Aramızdan səssiz-səmirsiz, qəfil getdi. Elə xarakteri də belə idi – sakit, təvazökar… Səhəri açar-açmaz hamımız sarsıldıq. Bənzərsiz şəxsiyyət, nüfuzlu politoloq, dərin təhlil qabiliyyətli analitik, gözəl həmsöhbət və müsahib, jurnalist, qısası, olduqca dəyərli bir insan Zəfər Quliyev artıq aramızda yoxdur.
Peyğəmbər yaşında dünyasını dəyişdi. Yetərincə həssas, həlim insan idi, onunla təmasda olmuş heç kəs, o sırada media cameyəsindən kimsə iddia edə bilməz ki, gərginlik keçirib, rahatsız olub. Heç iqtidar düşərgəsindən də haqında nalayiq söz eşitməmişəm.
Mümkün deyil. Çünki Allah-təala onu məhz belə kodlaşdırmışdı. Ən önəmlisi, nurlu, işıqlı insan idi, zahirindən batininə kimi səmimi, sadə idi, dostlarının dediyinə görə, üstəlik, yaxşı bir həmdərd, simsar idi, maddiyyət hərisi deyildi.
Bəlkə də yaşadığımız əcaib zəmanədə bu qədər müsbət keyfiyyətlərin tək bir insanda təcəlli eləməsi idi onun narahat ürəyini illər uzunu sıxan, yükə salan və nəhayət, cəmi 63 yaşda həyatına son qoyan…
Eyni zamanda prinsipial idi Zəfər bəy. Seçdiyi, doğru bildiyi yola sadiq bir şəxs idi. Yazılarından da qabarıq görünürdü bu. Yazıda, sözdə bir cür, həyatda, gerçəkdə isə ayrı cür olanlardan deyildi…
Zəfər Quliyevi yaxından yalnız son bir neçə ildə tanımışdım. Dərhal müsbət emosiya, pozitiv ovqat yaratmışdı məndə. Sanki enerji verirdi adama, gümrahlaşdırırdı.
Axır ilyarımda isə ruscadan analitik yazılarını Azərbaycan türkcəsinə çevirirdim, “Yeni Müsavat”ın Azərbaycan versiyasında dərc edirdik. Mübaliğəsiz deyə bilərəm ki, bu yazılardan dostumuz Hacı İlqarın cümə söhbətləri kimi mənəvi qida, zövq alırdım, rahatlıq tapırdım.
Eyni zamanda təbii ki, öyrənirdim. Məhz bu dərin, analitik təfəkkürdən doğan yazılardan sonra qəti əminlik hasil etdim ki, Zəfər Quliyev bu xalqa öz intellektual qabiliyyəti, dərin biliyi və savadı, hadisələrə və proseslərə özünəməxsus yanaşması ilə, əksər hallarda doğrulan təxminləri ilə hələ çox lazım ola biləcək sanballı bir ekspertdir, bişmiş mütəxəssisdir, qızıl genofondumuza məxsus, əvəzolunmaz ziyalıdır.
Zəfər bəy ölkədə, onun dışında fikirləri, təhlilləri, proqnozları həmişə mötəbər hesab ediləcək, barmaqla sayılacaq ciddi analitiklərdən idi. Dərin fikir adamı idi, milli insan idi. Onun istənilən geosiyasi məsələ, ələlxüsus Qarabağla bağlı təhlil və yazılarında Azərbaycan və onun maraqlarına təmənnasız bağlılıq qırmızı xətlə keçir(di).
Azərbaycanın dərdlərini və onlardan çıxış yollarını ürək ağrısı ilə, eyni zamanda olduqca elmi, politoloji dildə təqdim eləsə də, yazılarında bir Azərbaycan yanğısı, Qarabağ nisgili vardı. Çünki Vətən, Qarabağ ondan ötrü hər şeydən öndə idi, siyasi alver predmeti deyildi, ola bilməzdi…
Bioqrafiyasından kiçik bir haşiyə: bu, o Zəfər Quliyevdir ki, Rusiyanın tanınmış Regnum Agentliyinə erməni baş redaktor gələndən sonra onunla əməkdaşlığı davam etdirməkdən imtina eləmişdi – kifayət qədər yüksək qonorar təklif edilsə də…
63 il yaşasa da, hər kəsə nəsib olmayan zəngin bir bioqrafiya qoyub getdi o. Onsuz da hamımız ölüb gedəcəyik, Qurani-Kərimdə ayə var – “Bütün canlar ölümü dadacaq”. Ancaq önəmli odur ki, ölümdən sonra ölümsüzlüyünü qazana biləsən. Zəfər bəy bunu bacardı. Bunu zatən, hələ sağlığında qazanmışdı – ölümə zəfər çalmaqla…
***
Bu gün hamımız itirdik, media və ekspert ictimaiyyəti itirdi. İlk növbədə təbii ki, “Yeni Müsavat”, onun Azərbaycan və rus dilli elektron versiyaları, minval.az saytı, kollektivimiz itirdi. Azərbaycan xalqı, cəmiyyət bəlkə də fərqində deyil, amma o, daha çox itirmiş oldu – qeyrətli, gərəkli, xalqın rifahını onun özündən də çox arzulayan böyük oğlunu, alimini, qiymətli fikir adamını qeyb etdi.
Yeri hələ uzun müddət boş qalacaq – buna söz yox. Çünki öz zəngin, ictimai əhəmiyyətli, elmi-siyasi, elmi-pedaqoji fəaliyyəti ilə, intellektual və praktik ekspert təcrübəsi ilə Zəfər Quliyev hər şeydən öncə Vətənə, onun sabahına lazım idi.
Heyf, arzuladığı Azərbaycanı görə bilmədi. Odur ki, bizlərə bircə onun ən böyük arzusunu gerçəkləşdirməyə yardımçı olmaq qalır. Bu, ona vəfa borcumuz olmaqla yanaşı, ruhunu dincəldəcək ən yaxşı savab əməlimiz olardı.
Allah rəhmət eləsin! Qəlbi nurla dolsun. Vətən sağ olsun.