Bizim camaatın xasiyyətidir, həmişə keçmişi ideallaşdırar: “Bizim vaxtımızda eləydi, beləydi”, “dünyanın düz vaxtıydı”, “pulun bərəkəti vardı”, “Heç kəs acından ölmürdü”, “Mağazada adamı 2 qəpik aldadanları türməyə basırdılar” və sair və ilaxır.
Köhnə əyyamlarda yaşamamış, bu haqda oxumamış gənclər elə bilərlər ki, sovet dövrü cənnət imiş, şadlığımıza şitlik eləmişik, Tanrımıza təpik atmışıq və cənnətdən qovulmuşuq.
Elə deyil, hörmətli gənc oxucular. Yaşlı nəsli demirəm, indiki gənc nəsli beşcə günlüyə həmin dövrə qaytarsalar, kütləvi şəkildə ya “Koroğlu” körpüsünə çıxıb intihar edərlər, ya da milçək kimi qırılarlar. Hələ onu da nəzərə alaq ki, heç o vaxt üstünə çıxıb özünü atmağa düz-əməlli körpü-filan da yox idi.
Mən öz vaxtımızdan danışıram -sovet dövrünün axır vaxtlarından. Atamın məni instituta qoymaq üçün verdiyi 8 min manat (o vaxt bu pula “Jiquli”, “Niva” kimi qəttəzə maşınlar və şəhər yerində iki ev almaq olardı) pul məni hələ də yandırır. Rüşvətxorluq xirtdəkdən idi.
Ölkənin ən yaxşı universitetlərinin ən yaxşı fakültələri partnomenklatura məmurlarının övladları üçün bronlaşdırılırdı, 25 yerin 20-si onlara satılırdı, yerdə qalan 5 yer isə indiki balla 700 toplayanlara verilirdi. Bu baxımdan heç olmasa indi bir az yaxşıdır – kasıb uşaqları test imtahanı ilə 650-700 bal toplayıb ali məktəbə girirlər, lazımi bal yığa bilməyən varlı balaları da məcbur olub oxumaq üçün Londona, Parisə gedirlər.
Lap yaşlı adamlar danışırlar ki, əslində, Stalinin və Bağırovun qılıncının dalı-qabağı kəsən vaxtlarda da rüşvət də vardı, himayədarlıq da, əliəyrilik də. Sadəcə, heç nə üzdə və bu miqyasda deyildi, bir də ilişən əlli-ayaqlı gedirdi. O vaxt bir-birinə mərdiməzarlıq etmədən işləyən məmurlar da çox olub, alıblar, bölüblər, yaşayıblar – sadəcə, iclaslarda kommunist məfkurəsindən, partiya və dövlətə sədaqətdən, saflıq və təmizlikdən daha çox danışıblar, vəssalam.
Böyük və vicdanlı rus yazıçısı Andrey Platonovun “Çuxur” (ruscada “Kotlovan”) adlı bir kiçik romanı var, orda sovet dövrünün bir “burjuy”undan qısaca bəhs olunur. Platonov bu əsəri 1930-cu ildə yazıb və dövrünün gerçəkliklərini əks etdirib. Ölkədə sosializm quruculuğu, kollektivləşmə gedir, amma həmkarlar ittifaqının sədri Paşkin “burjuy”lar kimi yaşayır – camaat yeməyə çörək tapmır, Paşkin isə yağ-bal, qaymaq və sair kalorili qidalar yeyir. Bunu bilən bir əlil də vaxtaşırı arabasını sürüb gəlir, onun qapısına dayanır, “burjuy”u şantaj edərək, kalorili qidalardan özünə pay düzəltdirib aparır.
Sözü ona gətirirəm ki, rüşvətxorluq, əliəyrilik Sezarın vaxtında da olub, Sultan Süleymanın dönəmində də, Napoleonun dövründə də, Stalinin epoxasında da. Həmişə olub, indi də var və yəqin ki, həmişə olacaq. Bu, iki ən qədim peşədən biridir və həmişəyaşardır.
Ancaq söhbət miqyasdan gedir. Elə hökmdarlar var ki, onların vaxtında rüşvətxorluq şiddətli olmayıb, az olub və üstüörtülü olub. Həddini aşanlar, quduranlar cəzalandırılıb. Elə rəhbərlər də var ki, onların vaxtında böyük rüşvətxorlar baş kəsir, qan batırır, hər şeyi alıb-satırlar. Hətta hansısa əlil onlara irad tutanda, haqq-ədalət tələb edəndə, əlili intihara təhrik edir, məsuliyyətin altından qaça bilirlər.
Budur, İlham Əliyev özü deyir ki, icra başçılarını vəzifəyə təyin edəndə onlara dilbədil tapşırır ki, gedin, işləyin, rüşvətxorluqla məşğul olmayın. Bəs onlar nə edirlər? Yaramazlar gedib rüşvət alırlar, korrupsiya ilə məşğul olurlar, əliəyrilik edirlər, dövlət malına tamah salırlar, xalq malını məngirləyirlər.
Əlbəttə, “yaramazlar rüşvət alırlar” deyərkən, İH başçılarının hamısını nəzərdə tutmuram, 99 faizini nəzərdə tuturam (1 faizi ona görə saxlayıram ki, hamısı başını o faizin altına təpsin və məni məhkəməyə verməsinlər).
Ancaq İH başçılarının yerlərinin dəyişdirilməsi çox vacib idi. Onlar bir yerdə çox qalanda xarab olurlar, camaata yaxşı-yaman sözlər deyirlər, qanqaraçılıq olur. Salamatı rayon başçılarının yerlərini tez-tez dəyişməkdir – hətta 6 aydan bir.