Moskva ilə Ankara “Türk axını” (“Turkish Stream”) qaz boru kəmərinin maşrutunu razılaşdırdıqlarını elan edib.
Virtualaz.org saytı xəbər verir ki, yanvarın 27-də “Qazprom” şirkətinin saytında bu barədə elan edilib. Marşruta əsasən “Türk axını” kəmərinin böyük hissəsi-660 kilometri artıq bağlanmış “Cənub axını” qaz kəmərinin köhnə marşrutu ilə keçəcək, qalan 250 kilometri isə Türkiyənin Avropa hissəsinə istiqamətlənəcək. Daha sonra Türkiyənin Yunanıstanla sərhədində qaz satışı üçün hab (qaz qəbulu və ötürülməsi məntəqəsi) inşa ediləcək.
“Qazprom” elan edib ki, bundan sonra işlərin ikinci mərhələsi-boru kəmərinin çəkilməsini layihələndirilməsi başlayır və bu, təxminən 1 il vaxt aparacaq. Ondan sonra isə tikinti işləri başlayacaq.
Xatırladaq ki, bütün Avrasiya regionunda enerji kartlarını qarışdıran “Türk axını” layihəsi barədə Rusiya prezidenti Vladimir Putin ötən il dekabrın 1-də Ankaraya səfəri zamanı prezident Rəcəb Tayyib Ərdoğanla görüşündə elan edib. İndiyə qədər Avropa İttifaqı “Türk axını” kəmərinin qeyri-real olduğunu deyirdi.
Ancaq belə görünür ki, Putinin qərarı ciddidir və Rusiya Ukrayna üzərindən qaz tranzitini tamamilə dayandırıb Avropaya qazı Türkiyə üzərindən nəql eməyə qərar verib. Bu isə Azərbaycan qazının keçəcəyi dəhlizdir və deməli, istər-istəməz Türkiyə marşrutunda Azərbaycan və Rusiya arasında güclü rəqabət başlayır.
Bunu artıq Türkiyənin enerji naziri Taner Yıldız da təsdiq edib. Nazir bundan əvvəl Azərbaycan qazının nəqli üçün inşa ediləcək TANAP kəmərinin “Türk axını”ı ilə rəqabətdə olmayacağını desə də indi bu iki marşrut arasında “sağlam rəqabət başladığını” deyib.
TASS xəbər verir ki, “Qazprom”un Direktorlar Şurasının sədri Viktor Zubkov Avropa qaz konfransında bildirib ki, Ukraynadan nəql olunan qazı Türkiyə dəhlizinə yönəltmək barədə qərar qətidir və Avropa İttifaqının qazı Türkiyə-Yunanıstan sərhədində qəbul etmək üçün yeni infrastruktur yaratmağa çox az vaxtı qalır.
Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybəkçi isə “Business Journal”a müsahibəsində ölkəsinin “Türk axını” kəmərinin maliyyələşdirilməsində paya sahib olacağını deyib. Nazir bildirib ki, Türkiyə Azərbaycan qazının nəqli üçün tikilən TANAP layihəsində də 30 faizlik paya malikdir. Zeybəkçi Türkiyənin tranzit ölkə kimi mövqelərinin gücləndiyini, İranın da Avropaya qaz nəqli üçün gələcəkdə Türkiyəyə ehtiyacı olacağını deyib.
Lakin Avropa Komissiyasının enerji siyasəti üzrə vitse-prezidenti Maroş Şevçoviç hesab edir ki, “Qazprom”un Ukrayna üzərindən qaz tranzitini tamamilə dayandıracağına və 63 milyard kubmetr qazı Türkiyə-Yunanıstan sərhədinə nəql edəcəyi barədə xəbərdarlıqlarını “boş şey” hesab etdiyini demişdi. Onun fikrincə, Rusiyanın “Türk axını” layihəsini həyata keçirmək üçün neftin ucuzlaşdığı indiki vaxtda yetərli maliyyə resursları yoxdur.
Həmçinin “TransCaspian” layihəsinin təsisçisi Borut Grgic ingilisdilli “Daily Hurriyyet” saytında yazır ki, Rusiyanın hədələrini reallaşdırmaq üçün hazırda potensial qüvvəsi yoxdur.
Borut Grgic bu hədələri “boş” adlandırır və qeyd edir ki, Rusiyanın qazı başqa yerə satacağı barədə hədələri də hədədən başqa bir şey deyil: “Rusiya bu əlavə qazı Avropada olmasa, başqa kimə satacaq? Bunun Türkiyə olmayacağı dəqiq bəllidir. Onun bu qədər qaza ehtiyacı yoxdur. Çinəmi? Çinə hazırda qaz nəql edəcək kəmər infrastrukturu yoxdur, lap belə bir kəmər tikilsə də, Çin qaz üçün Avropa qiymətlərini ödəməyəcək”.
Təhlilçinin fikrincə, bütün bunlara görə Avropa bazarı Rusiya qazı üçün hələ də ən sərfəli bazar olaraq qalır.
Borut Grgic yazır ki, “Qazprom”un hədələrinə baxmayaraq, Rusiyanın öz qazını Türkiyə vasitəsilə satması üçün də infrastrukturu, belə bir infrastrukturu yarada biləcək qədər pulu yoxdur. O qeyd edir ki, üzərindəki sanksiyalara görə Avropada heç bir bank belə bir infrastruktur üçün Rusiyaya kredit verməyəcək.
Təhlilçinin fikrincə, Avropa Rusiyaya təzyiq göstərmək üçün hələ də vasitələrə malikdir. Bunlardan biri Rusiyadan öz qazını Ukrayna vasitəsilə satmaqda davam etməsini tələb etməkdir.
“Əgər desələr ki Ukraynada qeyri-sabitlikdir, onda Moskvaya demək olar ki, bu qeyri-sabitlik sizə görədir” – analitik yazır.
Məqalədə deyilir ki, ən azı bu qış üçün Avropanın kifayət qədər qazı və deməli, Rusiya ilə sərt danışmaq imkanı var.
Borut Grgicin fikrincə, ən pis ssenari Avropanın Rusiya qazını Türkiyə-Yunanıstan üzərindən almağa razılıq verməsi olardı. Məqalədə deyilir ki, bu halda Azərbaycan qazının nəqli üçün nəzərdə tutulan Cənub Dəhlizi kəsilər və Avropa özünü rəqabətli qiymətlərə malik qazdan məhrum etmiş olardı.
Təhlilçinin qənaətinə görə, Rusiya “Cənub axını”nı yeni qiyafədə ortaya çıxarıb və özünün siyasi çıxarlarına xidmət edən bu layihənin üstəlik Avropanın cibindən ödənməsinə çalışır. Məqalədə qeyd olunur ki, Avropa həm də Ankara üzərinə təzyiq göstərməlidir.
Müəllifin fikrincə, Rəcəb Tayyib Ərdoğanın Vladimir Putinin simasında yeni dost tapması Türkiyəni etibarlı tranzit kimi gözdən sala bilər.
Virtualaz.org