İşimiz getdikcə çətinləşir, əziz oxucular. Hakimiyyətin “onu yazmayın, bunu yazmayın” kimi arzu-istək-tələb-qadağaları ilə birtəhər baş edə bilirik, amma artıq həmkarlarımızın və oxucuların eyni münasibəti ilə üz-üzə, həm də kərəvəngə qalmışıq.
Nədən yazırıqsa, yazaq, mütləq bir ağıllı ya zəng edib deyir, ya da belə bir şərh yazır: “İşiniz, gücünüz qurtarıb, yazmağa başqa mövzunuz yoxdurmu?”
Məsələn, yağış yağır, küçələri sel basır, adamlar gölməçələrin ortasında, türkün sözü, mahzur, məhzun qalırlar, əməkdaşımız yazır, ertəsi gün qəzəbli zəng gəlir: “Yalnız pis şeyləri yazırsınız. Yaxşı işlərdən görmürsünüz”.
Dustağı məhbəsdə döyüb öldürürlər, əzizlərini fəryadı ərşə qalır, reportyorumuz tablaşmır, bir şeylər yazır. Material sayta qoyulandan yarım saat sonra şərh gəlir: “Qərəzlisiniz. Türmənin rəisindən umacağınız var”.
Məhkumə türmədə uşaq doğub, aləm dəyib bir-birinə, qalmaqal yaranıb, hamı kimi, biz də yazırıq, oxucular maraqla oxuyur, hər kəs serialın axır bölümünü intizarla gözləyir, bəziləri isə təhəmmül edə bilmir, şərh, mesaj, status yazırlar: “Qəzetçilər ucuz mövzu tapıblar”; “Media bu ayı da Lamiyə xəbərləri ilə yola verir” və s.
Sanki gənc və binəsib qadın türmədə ana olmasaydı, ölkədə yazmağa mövzu olmayacaqdı.
Bir başqası isə əmindir ki, bu mövzu ona görə gündəmdən çıxmır ki, hazırkı daxili işlər naziri Penitensiar Xidmətin rəisinin karyerasına balta vurur, o nazir ola bilməsin deyə.
İranda, Türkiyədə, Gürcüstanda 5-6 min qiyməti olan tibbi əməliyyatın öz ölkəmizdə 20 mindən aşağı olmadığından yazırsan, “oxucu” zəng edib dalaşır: “Öyrənmisiniz özümüzünküləri pisləməyə, siz gedin xaricilərə yaltaqlanın”. Deyirsən, nə yaltaqlanmaq, adamın canı, pulu gedir və məqsəd yaltaqlanmaq deyil, sağalmaqdır.
Yazırsan ki, bəzi universitetlərdə təzə rüşvət bicliyi çıxıb, dərsi qavramayan tələbələr semestrdə imtahan götürəcək müəllimin yanına məşğələyə gedir, ona ayda repetitor haqqı olaraq 300 manat ödəyir, axırda fənni, predmeti bilməsələr də müvəffəq qiymət alır, kursdan-kursa keçirlər, dərhal biri şərh yazır: “İndi nə deyirsiniz? Tələbələr müəllimlərin yanına məşğələyə getməsinlər? Öyrənməsinlər?”
O gün bir oxucu bizi müqəddəslərə and verib ki, nə Hafiz Hacıyevdən, nə də Tolikdən yazmayaq. Başqa bir oxucu isə Əli Mirəliyevdən yazacağımız təqdirdə saytı bir daha açmayacağı ilə hədələyib. Elza Seydcahandan yazmağımıza söyüş qoyan oxucumuz da var.
İndi bir problem də var, “Müsavatdan niyə yazırsınız, demirdiniz ki, partiya qəzeti deyilsiniz” kimi irad bildirən şəxsi tapıb icazə almalıyıq. Hələ başqa sifarişlərimiz də var: “Qüdrətin partiyasının xəbərləri nə qədər vacibdir ki, sizin saytda gedir?”; “Asim Mollazadənin səfərləri mənim nəyimə lazımdır, niyə sayta girib onu oxumalıyam?”; “Azay Quliyev gündə bir görüş keçirir, şəkillərini verirsiz, nəyimizə lazımdır?”; “Vüqar Bayramova, Natiq Cəfərliyə çox yer verirsiz”; “Qubad İbadoğlu Müsavata qarşı çıxır, amma siz onun açıqlamalarını, yazılarını verirsiniz”. “Ramil Usubovdan niyə yazmırsınız?”; “Ziya Məmmədovdan nə qədər yazacaqsınız?”; “Kəmaləddin Heydərovu yaddan çıxarmısınız, görünür, sizə də şirəli içkilər gəlir”; “Elmar Vəliyev haqq-hesabını çatdırdı, ona görə daha ondan yazmırsınız?” (Əgər yazmışıqsa, val dəyişir) “Aha, Elmar Vəliyev hesabınızı gecikdirib, ona görə yazdınız, eləmi?”; “İŞİD-dən yazmayın e, öz quldur, başkəsən məmurlarımızdan yazın”; “Son illərdə 300 körpü tikilib, bunlardan yazın”; “Yol tikintisində mənimsənilən milyardlardan yazın” və sair və ilaxır.
Bax, vəziyyət belədir. Hələ o gün Elşad Abdullayev də belə bir şərh yazıb: “Feysbuk səhifəmdə ”Filankəssayağı adam oğurluğu” başlıqlı yazı yazmışam, onu niyə götürüb vermirsiniz?” Əməkdaşımız da ona belə bir cavab verib: “Ona görə verməmişik ki, bizim qəzeti sizin ABU kimi bağlamasınlar”. Bir nəfər də bu cavaba hiddətlənib: “Elədirsə, qəzetinizi bağlayın, gedin başqa işlə məşğul olun”.
Variant yoxdur. Əgər oxucular da təzyiqi, senzuranı bu cür davam etdirsələr, gərək elə edək…