Bu günlərdə Heydər Əliyev Mərkəzində prezidentin sədrliyi ilə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfrans keçirilib. Əslində bu iclas o qədər də dəqiq deyil, çünki hadisə 27 yanvarda baş tutduğundan “… birinci ilinin və ikinci ilinin birinci ayının 27 gününün yekunları” adı altında olmalı idi.
Ümumən bu iclaslardakı və proqramlardakı 5 illik müddətlər SSRİ-nin beşillik proqramlarını xatırladır. Yaşlı adamların yadında olar, o vaxt da belə gülünc planlar vardı, sağıcı Fatma xalanın hər inəkdən 1000 litr süd sağaraq, Çoban Qara müəllimin isə hər 100 qoyundan 110 bala alaraq beşillik sosialist öhdəliyini 3 ildə yerinə yetirdiyi haqda iclaslar qayırardılar, amma camaat dükanda yağ tapmazdı. Dükana un gələndə baş yarılardı. Üzqırxan altdan satılardı. Yataqxanada ev almaq üçün 40 il gərək növbədə duraydın.
Adətən belə sözlər deyəndə uca millətimiz etiraz edir: “Guya indi yaxşıdır?” Guya biz indini tərifləyirik. Uca millətimizə əslində quruluşun adının dəyişdiyini, üçrəngli bayraq-filan kimi detalların fərqli olduğunu, mahiyyətin köhnə olduğunu izah etmək çətindir. Göbbelsin məşhur metodu – “yalanı çoxlu deyəndə və nə qədər çox şişirdilmiş eləsən inanan o qədər çox olur” – işləyir. Bu yaxında bir dükanda çeşidləyici işləyən, cəmi 300 manat maaş alan kasıb müharibə veteranına ölkədəki durumun necə ağır olmasını izah edə bilmədim. Eləcə arqumentsiz, faktsız deyirdi ki, Allaha şükür, indi yaxşı yaşayırıq. Bütün günü telekanalizasiyadan yalan eşidir axı. Alternativ xəbər mənbələri susdurulub, millət de-fakto kor, kar, lal edilib.
Elə bu son iclasda səslənən rəqəmlərə qulaq asanda zənn eləmək olardı ki, söhbət hardasa İsveçrədən, Danimarkadan, Almaniyadan gedir. Kim etiraz edəcək? Heç kim. Etiraz edənləri tutub zindana salıblar, qaçan qaçıb, ölən ölüb… Cəmiyyət yaralarını yalayıb sağaltmağa çalışırkən, sinik hökumətin kefidir. Bas, bağla. İşsizliyin aradan qalxmasından, çəkilən yollardan, nə bilim, “Təmiz Binəqədi” layihəsindən…
Sözgəlişi, Binəqədi icra hakimi Xaləddin müəllimin anekdota çevrilmiş o layihəsinin adı son yağışlarda tamam yeni formaya düşmüşdür: “Dəniz Binəqədi”. Binəqədi rayonunda bütün yolları, küçələri su basmışdı, buna dəniz deməyib nə deyəsən? Bircə qalır Xaləddin əkə o göllərə, dənizlərə balıq da buraxsın, camaat balıq tutub yesin. O zaman təzə dövlətçilik layihəsinə start vermək olar: “Ləziz Binəqədi”.
Binəqədi rayonunda son günlər rastlaşdığım bir hadisəni də yazmaq istərdim, çünki bu da xalqımızın rüşvətxorluğa, zülmə dözümünün əlamətidir. Yolda gedəndə təsərrüfat malları satan dükanın satıcısı məni saxlayıb deyir: “Bilirəm sən jurnalistsən, bu vergi bizi boğaza yığıb, niyə yazmırsınız? Gəldilər dedilər 2 ildir səndən pul almırıq, düş bura, neft gəliri azalıb, büdcəni doldurmalıyıq. Dedim axı niyə sizə pul verməliyəm, hər şey qanuna uyğundursa. Mümkün olmadı, qışqırda-qışqırda pulumu aldılar”. Amma soruşuram məbləği deməyə qorxur. Mən də ona bildirdim ki, elə səni əcəb edib soyurlar. Əlbəttə, o da vergiyə ödədiyi rüşvəti sonra bizə satdığı malların qiymətinə əlavə edir.
Ancaq müəyyən islahatlar da gedir, insafən bunu vurğulamalıyıq. Misal üçün, son iclas zamanı Göyçayın icra başçısını çıxardıb Ucara qoydular, Ucarın başçısını da Göyçaya. Dərin idarəçilik əməlləridir. Bunun xalqımızın gələcəyi üçün faydasını hər kəs anlamaz. O cümlədən, “Azərsun”un loqosunun dəyişməsi dəhşətdir. Bundan sonra qənd-çay, xiyar-pomidor turşusu, yağ-pendir və sairə – uzun sözün qısası, ölkə rəhbərliyinə məxsus şirkətin inhisara aldığı bütün gündəlik tələbat malları təzə loqo ilə satılacaq. Bu yeniliyə necə sevinməyəsən?