“Ömrüm üstə yuxu çökür,Ömrüm üstə qorxu çökür. Yatın mənim çiçəklərim,Yatın mənim istəklərim”(Pol Verlen)
NİDA Vətəndaş Hərəkatının “Əsgər ölümlərinə son!” aksiyası boğuldu, gəncləri tutub zindana saldılar, hələ də bir çoxları buraxılmır. “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi də demək olar məhv edilib, onun direktoru Cəsur Sümərinli xaricə qaçıb. Bir-iki hərbi ekspert də müxtəlif yollarla susdurulub. Daha yapizmə nə lazımdır? Çal-çağır, vur-çatlasın… Ordu haqda Azərbaycan xalqına istənilən yalan xəbəri sırı getsin. Nəzarət sıfır, etiraz sıfır.
O səbəbdən, diqqət eləmisinizsə, son aylar Azərbaycan ordusunun itkiləri gizlədilir. Camaata yalandan sırınır ki, guya Zakir Həsənov nazir vəzifəsinə gətiriləndən sonra bizdə itki ümumiyyətlə yoxdur. Həqiqətən, belə baxanda itki yoxdur – Müdafiə Nazirliyi məlumat vermirsə hardan olsun? Eyni zamanda şübhə yaranır ki, keçən ilin uyğun dövründə əsgərlər ölürdüsə, indi o boyda atışmalar zamanı doğrudanmı hamı sağ qalır? Qeyri-döyüş itkiləri doğrudanmı sıfıra düşdü?
Amma yuxarıda yazdıq: bunlar hamısı yapistlərin cəmiyyəti susdurmasının nəticəsidir. Başını quma soxan və gizləndiyini zənn edən dəvəquşu siyasətidir. Yapistlərin ulu babası olan SSRİ kommunistləri də eyni siyasət yürüdürdü: Əfqanıstanda 15 min sovet əsgəri ölmüşdü, ancaq xəbərlərdə bu haqda danışılmırdı. Çernobıl AES partlayırdı, günahsız insanları aparıb şüalanmaya məruz qoyurdular, ancaq reaktordan dəhşətli nüvə maddələri axdığını demirdilər. Keçən ilin avqustundan başlayaraq mətbuata ordu ilə bağlı ciddi xəbərdarlıq edilməsi, saysız qeyri-qanuni qadağalar qoyulması yadınıza gəlirmi? Bax, o qadağalar bundan ötrü idi ki, yetim Məmmədin oğlunu aparıb rahat öldürsünlər.
Azərbaycan ordusunun azı 3 əsgərinin son günlər həlak olduğunu da biz ancaq blogger Həbib Müntəzirin… Almaniyadan yazdığı xəbərlərdən öyrəndik. Hökumət yaltaqları Müntəzirin sosial şəbəkədə yaydığı bu məlumata min cür mız qoyurdular. Deyirdilər bunu hardan öyrənmisən, yalandır, MN heç nəyi gizlətmir və sairə. Ancaq üstündən bir sutka keçəndən sonra MN, nəhayət, xəbəri açıqlayır, 3 əsgərin öldüyünü ümumi bildirir. Bunu blogger Almaniyada bilirdisə, sizin Bakıda gizlətməyinizin mənası nə idi? Ordu belə möhkəmlənirdisə, tam senzura vəziyyətində olan elə həmin sovet ordusunun deqradasiyasını unutmusunuzmu?
Ümumiyyətlə, qəribə vəziyyət yaranıb, bütün sahələri bərbad vəziyyətə salırlar, böhran anlarında da nə edəcəklərini bilmirlər, tragikomik duruma düşürlər. Çünki cəmiyyət faktları bilib öncədən hazır modelləri dövlətə təklif etməlidir, bu yoxdur.
Misal üçün, Misir Mərdanovdan sonrakı təhsil naziri Mikayıl Cabbarovun fəaliyyəti nə ilə yadda qalıb? Demək olar, senzuradan başqa heç nə ilə. Mərdanov pis-yaxşı cəmiyyətə açıq idi, az qala hər həftə orda-burda jurnalistlərlə, cəmiyyətin fərqli nümayəndələri ilə diskussiyalarda olurdu. O səbəbdən cəmiyyət də təhsilin problemləri ilə iç-içə idi, nəsə eləmək istəyən çoxlu adamlar vardı, təhsil sahəsi üzrə ekspertlər, QHT-lər vardı. İndi bunların da kökü kəsilib. Qəribə bir durumdur, elə bil Təhsil Nazirliyində də generallar oturub əməliyyat planları hazırlayır, hansı təpəciyin alınması üzrə Əfruz xalanın qadınlar batalyonuna göstəriş verirlər. Bəlkə bunu zarafat üçün yazdığımı zənn elədiniz. O zaman Təhsil Nazirliyinin Saatlı rayon Məzrəli kəndindəki məktəb haqqında dünən yaydığı xəbəri oxuyun. Sitat: “O kənddə direktoru keçən il dəyişmişik, kənd camaatı aparılan siyasəti dəstəkləyir, məktəbin mühasirəyə alınması haqda mətbuatda yazılanlar doğru deyil”. Gördünüzmü? Mühasirə yalan imiş. Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur. Direktor kabinetində pulları ütüləyir. Və sairə.
Hərbi vəziyyət belə tələb edir. Leksikon buna uyğun olmalıdır. Yoxsa ki, bizim nəyimizə lazımdır məktəb mühasirəyə alınıb, ya yox. Cəhənnəmə alınsın. Onsuz da bu təhsil sistemi, bu proqramlar, bu müəllimlər və valideynlər ilə məktəblilərin o binalardan şikəst, kar, kor, lal, yaltaq, axsaq, debil çıxacağı şübhəsizdir. Mühasirə həlqəsini içəridən və ya çöldən yarmağın önəmi nədir? Gedib məktəblini azad edəcəksən, görəcəksən kitabında belə bir şeir yazılıb:
“Ermənilər qoymayıb
Laçına, Kəlbəcərə,
Şaxta babayla Qar qız
Gəlib çıxıb şəhərə…”
İkincilər üçün “Azərbaycan dili” dərsliyindən sitat idi…
Yeri gəlmişkən, “filankəs yatdığı yerdə öldü, çox xoşbəxt adamdır” ifadəsini yəqin hamınız eşitmisiniz. Yataraq ölmək xoşbəxtliyini millətin əlindən almayaq.