Modern.az saytı xaricdə oxuyan azərbaycanlı tələbələrlə silsilə müsahibələrin təqdimatına davam edir. Budəfəki müsahibimiz hazırda Kanadanın Kinqston şəhərində Queen`s Universitetində “Beynəlxalq Biznes” üzrə magistr təhsili alan Nərgiz Məmmədovadır.
Müsahibimiz 1991-ci ildə Gəncə şəhərində anadan olub. Azərbaycan-Türkiyə Özəl Qafqaz Gimnaziyasının ilk məzunlarındandır. O, bakalavr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər XİQ fakültəsində alıb. N. Məmmədova 2012-ci ildə keçirilən “FIFA U-17 Qadınlararası Dünya Çempionatı”da layihə koordinatoru vəzifəsində çalışıb. O, həmçinin, “Biznesin İnkişafı”, “Tədbirlərin Təşkili”, “Marketinq və Kommunikasiya” sahələri üzrə bir sıra yerli və beynəlxalq şirkətlərlə əməkdaşlıq edib.
– Xaricdə təhsil almaq fikri necə yarandı?
– Xaricdə təhsil almaq hər zaman arzum olub. Orta məktəbə vaxtından tez tez başlayıb və bir il də tez bitirdiyim üçün sinif yoldaşlarımdan daha kiçik idim. Buna görə bakalavr dərəcəsini xaricdə oxumağa valideynlərim izn vermədilər. Universiteti bitirdikdən sonra magistr təhsilini almaq üçün bir neçə universitetə daxil olsam da, işlərlə bağlı magistr təhsilini gecikdirirdim. “FIFA” layihəsini tamamladıqdan sonra, bir müddət Cenevrədə Beynəlxalq Təşkilatlar üzrə UBİS Universitetində təhsil aldım, daha sonra Bakıya qayıdıb Beynəlxalq Audit şirkətlərindən birində işləməyə başladım. Amma görünən o idi ki, hələ də təhsilə olan həvəsim mənimlədir…
– Kanadanı seçmək təsadüfi oldu, yoxsa əvvəlcədən buraya hazırlaşmaq istəyirdiniz?
– Kanada Avropadan çox fərqli gəlirdi mənə – daha sadə, yeniliklərə açıq, daha yaşıl, daha sakit görünürdü. Bu ölkə haqda çoxlu məqalələr oxuyurdum, görüntüləri internet üzərindən izləyirdim. Həm də Kanadada yaşayan və təhsil alan dostlarım var idi, onlarla mütəmadi ünsiyyətdə olurdum. Kanadanın təhsil sistemi, professorları, yaşam tərzi və tədris mühiti ilə bağlı araşdırma apardıqca qərarım dəqiqləşdi.
– Başqa ölkə və başqa mühitdə hansı çətinlikləriniz olub? Yad ölkəyə necə uyğunlaşa bildiniz? “Culture shock”(xarici ölkəyə ilk vaxtlar gedəndə öyrəşə bilməmək) yaşadınız?
– İlk iki həftə saat fərqinə görə bu ölkəyə uyğunlaşa bilmirdim. Burada havanın daha təmiz, təbiətin daha yaşıl olmasına baxmayaraq yeməkləri, meyvələri təbii deyil. Mən Azərbaoycandakı kimi dadlı yeməklər üçün darıxırdım. Əlavə olaraq, auditoriyada dünyanın 22 müxtəlif ölkəsindən olan 89 tələbədən yalnız 2-si kanadalıdır, fərqli mədəniyyətlər, təhsil sistemi, iş təcrübəsi olan insanlarla birlikdə çalışmaq maraqlı olsa da, ilk vaxtlar bəzən mənə ünsiyyətdə çətinlikər yaradırdı. Tədris sisteminin bir parçası kimi komanda olaraq layihələr hazırlayır və təqdimatlar edirik, bu da uzun çalışma saatları, səbr və təmkin tələb edir.
– Təhsil aldığınız universitetdə azərbaycanlı tələbələr var?
– Azərbaycanlı tələbələr əsasən Toronto, Montreal, Vankuver və digər böyük şəhərlərdə təhsil almağa üstünlük verdikləri üçün, bu il Queen`s Universitetində həmvətənlimizə rast gəlməmişəm. Digər şəhərləri ziyarətə gedərkən həmyerlilərimizlə görüşürəm. Onlar Azərbaycan günləri keçirir, Novruz bayramında bir araya gəlir, Xocalı soyqırımı və 20 Yanvar kimi faciələri ictimaiyyətə çatdırmaq üçün səfirliklə birlikdə fəaliyyətlər göstərirlər. Digər millətlərlə müqayisədə bizim sayımızın az olmasına baxmayaraq, xaricdəki həmyerlilərimizin bir-birinə dayaq durması məni sevindirir.
– Azərbaycanda bu ölkəyə hazırlaşmaq çətin olmadı sizə?
– Təbii olaraq, IELTS imtahanına hazırlaşmaq, universitetlərlə danışıqlıqlar, viza proseduru və xüsusilə Dövlət Proqramı üçün sənədləri hazırlamaq, müsahibə kimi işlər vaxt aparırdı, çətinliklər olurdu. Ancaq nə istədiyini bildikdən sonra hədəfə çatmaq mümkünsüz deyil.
– Azərbaycan təhsili və Kanada təhsili. Bunları fərqləndirərdiniz?
– Universitetmizin müəllimləri dünyanın fərqli ölkələrində təhsil alıb, işləyib, hökumətlərə və beynəlxalq şirkətlərə konsultasiyalar edirlər. Sonra təcrübələrini bizimlə paylaşırlar. Dərs müddətində nəzəri bilgilərlə yanaşı, Harvard Biznes keyslər müzakirə edilir, kritik vəziyyətlərdə necə addım atılmalı olduğumuz öyrədilir. Dərslərə müxtəlif şirkətlərin rəhbərləri dəvət olunur, onlar öz uğurları ilə birlikdə, həm də qarşılaşdıqları çətinliklərin necə öhdəsindən gəldiklərini bizimlə bölüşürlər. Bununla yanaşı, beynəlxalq və yerli şirkətlərin nümayəndələrinin iştirakı ilə Biznes, Sosial İnnovasiya, Texnologiya və İdman İdarəetməsi sahələri üzrə konfranslar təşkil olunur. Tələbələri real həyata hazırlamaq məqsədilə, qısa vaxt ərzində daha çox tapşırıqlar verilir. Həm fərdi olaraq, həm də qrup şəklində bilgilər yoxlanılır, Biznes Keys yarışmaları təşkil olunur, komandalar formalaşır və biz bu müddətdə tapşırığı yerinə yetirib, dərsdə təqdimatlar etməli oluruq. Ənənəvi üsuldan fərqli olaraq diplom işinin yerinə hər hansı bir beynəlxalq şirkətə 6 nəfərlik komanda olaraq, 8 ay boyunca konsultasiya (bizneslərini necə inkişaf etdirməli) etməyimiz gərəklidir. Tədris ilinin sonunda, yekun təqdimatımızdan və hesabatımızdan asılı olaraq dəyərləndirmə aparılır.
– Məllimlərlə tələbələrin münasibəti necədir?
– Müəllimlərimizlə səmimi şəkildə müzakirələr apara bilirik. Əvvəlcədən dərsdən kənar vaxt təyin edirik, onlardan məsləhətlər ala bilirik. Tədris mühitini daha praktik və maraqlı etmək üçün, hətta bizə oyunlar da təşkil olunur. Məsələn, sonuncu dəfə Qlobal Strategiya fənnində dünyanın ən hündür binasını qurmaq üçün komandalar bir-biri ilə yarışırdı. Beynəlxalq əməliyyatlar dərsində kağızdan təyyarə düzəldib, uçurtmaq üçün yarışırdıq…
– Kanadalılar Azərbayacanı necə tanıyırlar? Ətrafınızda bizə qarşı hansı münasibəti hiss edir və görürüsüz?
– Səmimi desəm, bu şəhərdə bizim ölkəni çox az insan tanıyır. Tanıyanlar isə neft ölkəsi olduğumuzu, bir zamanlar Sovet İttifaqında olduğumuzu bildirirlər. Bununla bağlı başıma gələn bir hadisəni xatırlayıram. Bir dəfə dayanacaqda dayanmışdım, bir yaşlı adam soruşdu “hardansan”, dedim “Azərbaycandanam”, soruşdu “hələ də orada müharibə gedirmi?” Mən isə hazırki durumu izah etdim.
– Siz universitetdə Azərbaycanı tanıtmaq üçün hanısa işləri görürüsüz?
– Keçən ilin dekabr ayında fərqli millətlərin adət-ənənəsini bir-birimizdən öyrənə bilməyimiz üçün “Mədəniyyət günü” təşkil etmişdik. Hər kəs öz müsiqisini, rəqsini, milli yeməklərini nümayiş etdirirdi. Vaxt olduqca, qrup yoldaşlarımı milli yeməklərimizə qonaq edirəm, Rəşid Behbudovu, Əzizə Mustafazadəni artıq tanıyırlar…
– Kanadalıların əsas məşğuliyyətləri nədir?
– Kanada Böyük Yeddiliyə daxildir, Ümumi Daxili Məhsuluna (ÜDM – 1,8 trilyon $) görə dünyanın 14-cü ən zəngin ölkəsidir. Neft ehtiyatı və qaz istehsalı üzrə dünya qabaqcıllarındadır. Təyyarəçilik, maşınqayırma, kağız, telekommunikasiya və texnologiya, kimya sənayəsi əsas gəlir sahələridir. Bununla yanaşı, maliyyə və bankçılıq, təhsil, səhiyyə kimi sektorlar da ölkə iqtisadiyyatına təkan verir.
– Kanadada tələbələr auditoriyadan kənardakı vaxtlarını necə keçirirlər?
– Hər kəsin öz maraq dairəsinə uyğun olaraq universitetdaxili və universitetdən kənar müxtəlif məşğuliyyətləri var (rəqs, gimnastika, tennis, basketbol, buz xokkeyi, skatinq və s.). Hava əlverişli olduqda Ontario gölünün ətrafında dincəlirlər. Bəzi tələbələr xizəklə sürüşmək üçün şimaldakı şəhərlərə üz tutur, ABŞ yaxın olduğu üçün Nyu-York, Los-Anceles, Vaşinqton və s. kimi şəhərlərə gəzməyə gedirlər.
– Yaşadığınız ölkənin hansı maraqlı adətləri var? Hansı özəllikləri diqqəti cəlb edir? Xaricilərin o ölkədə diqqət etməli olduqları məqamlardan danışardınız.
– Kinqston şəhərində insanlar sadə yaşayır, evlərin hasarı yoxdur, bina evləri çox gözə görünmür. İş vaxtı tez başlayır və tez də bitir. Burada insanlar sanki həyatın mənasını anlayırlar və insanlar bir-birinə kömək etməyə çalışır. Yolda gedərkən tanımadığınız adam sizə salam verərsə, qorxmayın və ya yolu təmir edən insanlarla hörmət əlaməti olaraq salamlaşmaq adət halını alıb. “Şükran günü”, “Yeni il” kimi əlamətdar günlərdə isə bütün ailə bir araya gəlir.
– Asudə vaxtınızı necə keçirirsiniz?
– Boş vaxtım az olsa da imkan daxilində idman edirəm, skeytinq etməyi xoşlayıram. Təbiətdə dolaşmaq, dələləri izləmək, şəkillər çəkmək məni gündəlik stresdən azad edir. Hərdən qrup yoldaşlarımızla bir araya gəlib yemək bişiririk. Qısa müddətli tətillərdə isə Kanadanın başqa şəhərlərinə dostlarımı görməyə gedirəm.
– Heç yorulub ölkəmizə qayıtmaq istəmisiniz?
– Doğrudur, psixoloji olaraq hərdən çətin olur – dərslərin ağırlığı, qürbətçilik. Bir xasiyyətim var ki, başladığım işi sonacan çatdırmalıyam. Qış tətilində ailəmi görməyə getdim, zaman dar olsa da, yaxın dostlarla, kolleqalarımla görüşdüm. İndi isə yeni semestr başlayıb, internet üzərindən onlarla əlaqə saxlaya bilirəm.
– Xaricə gedən tələbələr Azərbaycana qayıtmaq istəmir. Bəs siz? Gələcək planlarınız nədir?
– Xaricdə təhsil alan tələbələr əslində ölkənin səfirləri kimidir. Dünyanın hansı ölkəsinə getsəm də, bilirəm ki, azərbaycanlıyam. Burada bir peşəkar kimi özümü hərtərəfli inkişaf etdirməyə çalışıram. Ölkəyə geri qayıtdıqdan sonra biliklərimi paylaşıb, sahəyə yeni nəfəs qataraq peşəkar fəaliyyətimi davam etdirəcəyəm.
– Sizin kimi Kanadada təhsil almaq istəyən gənclərimizə məsləhətləriniz?
– Kanada universitetlərinə sənəd göndərmək üçün son tarix Avropa universitetlərinə nisbətən daha tez bitir. Bununla bağlı olaraq, öncədən araşdırma aparmaq və ya universitetin tələbə qəbul şöbəsi ilə əlaqə saxlamaq faydalı olar. Gəlmədən öncə təhsil alacaqları şəhərdəki azərbaycanlı tələbələrlə əlaqə saxlayıb məlumat ala bilərlər, həm də yaşayış yerinin tapılması ilə bağlı məsləhətləşə bilərlər.
Kanadaya gələnə qədər proses uzun və yorucu gələ bilər. Düşünün ki, gələcəyinizə investisiya qoyursunuz, özünüzü inkişaf etdirirsiniz və ən əsası cəmiyyətimizin sağlam gələcəyi üçün addımlayırsınız. Nə olursa olsun, arzularınızın arxasınca gedin, bu arzu Kanada kimi soyuq və uzaq yerdə təhsil almaq olsa belə…
http://s019.radikal.ru/i622/1501/a7/1658d9900e90.jpg
http://s019.radikal.ru/i639/1501/b8/57e0ef00358c.jpg
http://s018.radikal.ru/i501/1501/1f/58fe15ed8e9f.jpg
http://s04.radikal.ru/i177/1501/04/9191812ed373.jpg
http://s014.radikal.ru/i328/1501/77/352b28a5d402.jpg
http://s017.radikal.ru/i418/1501/6f/05880777e0f7.jpg
http://s020.radikal.ru/i710/1501/90/39e4a3b21ba6.jpg
http://s020.radikal.ru/i723/1501/c5/3839c7e4792c.jpg