edən əməliyyat zamanı fərqlənmişdi: o, Leyla Yunusun ayaqyoluna getməsini önləmişdi, bu isə düşmən tanklarının hücumunu sinəsi ilə önləmək qədər cəsur hərəkət idi.
Təsəvvür edin, 60 yaşlı qadının tualetə səfərini önləyən zaman gənc polis hətta papağını itirmişdi! Qəddar və amansız Leyla Yunus onun papağını götürüb yerə atmışdı! Dəhşət idi! Xalqımıza qarşı amansız genosid siyasətinin növbəti təzahürü idi, dünya ictimaiyyəti hələ də susur. Polisin papağı isə bizdə dövlətçilik atributlarından biri sayılır.
Bu atributlar, yeri gəlmişkən, çoxdur və nə qədər çox olması dövlətimizin qüdrətinin əlamətidir. Bu sıradan qeyd edə bilərik: Əfruz xalanın seçki məntəqəsində qabağa verdiyi sinəsi, telekanalizasiya efirində cırılan 1 manatlıq, Zəngilanın işğal gününü əzbər bilən JEK işçiləri, bulvardakı bayrağın sapı, Azadlıq meydanının altındakı avtomobil dayanacağı, əhalinin kütləvi intiharı üçün “əsl vətəndaş Koroğlu” adına körpü, “Bakı-2015 olimpiadası”, “Evrovizion”, azərilayt markalı neft, azərikayf markalı qaz və sairə.
Həmin dövrdə deputat Çingiz Qənizadə bu qəhrəmanlığın qiymətləndirilməsi üçün Daxili İşlər Nazirliyinə müraciət etmişdi. Dünya yaxşı insanlardan xali deyil! Müraciətdə həmin polisə Milli Qəhrəman, ya da ən pis halda Milli Qəhərman (igidliyi ilə uca millətimizi qəhərə boğduğu üçün – Z.H.) adının verilməsi, leytenant rütbəsinin artırılıb general edilməsi, “Alov qüllələri” massivində mənzillə təmin olunması, altına “Bentli” qoyulması, uşaqlarının Maldiv adalarında istirahəti, ən nəhayət, qızıl işləməli yeni papağın verilməsi xahiş, rica, tələb, əmr, göstəriş və dəvət edilirdi.
Xəbər agentliklərinin məlumatına görə, bugünlərdə Yasamal polisinin sabiq rəisi İsmayıl Əsədov (bu da Leyla Yunus əməliyyatında dəhşətli fərqlənən igid oğullarımızdan biri idi, hazırda xarici qara qüvvələrdən qorumaq üçün başqa rayona rəis göndərmişik və bağça uşaqları “Böyüyəndə İsmayıl müəllim kimi olmaq istəyirəm” mövzusunda inşa yazırlar) bir tədbirdə Çingiz Qənizadə ilə rastlaşıbdır. İsmayıl müəllim Çingiz müəllimə məlumat verib ki, sizin müraciətiniz polis rəhbərliyi tərəfindən yüksək zövqlə qarşılanıb, həmin polisin rütbəsi artırılıb!
Əladır. Çox sevinirik. Bütün Yasamal sakinləri adından polis və ölkə rəhbərliyinə dərin minnətdarlıq edirik. İndən belə heç bir düşmən bizim polisin papağını yerə ata bilməz. Çünki biz papağı yerə düşən hər bir polisin rütbəsini artıracağıq. Bir dəfə atarsan, mayor olar. İki dəfə atarsan, generala çıxar. Nəticədə yağı düşmən xar olar, ədalət bizə yar olar, dağlarımızın başı qar olar! Bu münasibətlə xahiş edirəm “Vay Zaur” verilişinə həmin polisi dəvət etsinlər, gənclərimiz həyatda yer tapmağın, papağını haralara uzatmağın önəmini öyrənsinlər. Yoxsa bütün günü metroda, bulvarda-zadda mələşən, itələşən, böyürüşən, mıkkıldaşan, hokkuldayan, zıkkıldayan nə qədər mənasız qara geyimli qara, əsəbi qaqaşlar vardır.
Biz uşaq olanda çalışırdıq Spartaka, Herakla, Mixayloya, Qaqarinə, Matrosova, nə bilim, Meresyevə-filana oxşayaq. Amma indiki gənclərin həyat yoluna daha çağdaş igidlik kriteriyaları işıq salır. Fikrimcə, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevə də şəxsi işinə yazılmaqla töhmət verilməlidir, çünki üstündən neçə ay keçir, lakin indiyə qədər papağı yerə atılan o polis haqda bir hekayə də yazılmayıbdır! Dövlət büdcəsindən hər il o qədər pul alıb yeyirlər, ancaq Rəsul Rza haqda romanlar buraxırlar. Ayıb deyilmi? Bəs papağı yerə atılan polis haqda romanı kim yazacaq? Bəyəm Anar müəllim istəsə həmin igid haqda “Beşmərtəbəli polisin altıncı papağı” povestini yaza bilməzmi? Bəs nə üçün susur? Bu nə ziyalılıqdır? Anar Rzayevin dostu Cəmil Həsənli hara baxır?
Biz hətta o polisin adını da düz-əməlli bilmirik, el arasında ancaq “papağı yerə atılan polis” kimi tanıyırıq. Bu lap dəhşətdir! Bizim millət düzələn deyil. Qədirbilməzlik canımıza işləyib. Ar olsun!