Bu günlər məşhur bir aforizm Azərbaycan üçün yenidən xüsusi aktuallıq kəsb etməkdədir: “Dövlət o zaman sarsılır ki, cinayətkar azadlıqda gəzir, günahsızlar isə cəzalandırılır”. Tərs kimi, Azərbaycanda bu hüquqi bespredelin hər iki forması, həm də uzun illərdir kök salıb.
Bu, bir acı reallıqdır ki, Azərbaycan zindanlarında günahsız siyasi, vicdan məhbusların olması ilə paralel, azadlıqda şad-xürrəm gəzən gerçək günahkarlar, türmənin darıxdığı “n” qədər cinayətkar var. Özü də sonuncular axtarışda-zadda deyillər, İnterpola-filana da verilməyiblər. Onları az qala hamı tanıyır, bir çoxu isə vəzifə başındadır. Lap elə öz Allahından qorxmayıb insanlara haqsız yerə uzunmüddətli həbs cəzaları istəyən üzdəniraq prokuror-dövlət ittihamçıları kimi, bu ittihamları məmnuniyyətlə hökm şəkildə rəsmiləşdirən üzdəniraq hakimlər kimi!
Daha iki isti faktla kifayətlənəcəyik.
Biri ötən dekabrında 14 saylı “zon”da gənc məhbus Elşad Babayevin işgəncələrlə öldürülməsidir. “Türmə mafiyası” onun da qanını batırmaq üzrədir – mərhuma ürəktutması diaqnozu qoydurmaqla. Halbuki, cavan yaşda bu dustağın həyatını qıranların hamısı, o sırada həbsxana nəzarətçiləri azadlıda gəzir, öz “işlərini” rahatca davam etdirirlər. Rahat-asudə evdən “işə”, “işdən” evə qayıdır, doğmalarının, arvad-uşağın yanında şellənirlər (görəsən, doğmaları da onların əməllərinə normal baxırmı, bu yolla qazandıqları çörəyi nuş edə bilirlərmi? Axı Elşad Babayev həm də ibadət adamı idi…)
İndi sadə vətəndaşın dövlətə inamı bir az da sarsıldımı? Ölkə həbsxanalarının faktiki, bir konslager olduğuna onlarda əminliyi artırdımı? Ən betəri odur ki, Elşadın qatillərinin cəzasız qalması növbəti Elşadların həyatına real təhlükə deməkdir. Gələn dəfə onların şikarı kiminsə qohumu, yaxını ola bilər. Məsələnin ictimai əhəmiyyəti, qorxulu tərəfi ən əvvəl bundadır. Aşağıda gətirdiyimiz növbəti ilginc faktdakı kimi.
Biləsuvar gömrüyündə bir azərbaycanlı qadının başına gətirilənləri, ona qarşı mənəvi terroru nəzərdə tuturuq. (Qəzetimizin 26 yanvar sayında olay barədə ətraflı yazılıb). Təsəvvür edin, ailəsini dolandırmaq üçün xırda ticarətlə məşğul olan qadın İrandan qayıdarkən gömrük məntəqəsində narkotik ittihamı ilə təhdid edilib, guya narkotik axtarışı bəhanəsi ilə kişilər tərəfindən (!!!) soyundurularaq “yoxlanılıb”, daha iyrənci, təcavüz hədəsinə məruz qalıb, canını qurtarmaq üçün ona açıqca əxlaqsız təklif edilib.
Belə çıxır, Biləsuvar gömrükçüləri ordan keçmək istəyən istənilən tək-tənha qadına “əxlaqsız” kimi baxır, müxtəlif nalayiq üsullarla onları ləkələmək istəyirlər. Təbii ki, Elşad Babayevin qatilləri kimi, bu bespredel müəllifləri də azadlıqdadır və hər gün öz əməllərini davam etdirirlər. Ona da əminik ki, qəzetimizdəki yazıdan sonra da onların gözünə üfürən olmayacaq. Səbəbini hamı bilir.
Amma və lakin, nə vaxtadək? Nə vaxtadək imkanlılar, vəzifədəki qohumuna güvənən qudurğanlar, baş və yol kəsənlər, adam öldürən qəssablar sadə xalqın əsəbləri, hətta namusu ilə oynayacaqlar? Allahdan heçmi qorxuları yox? Bura əlavə edin, türmədə ana edilən Lamiyənin müdhiş vaqeəsini…
Belə bespredellərlə, cəzasızlıq mühiti ilə, harınlıqla dövlət, cəmiyyət olaraq hara gedirik görəsən? Axı sabah yerlər dəyişə də bilər və bu gün haqsız hökm verənlər, təcavüz edənlərin özləri linç məhkəmələrinə tuş gələ bilərlər. Mıxı mismar edən Allah deyilmi?..
***
Bilirəm, deyəcəklər ki, hətta ABŞ-da bespredel halları, misal üçün, səhv məhkəmə qərarları olur. Razıyıq. Elə o gün oxudum ki, Birləşmiş Ştatlarda bir məhbus yanlış üzündən 40 il həbsxanada yatdıqdan sonra bəraət alıb. Amma bu, əvvəla, Amerikada tək-tük hallarda olur və qətiyyən sistemli, sifarişli xarakter daşımır, ən ümdəsi, siyasi hakimiyyətin, “yuxarılar”ın iradəsinə bağlı olmur – sadəcə, vicdani bir yanılma, vəssalam. Fəqət, vicdanlı yanılma olsa belə, hakim yenə cəzalanır. Azərbaycanda sifarişli qərar çıxaran, Avropa Məhkəməsinin hökmünü saxta elan elədiyi hansı hakim cəzalanıb?!
ABŞ isə o səviyyədə hüquqi dövlətdir ki, prezident Barak Obama da qanunu pozsa, Amerika məhkəməsi onu cəzalandırmaq iradəsinə sahibdir. Hansı avtoritar, qapalı rejimli, geridə qalmış ölkədə məhkəmələr belə iradəyə sahibdir? Elə ona görə də Amerika dövləti sarsılmır. Elə ona görə ABŞ dünyaya hökm edən qüdrətli dövlətdir.
Bu hökm həm də ədalətli hakimlərin (hökmləri) hesabınadır.