Aşağıdakı mətn Samir Sarının “X günü” romanındandır. Müəllif bildirir ki, 10 il öncə yazdığı, oxuculara yenidən təqdim etdiyi bu bölüm bir rayonda baş verən real hadisə əsasında yazılıb. Diqqətli oxucular rayonu da, adı keçən İH başçısını da tanıyacaqlar.
***
Şiraslan Cavanşirov lül-atəş idi. Dövlət televiziyasının əməkdaşları ilə o, bəs deyənə qədər vurmuşdu. Çox şən əhval-ruhiyyədə keçən məclisin sonunda Şiraslan müəllim qonaqları rayon mehmanxanasına yola salmış, özü isə evə qayıtmaq istəmişdi. Yolda başçının yadına axund Möhübalının gündüzkü hərəkəti düşmüş və o, çox qəzəblənmiş, onu özü demişkən, “kaznit” eləmək fikrinə düşmüşdü.
Möhübalı qaranlıqdan çıxıb ona “əssalamun-əleyküm” deyəndə, elə bil, öküzə qırmızı parça göstərdilər. Cavanşirov ona tərəf dönüb dişini qıcadı, yumruğunu düydü, amma özünü saxladı.
-İki saatdır səni çağırmışam, niyə gec gəlirsən, ə? – deyə o, səsini qaldırdı: – Yəni uje, böyük-kiçik saymaq yoxdur, hə?
Möhübalının iri və həssas burnu araq iyini gendən aldı. Hətta o, araqla içilmiş lüləkababın, balıq kababının, sirkə-sarımsaqlı tutulmuşun iyini də hiss elədi və başa düşdü ki, təmkinini qorumalıdır, yoxsa döyülə bilər. Ona görə də axund qorxa-qorxa həlim səslə dilləndi:
– Ayaqla gəldim, möhtərəm başçı, ona görə bir az gecikdim, nə qulluq edə bilərəm?
Axundun itaəti və səsindəki həlimlik başçını yumşaltmadı. Ancaq o, daha mitinq haqq-hesabına qayıtmadan, ona toxunmadan qəti göstəriş verdi:
– Çıx məscidin vışkasına, azan oxu.
“Vişka” deyəndə o, məscidin minarəsini nəzərdə tuturdu. Ancaq Möhübalı qulaqlarına inanmadı. Necə yəni, gecənin bu vaxtı, bu saatda, sərxoş adamın iradəsiylə o necə çıxıb azan oxuya bilər? Camaat sabah onu hoydu-hoyduya götürməzmi?
– Əşi, sənnənəm e. Möhbalısan, Möhqulusan-nəsən, eşitmədin? Deyirəm, dırmaş yuxarı, oxu. Azan ver.
Axund səsindəki həlimliyi qoruya-qoruya guya ki, etiraz elədi:
– Möhtərəm başçı, axşam azanı 4 saat əvvəl verilir axı, gecənin bu saətində azan verilməsi nə dinə-imana sığan şeydir, nə də insanlığa…
– Booy! – deyə Cavanşirov bir az da hirsləndi: – Ə, qırışmal, sən mənnən söz güləşdirirsən? Ağzımda saa deyirəm ki, dırmaş yuxarı, oxu. Qanmırsan?
O, Möhübalıya tərəf yeriyib onun yaxasından yapışdı, yüngülcə onun peysərinə bir sillə çəkib çığırdı:
– Ə, zırrama, sən Camışlıdan gəlib burda lotuluq eləyə bilərsən? Səni burda bir kökə qoyaram ki, adın da yadından çıxar. İt sürütməsi etdirrəm səni. Dalına vedrə bağlatdırıb qovaram. Petux elətdirərəm səni…
Möhübalı başçının ona edə biləcəyi bütün mümkün variantların natamam mündəricatıyla tanış olandan sonra gördü ki, müqavimətin xeyri yoxdur, ona görə də itaət göstərməyi qərara aldı. Bununla belə, əvvəlki höcətliyinə izahat verməyi lazım bildi:
-Azan verməyə bir söz demirəm e, möhtərəm başçı, deyirəm, yəni cəmaət yatıb, səhv başa düşərlər.
Cavanşirovun mövqeyi dəyişmədi:
-Mən camaat-zad, din-min hərrəmirəm. Bu rayonun yiyəsi mənəm, hesab edirəm ki, gecə saat 11-də bu rayonda azan verilməlidir. Özü də hər gün eyni vaxtda. Qandın?
Möhübalı qanmışdı, ona görə də yaxasını Şirarslan müəllimin əlindən çıxarıb məscidə tərəf gedəndə dalında babat bir təpik də hiss elədi. Cavanşirov onu öz təpiyi ilə istiqamətləndirərkən az qaldı ki, səndələyib yıxılsın. Onun əlinin biri yerə gəlsə də, özünü birtəhər düzəltdi. Arıq sürücü də xeyli yaxına gəldiyindən vaxtında çatıb rəhbərini yıxılmağa qoymadı. Başçı axundun dalınca qışqırdı:
-Davay, dırmaş vışkaya, pedaras! Ozü də bərkdən oxu.
Axund cibindən açarı çıxarıb məscidin qapısını açdı, işıqlarını yandırdı. Pilləkənlərlə minarənin başına doğru irəliləyən Möhübalı gözünün düşməni Cavanşirovun var-yoxunu, yeddi arxa dönənini söyə-söyə, qarğaya-qarğaya, bu saat ölkədə, hətta regionda azan oxuyacaq yeganə din xadimi olmasından utana-utana iki əlini birdən Allaha tutmuşdu və pəsdən deyirdi:
-Ey böyük Yaradan. Özün görürsən ki, kafir və günahlı bəndən məni nəyə məcbur eləyir. Onun cəzasını ver, ey böyük Allah. Bu zülmü götürmə.
Əslində, gecənin hansı vaxtı olmasından asılı olmayaraq mömin bəndənin Allah kəlamı oxumasına Tanrının elə bir prinsipial etirazı ola bilməzdi. Amma vəziyyəti o bəndəni buna məcbur edən insanın içkili və cahil olması dəyişirdi. Hər halda, o dəqiqələrdə Allah-təala öz böyüklüyündən enib saat 11-də azan oxumağın düzgün olub-olmadığı üstündə Cavanşirovla Namazovun arasında yaranmış fikir ayrılığına qarışmadı.
Bir azdan Cavanşirov yuxarıdan səs eşitdi. Axund avazla oxuyurdu:
– Əşhədü-ənna la ilahə illallah. Əşhədü-ənna Mühəmmədən rəsulillah…
Aşağıda maşına söykəli halda yuxarı – minbərə baxan Cavanşirov sürücüdən soruşdu:
– Ayə, bu düz oxuyurmu?
Sürücü bir şey qanmasa da, dava düşməsin deyə, başçını əmin etdi ki, axund düz oxuyur.
Başçı qane olmadı:
– Ə, bəs o, niyə əyuzbillah şeytan-irrəcim demədi? O biri mollalar deyirlər axı…
O, bunu vaxtilə televiziyada verilən ilahiyyat verilişlərindən eşitmişdi.
Sürücü cavab verdi ki, o başqa duadır, möhtərəm başçı istəyirsə, deyək, onu da oxusun.
Cavanşirov “lazım deyil, sabah bu vaxt yenə oxudarıq” dedi. Onun yuxusu gəlirdi, evə getmək istəyirdi. Ancaq başçı axıra qədər gözlədi, axund uca səslə dövlət başçısına qadir Allahdan şəfa diləyəndən sonra arıq sürücüyə göstəriş verdi:
– Davay, getdik.
P.S. Tanıdınızmı?