Sonuncu görüşümüz 23 yanvarda olmuşdu. Əlimiz dara düşən kimi ilk aradığımız bu gözəl insana zəng edəndə “mən elə burda, Rauf bəyin otağındayam” deyib də ikicə dəqiqə keçməmiş otağımıza təşrif buyurmuşdu. Hər zamankı sadəlik, mehribanlıqla…
Yanbayan əyləşib son durumdan danışmışdıq, prosesləri şərh eləmişdi. Sonra söhbət siqaretə necə qalib gəlməsindən düşmüşdü. Demişdi əvvəl günə 2-3 qutu çəkirdi, amma artıq 2-3 gülə ilə yola verir. Çox sevinmişdim, bəlkə elə özü qədər. Çox istəyirdik onu, birimizin xətrinə dəyməmişdi indiyənəcən. Biz onu tütünün zəhərindən qorumaq istəyirdik, nə bilək ki…
Çox qəribədir, Zəfər bəy son günə qədər ürəyinin dərinliklərində gəzdirdiyi ağrılardan söz açmamışdı. Hətta ən səmimi söhbətlərində belə. Redaksiyamızdakı anım mərasimində məlum oldu ki, yalnız son günlərdə ağrıları barədə dostlarına ürəyini açıbmış…
Mənim bu dəyərli insandan aldığım açıqlama və müsahibələrin sayı-hesabı yoxdur. Bircə dəfə təmkinini pozan görmədim onu, hər zaman sayğılı münasibət gördüm. Özü bütün dünyada məlumatlı olsa da, hər görüşündə gülərək “nə var-nə yox” soruşardı. Yadımdadır, hələ “Turan”da işləyəndə o zaman Xaqani-33-dəki ofislərinə gedər hansısa hadisəni şərh etməsini istərdim. Mərhum qardaşı filosof Həsən bəy ofisdə olanda onu göstərirdi. Bu, həm də onun böyüyə hörməti idi…
Səmimi söhbətlərimizdən biri də illər öncə “Yeni Müsavat”ın yaxınlığındakı parkda olmuşdu. O zaman Zəfər bəy özünün, hətta yaşı 90-nı adlamış atasının da vaxtilə yoqa ilə məşğul olmasından danışaraq məni heyrətləndirmişdi. Bəzən “canının qədrini bilən adam” təsiri bağışlayırdı. Hərdən gərginliklərdən baş götürüb oğlu İlkinlə birgə dağlara üz tutanda, ya da “bir az istirahət etmək istəyirəm” deyib şərh və yazılarına fasilə verəndə. Amma demə gizlində bir proses gedirmiş, bu proses onu bizdən uzaqlaşdırırmış addım-addım.
Feysbuk səhifəsindəki sonuncu status və paylaşımlarına baxıram. Sonuncu müəllif yazısının rusca versiyasını paylaşıb. Dilimizə tərcümə variantı çıxanda isə artıq həyata vida etmişdi Zəfər bəy. Parlament seçkilərindən bəhs edən yazını. O, çox sevdiyi məmləkətində normal ab-havanın yaradılmasını ən çox istəyənlərdən idi. Bu yazı bəlkə elə onun cəmiyyətə bir vəsiyyətiydi…
“İ on uşyol …” (Və o getdi…” Bu, üç kəlməni sanki özü haqqında yazıbmış. 26 yanvarda yazıb bu statusu. Dünyaca məşhur yunan musiqi əfsanəsi Demis Roussos haqqında…
Həmin gün qaranlıqla işığın vəhdətindən bəhs edən maraqlı bir fotonu da paylaşıb. Diqqət etsəniz görərsiniz ki, Zəfər bəy sosial şəbəkələrdə xeyli fotolarını paylaşıb. Elə “Musavat.com” da onların bir qismini yayıb. Bu fotoların bir çoxunda qayğısız görünməyə çalışırdı, yeni ilin, Novruzun gəlişini simvolizə edən aksessuarlarla, qarlı dağlarla, çaylarla, yollarla o qədər şəkilləri vardı ki. Özü demişkən, sivilizasiyadan uzaqda, bir bulaq başında oturub dincəlmək onunçün bütün dünyanın naz-nemətindən əfzəl idi.
Amma onun gözlərinin dərinliklərində qəm vardı, bunu yalnız diqqətlə baxanda görmək olardı. Bu, onun həyatının qüruba enməsinin əlamətiydi, yoxsa…Demək çətindir. Çünki Zəfər bəydə həyat eşqi çox güclüydü, 40 yaşında düşünürdüm ki, 63 yaşa çata bilməyəcəyəm” desə də…
62 yaşında həmkarım Aygün Muradxanlı Zəfər bəydən qarşıdakı 10 illə bağlı plan və arzularını soruşmuşdu. “Mən Şuşada olmuşam. Qarabağın gözəl təbiətini yenidən qayıdıb görmək istəyirəm…” demişdi. Təəssüf ki, Zəfər bəy Qarabağdakı zəfərimizi görmədi… Şuşanı da…Bir gün öncə vəfat edən digər böyük ziyalımız Vaqif Səmədoğlu da son günlərində “ölümdən qorxmuram, amma qorxuram Kəlbəcəri görmədən öləm” söyləmişdi. Bizim faciəmiz budur ki, kisəmizdən gedən böyük ziyalılarımız nakam köçürlər dünyadan – Qarabağ nisgili ilə. Yoxsa ölməyə nə var ki…
Hə, bir də ömrünün sonuna qədər fəal, gərəkli insan olmaq istəyirdi Zəfər bəy. Amma hələ bundan sonra bu millətə nə qədər gərək olacağını görəsən bilirdimi bu təvazökar insan? Elə biz jurnalistlərə də. Onun qədər soyuqqanlı təhlillər aparan siyasi analitiklərin sayı onsuz da çox az idi. Jurnalistikamızın böyük itkisidir həm də…
Elçibəy dünyasını dəyişəndə “Peyğəmbər ömrü yaşadı” demişdik. Vətənini Əbülfəz bəy qədər sevən Zəfər bəy də eyni ömrü yaşadı, Elçibəy qədər, Peyğəmbərimiz (s.ə.s) qədər. Və o getdi…Yeri çox görünəcək… Məkanı cənnət olsun! Cənnətməkan yerlərin seyrinə çıxmağı çox sevərdi sağlığında…