Mən indi fikir verdim, sən demə, 3-4 gün qabaqkı müşavirədə prezident icra başçılarına xalqla bir yerdə olmaq tapşırığı da veribmiş. Sitat: “Hər dəfə icra başçılarını işə təyin edərkən mən onlara öz sözlərimi deyirəm: gedin təmiz işləyin, xalqla bir yerdə olun, rüşvətxorluqla məşğul olmayın, dövlətə, müstəqilliyə sadiq olun. Budur mənim tələblərim, əsas tələblərim”.
Çox gözəl, xüsusən də rüşvətxorluqla məşğul olmamaq tapşırığı diqqətəlayiqdir. Doğrudan da bəzi icra hakimləri elə sanırlar bunları vəzifəyə pul yığmaq üçün qoyublar. Qətiyyən elə deyildir. Təkcə pul yığmaqla iş qurtarmır, yığdıqlarını yuxarı ötürmək də vacibdir. Xüsusən neftin qiymətinin düşdüyü, karbohidrogen pullarının azaldığı zəmanədə vacibdir ki, icra başçıları ümumi qazanın doldurulması işində səy göstərsinlər. Özü də ağlınıza pis şeylər, məsələn, xalqın dərisinə saman təpilib pulunun əlindən alınması gəlməsin. Bizdə rüşvətxorluq üçün min dənə qanuni yollar var. Cürbəcür fondlar var, pulu köçürdürsən həmin fondlara, vəssalam.
Sözgəlişi, bir hərbi komissarın əsgərliyə çağırdığı adamdan pul alması lətifəsini eşitmişəm, istəyirəm bu orijinal metodu bizim dövlət qulluqçuları da öyrənsin. Bir nəfər əsgərlikdən qalmaq üçün komissara rüşvət təklif edir. Komissar deyir gecə gəl qəbiristanlığa, filan qəbrin yanına, 3 min manat da pul gətir. Adam gecə gedir deyilən yerə, görür komissar çılpaq oturub qəbrin yanında, özü də qarmon çalır. Çox heyrətlənir, amma pulu qoyub gedir. Səhər gəlir komissiyaya, bunu orduya göndərmək istəyirlər, etiraz edir, deyir komissara 3 min vermişəm, məni hara basırsınız? Sonra pul verdiyi şəraiti təsvir edir. Komissar dönür həkimlərə: “Gördünüz, sizə deyirəm bunun başı xarabdır, orduya yaramır, inanmırdınız”. Beləcə adam istədiyi yararsız biletini alır.
Müşavirədəki təklifə qayıdaraq demək istəyirəm ki, biz hər şeyə dözməyə hazırıq, təki icra başçıları prezidentin sözlərini birbaşa mənasında anlayıb xalqın yanına gəlməsinlər. Misal üçün, hesab elə sən Binəqədi rayon sakinisən. Sənə çoxmu lazımdır Xaləddin İsgəndərov gəlib sənin yanında dursun, boğazına şərik olsun? Təsəvvür elə, səhər gedirsən xaşa, bir dırnaq da gərək buna alasan. Axı el adətlərinə görə qonağı yedizdirmək ev yiyəsinin borcudur. Yaxud, inanmıram ki, hansısa İmişli sakini Vilyam Hacıyevlə, hansısa daşkəsənli Əhəd Abıyevlə, nə bilim, başqa bir qaradağlı Süleyman Mikayılovla bir yerdə olmağı ürəkdən istəsin. Əlbəttə, pis mənada yox. İcra hakimləri bizim xalqın ulduzlarıdır, onlar yaxın gələndə xalqı yandıra bilərlər, nə qədər teleskopik məsafədə dursalar məsləhətdir. Ən yaxşı icra hakimi üzü görünməyən icra hakimidir. Bir növ, mistik olur, qeybdən idarə edən kimi bir şey olur.
Ümumiyyətlə, hər kəs öz işini bilsə, dövlət qurumları, qanunlar yaxşı işləsə bizim icra hakiminə nə ehtiyacımız var? Vətəndaş cəmiyyəti qurulan, yerli özünü idarəetmə, bələdiyyə qurumları formalaşan dövlətlərdə heç icra hakimi olmur. Mer olur, onu da sən seçirsən, heç gözləmirsən prezident gəlib bunun qulağını dartacaq, özün dartırsan lazım olanda. İndiki halda icra hakimiyyətinin güclü orqana çevrilməsi həm avtoritarizm əlamətidir, həm də yapistlərin xalqa mesajıdır: “Siz özünüzü idarə edə bilmirsiniz, biz olmasaq batıb gedərsiniz”.
Eh, neftin baha olduğu günlərdə icra hakimləri Fransada, Lacivərd sahildə şampan içərdilər, harda o günlər… İndi gəl Məmmədhəsən əminin kirli-pasaqlı daxmasına gir. Tfu. Allah kəssin belə yaşayışı. Mən icra hakimi olsam “Koroğlu” körpüsünə çıxardım. Dözülməz haldır.
Ancaq ta dövlətçilik tələb edirsə, icra hakimləri və xalq bir yerdə olmağa məhkumdursa məsləhətdir bunun nəsə formaları tapılsın. Misal üçün, ev tikəndə qonaq otağı, yataq otağı, hamam-tualetlə yanaşı bir icra hakimi otağı da tikmək məsləhətdir.