“Reynaldonun durumu ideal deyil. O, iki ay əvvəl dizindən çox nadir olan zədə aldı. Həkimlər onu çox qoruyurlar. Məşqçilər də Reynaldoya diqqətlə yanaşırlar, tələsmək istəmirlər. Onun indi tam formada olması qeyri-mümkündür. Çünki bütün məşqlərdə iştirak etmir. Antalyada cəmi bir-iki məşqdə olub”.
Qol.Az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın kapitanı Rəşad Sadıqov komanda yoldaşı Reynaldonun zədəsinin son durumu haqda danışarkən deyib.
“Reynaldonun hazırda oyun təcrübəsi çox azdır. O, fiziki formasını hələ bərpa etməyib. Topla da rəftarı əvvəlki kimi deyil. Onun yaxşı formada olması üçün vaxt lazımdır. Fikrimcə, bir aya o, tam formasını bərpa edəcək. Reynaldo elə bir mövqedə oynayır ki, özünü yaxşı tərəfdən göstərməsi üçün ideal formada olmalıdır. Çempionatda Reynaldoya qarşı ciddi oynayırlar” – deyə R.Sadıqov bildirib.
O deyib ki, hazırda çempionatda “İnter”dən beş xal irəlidə olmalarına baxmayaraq, bu, onlar üçün böyük üstün deyil:
“Çünki ikinci yarıda çempionat hər zaman çətin və ağır keçir. Rəqiblərimiz qış fasiləsindən səmərəli istifadə etdilər. Xüsusilə, “Neftçi”, “İnter” və “Qəbələ” klublarının adını çəkmək istərdim. Bu bir daha onu göstərir ki, ikinci yarı çox gərgin keçəcək. Biz sona kimi mübarizə aparacağıq”.
“Qarabağ”ın kapitanı Premyer Liqanın 20-ci turunda qarşılaşacaqları “Bakı” ilə oyun haqda da danışıb:”Səbirsizliklə çempionatın başlamasını gözləyirik. İlk rəqibimiz “Bakı” olacaq. Ancaq “Bakı” bizimlə matçdan əvvəl “Qəbələ” ilə ağır oyun keçirəcək. Çempionata bizdən daha tez başlamaları onların üstünlüyüdür “.