Ölkənin ən koloritli adamlarından biriydi Vaqif Səmədoğlu. Yumor ustasıydı, məzəli söhbətləri vardı və ciddi adam idi.
Onda həyata pafossuz, amma ironik yanaşma vardı. Şairin yazdığı lirik şeirlərində hiss var, həyəcan var, duyğu var, nostalji var, kədər var, amma boğazdan yuxarı, söz xatirinə deyilən bir kəlmə yoxdur.
Şeirləri su kimi axıb gedir, sadə olduğu qədər də dərindir, insanın iliyinə işləyən misraları var.
Yumoruna isə söz yoxdur. Bu gün ölkənin demək olar ki, bütün əhalisi bir-birinə nəyisə anlatmaq üçün Vaqif Səmədoğlunun qələmindən çıxan və artıq zərbül-məsələ çevrilmiş ifadələrdən istifadə edir.
Onlardan bir xeylisini yada salaq: “Ayə, bə mən nə deyirəm, a veteran?”; “A Moşu, yazersan, yaz, yazmırsan, kəlləni atıf, yatajam, bax”; “Bu istidə şairdə pul nəəzir”; “O nə addı mənim ərimə deyirsən, aaz, Mışka-pışka nədi?”; “Ayə, xalqın şair oğlunu şübhə altına alan milsəner…” “Ştirlis də hamının başını xarab eləyib ey” və sair və ilaxır. Bu cür ifadələr onlarla, yüzlərlədir.
Hamısı da istər-istəməz insanda təbəssüm doğurur və onun müəllifini yada salır.
Əslində Vaqif Səmədoğlu orta statistik azərbaycanlı kişisi üçün uzun ömür sayıla biləcək bir ömür yaşadı, 75-i keçdi.
Ancaq ustad sənətkarların, bu cür söz ustalarının yaşı olmur, onların xalqın gözündə heç vaxt qocalmırlar, nə vaxt rəhmətə getsələr, bu, vaxtsız vəfat sayılır.
Vaqif Səmədoğlu da belə ustadlardan idi.
Şair ömrünün son illərinə qədər azad yaşamışdı, özünü heç vaxt heç kəsdən asılı etməmişdi, dünya malına tamahsılanmamışdı.
Ancaq onun bioqrafiyasında bir millət vəkilliyi dönəmi də oldu. Bu mandatı ona ömrünün qürubunda kim hədiyyə etmək istəmişdisə, bəlkə də böyük şair Səməd Vurğunun xatirəsinə ehtiram üçün etmişdi. Söz demək mandatını xalqdan almış şairin deputat mandatına ehtiyacı yox idi.
Hər halda, şair sinninin irəliləmiş çağında özünə və xalqa lazım olmayan yeni bir status qazandı. Fəqət o, öz köhnə, xətirli-hörmətli olduğu düşərgəni tərk etsə də, qarşı düşərgənin ümumi xoruna qoşulmadı, köhnə dostlarını qınamadı, onlarla mübarizə aparmadı.
Şairin yerində kim olsaydı, müxalifət düşərgəsi də, ictimaiyyətin fəal kəsimi də ondan üz döndərərdi.
Vaqif Səmədoğlu elə bir söz ustası, vicdan yiyəsiydi ki, ondan üz döndərənlər, onun bu addımını pisləyənlər olmadı. Tək-tək istəməyənlər oldusa da, sıraları kütləviləşmədi.
1996-cı ilin fevralıydı. Müsavat başqanı İsa Qəmbər təkrar seçkilərdə iştirak edirdi, Sumqayıtdan namizədliyini vermişdi. Onun vəkillərindən biri də Vaqif Səmədoğluydu. Seçicilərlə görüşdə bu sətirlərin müəllifi də jurnalist kimi iştirak edirdi. Həmin görüşdə Vaqif Səmədoğlu sadə, eyni zamanda parlaq bir çıxış etdi. Görüşdən hazırladığım reportajda onun bu çıxışına dair yazdığım abzası belə bir yarımbaşlıq altında vermişdim: “Vaqif Vəkilov vəkilliyin sirrinə vaqif imiş”. Ertəsi gün rastlaşdıq. Narahat idim ki, birdən şair bu cür ərkyanalıqdan xoşlanmaz. Rəyini soruşdum, gülümsəyib dedi: “Gördüm, normaldır”.
Xalqımız bu cür işıqlı insanları, dəyərli ziyalıları sevir, qiymətləndirir, fəqət əsl dəyərlərini sonra, gec anlayır.
Bu həftə gerçəkdən də ağır həftə oldu. Kollektivizin üzvü, tanınmış politoloq Zəfər Quliyevi də itirdik. Vaqif Səmədoğlu kimi, o da kübar, pozitiv insandı, elmli adamdı, ölçü-biçiliydi.
Belə insanlar hər saat yetişmir. Onların xalqın önünə çıxıb söz sahibi olması üçün uzun illər keçir, ancaq çox qısa bir müddətdə amansız əcəl onları əlimizdən alıb aparır. Gedənlərin yeri boş qalmır, düzdür, amma dəyərli ziyalıların yeri mütləq görünür – jurnalistikada Nəcəf Nəcəfovun, Məmməd Nazimoğlunun, Adil Qaçayoğlunun, Elçin Səlcuğun yeri göründüyü kimi.
P.S. Yazının sonunda gəncliyimizin əfsanə isimlərindən biri olan məşhur müğənni Demis Russosun bu həftə vəfat etməsini də xatırlayaq – o da bu həftə dünyaya “Goodbye, my love, good bye” dedi, getdi…