Hələlik birmənalı olaraq demək çətindir ki, hansı tərəf düz deyir: norveçli voleybolçularmı, azərbaycanlı hotelçilərmi?
Ortada müəmmalar var. Ola bilər, hər iki tərəf düz deyir. Ola da bilər ki, hər iki tərəf düz demir. Hətta elə ola bilər ki, bir tərəf öz sözünün göyçək yerini, düz olan hissəsini deyir, haqsız olduğu yeri demir.
Amma biz norveçliləri də tanıyırıq, özümüzünküləri də. Adam gərək belə mübahisələrdə mənasız yerlibazlıq, təəssübkeşlik eləməsin. Çünki olmaz. Əgər biz haqsız həmvətənlərimizi müdafiə etsək, beynəlxalq reputasiyamız dünyada qara quruşluq olar.
Eyni zamanda “əcnəbidir, avropalıdır” deyə onları müdafiə etsək və özümüzünküləri haqsız çıxartsaq, bu, türkün sözü, yalakalıq olar, nəticədə avropalı qonaqlarımız elə qudurarlar ki, heç Jak Şirakı da tanımazlar.
Məsələ belədir: Norveçdən gələn “Stad” adlı voleybol komandası, rəsmi informasiyaya görə, “həm turist agentliyi vasitəsilə, həm də birbaşa özləri komanda ücün “Anatoliya” hotelində yerlər ayrılması məqsədilə fərqli sifarişlər veriblər. Bununla bağlı, “Anatoliya” hoteli tərəfindən ayrı-ayrılıqda ikitərəfli fərqli sifariş qeydiyyata alınıb və ikinci dəfə yenidən otaqlar ayrılıb və bu da öz növbəsində əlavə xərcə gətirib çıxarıb. Norveçin “Stad” komandası hotel xidmətinin müvafiq xərclərinin ödənilməsindən imtina edikdə bu problemlər aşkara çıxıb”.
Bax, bu yerdə norveçlilər səhv buraxıblar. Adama deyərlər, niyə eyni hotelə iki sifariş verirsən, birini vermisənsə, ikincini ləğv edirməlisən ki, qarışıqlıq düşməsin. Bu, “Stad” komandasının səhlənkarlığı, minusudur.
Eyni zamanda “Anatoliya” otelinin administrasiyası da ayıq-sayıq, informasiyalı olmalıydı. Görürsən ki, Norveçdən iki sifariş gəlib, ikisi də eyni adlı voleybol komandasındandır və eyni sayda nömrə sifariş veriblər. Avtomatik bilməlisən ki, bir dərədə iki axsaq ceyran olmaz, bu, yanlışlıq, anlaşılmazlıqdır. Dərhal elektron poçtla və ya birbaşa telefonla zəng edirsən, anlaşılmazlığı aradan qaldırırsan.
Başqa necə ola bilər ki? Məsələn, təsəvvür edək ki, sifarişlərin qəbul olunduğu gün baş administrator sifariş qəbul edən inzibatçılardan soruşur: “Bu gün nə kimi sifarişlərimiz var”? İnzibatçılardan biri deyir: “Norveçdən “Stad” komandasının voleybolçuları gəlir, 8 nömrə istəyirlər”. Baş administrator davam edir: “Çox gözəl. Bəs başqa nə var?” Bu dəfə digər inzibatçı deyir: “Norveçdən “Stad” komandasının voleybolçuları internetlə 8 nömrə üçün sifariş göndəriblər”.
Belə olandan sonra inzibatçılar, hotel rəhbərliyi nə qədər iti zəkalı olmalıdırlar ki, sifarişin eyni yerdən gəldiyini dərhal bilsinlər.
Əgər onlar bunu bilməyiblərsə, deməli, “Anatoliya” otelində çalışanların İQ sarıdan problemləri var. Yox, bilə-bilə ediblərsə, “səhvi özləri buraxıblar, bizə nə, küyləyib ikiqat pul alarıq” deyə düşünüblərsə, bu artıq dələduzluq kimi bir şeydir.
Sonra da deyirik, ay belə qonaqpərvərik, qonaq qarşılayıb, yola salmaq işində analoqmuz yoxdur, day nə bilim, nə.
Yeri gəlmişkən, elə Voleybol Federasiyasının yaydığı açıqlamada da qonaqpərvərliyə aid abzas var. Qeyd olunur ki, “milli qonaqpərvərlik zəminində oyundan sonra, səhərisi gün “Stad” komandasının xahişlərini nəzərə alaraq, voleybolçuların Bakıda gəzintisi və şəhərlə tanış olmaq məqsədilə onlara nəqliyyat vasitəsi ayrılıb və təmənnasız gəzinti təmin edilib”.
Həmin abzas bu cümləylə bitir: “Yuxarıda qeyd olunanları nəzərə alaraq, Azərbaycanın qonaqpərvər olduğu açıq-aydın bildirilib”.
İndi nəqliyyat naziri Ziya Məmmədovun bu insidentə aidiyyəti var, ya yoxdur, bilmirəm. Amma bu, biabırçılıqdır. İldə ölkənin dünyada müsbət reputasiya qazanması üçün 50-100 milyon pul tök, axırda da gəl 8 otel nömrəsi üçün qırğına çıx, polis çağır, voleybolçu qızları girov saxla.
I Avropa Oyunlarına sayılı günlər qaldığı vaxtda bizə belə şey yaraşardımı? Vallahi, bu avropalıların beyni çönər, sözü bir yerə qoyub ölkəmizə gəlməzlər, hotellərimiz və cibimiz boş qalar.
Bir də deyirlər ha, voleybolçu qızlardan biri geri qayıdıb, tualetə girib və tualeti pis günə qoyub çıxıb, bax, otelçilərimiz də ölkəmizin reputasiyasını o günə qoyublar.