Təzəlikcə pensiyaçılarımıza böyük müjdə verildi, onların aylıq pulu prezidentin sərəncamı ilə artırıldı. Bəs bu artım nə qədərdir? Orta hesabla 1 manat 2 qəpik! Sevinc hissimizin həddi-hüdudu yoxdur!
Düzdür, mən hələ pensiyaya çıxmamışam, ancaq ölkəmizdə yaşayan qoca insanların qayğısına bu cür şiddətlə qalınması istər-istəməz mənim də qəlbimi fərəh hissi ilə doldurur. Fərəh hissi aşıb-daşır, bəzən aşağı mərtəbədəki qonşularımıza da pay çatır, onlar mənim fərəh hissimdə islanırlar. Şair demişkən:
“Nemətsə də gözəl şeir,
Şair olan qəm də yeyir”.
Açığı, bu deyəsən ayrı yazıma aid sitat idi, hardan gəldi bura girdi, anlamıram. Qovuram da getmir. Üzrlü sayın, hörmətli oxucular.
Əslində bu məqamda Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri, görkəmli şairimiz Vaqif Bəhmənlinin Vaqif Səmədoğlunun ölümünə həsr etdiyi şeirdən bir parça olmalı idi:
“Bir az ağı,
bir az bayatı,
bir az da
həyat anlatdı
salona toplaşanlara…
Yəni ki, özünü
kişi kimi apardı Vaqif Səmədoğlu –
Halbuki, mən
bundan nigaran idim.
Prezident sərəncamını,
yetmiş beş illik
yubiley təntənəsini hökumətin,
Mədəniyyət və Turizm Nazirliyinin
işi kimi apardı Vaqif Səmədoğlu –
Halbuki, mən
bundan nigaran idim”.
Gördüyünüz kimi, sənətkar ara yerdə öz nazirliyini də babat reklam etmişdir. Nə sözümüz ola bilər, 1983-cü ildən AYB üzvü olan şair hər şeyə qadirdir. Qəti nigaran olmaq lazım deyil. Sadəcə, belə şairlər imkan vermir ki, Elza Seyidcahan kimi gənc və perspektivli yazarlarımız, qəlbi Natəvan, Məhsəti, Mirvarid Dilbazi ruhu ilə döyünən şairələrimiz də bir gün görsünlər, öz sənət əsərləri ilə xalqımızı sevindirsinlər.
Pensiyaların 1 manat 2 qəpik artırılmasına dönək, gedəcək ayrı yerimiz də yoxdur.
Sözgəlişi, bu sərəncamlar veriləndə adətən belə ifadə olur: “pensiyaların baza hissəsi artırıldı”. Bu baza hissəsi sözündən mənim çox xoşum gəlir, sanki pensiyaçı Məmmədhəsən əminin, Gülpəri nənənin hansısa bazası var. Neft bazası, qənd-çay bazası, nə bilim, lap hərbi bazasıE Üstəlik, bu bazaya 1 manat əlavə olunması bir qədər lətifə xarakteri daşıyır.
Qətiyyən! Özüm burda lətifə sözü yazdım, hökumətin tapşırığı idi. Vətəndaşların dövlətçiliyə sədaqətini yoxlayırdıq, kim sərəncama güldüsə hamısını tutacağıq. Bax, sən – qırağa baxma! Səni deyirəm! Elə bilirsən hökumət sərəncama güldüyünü görmədi? Axşam qara maşın gələcək. 1 manat 2 qəpiklik artım böyük rəqəmdir. Bununla çox şey eləmək olar.
Məsələn, 100 qram ət alıb kabab çəkmək mümkündür. Qarın doymağı önəmli deyil, təki iyi çıxsın. O iy bütün Qafqaza yayılsın, ermənilərin bağrı yarılsın! Halbuki, heç onların pensiyalarına 1 manat 2 qəpiklik artım olmayıbdır. Qarabağda yaşayan erməni vətəndaşlarımız var, separatçılıq üzündən hətta 25 ilə yaxındır pensiyalarının baza hissəsinə heç bir qəpik də artım edilmir. Əcəb olur.
1 manatla 5 dəfə avtobusa minmək mümkündür. Təxmini marşrut cıza bilərəm. Misal üçün, tutaq ki, sən pensiyaçısan, özün də Biləcəridə yaşayırsan. 20 qəpik verib 67 saylı avtobusla “Şamaxinka”ya gələ bilərsən. Orda düşüb 65 saylıya minirsən, bu səni gətirir bulvar yaxınlığına. Düşüb bulvarda xoş ovqatla gəzirsən, gərnəşirsən, mavi dalğalar qoynunda üzən “kakaşka”lara baxıb analoqu olmayan iqtisadi yüksəlişimizi pərvaz edən qağayıların tərənnümüE Nəsə, cümlənin ipi əldən getdi, burda dayanaq.
Sözümün canı odur ki, sonra eyni marşrutla evinə qayıdarsan, bu dünya turuna nə qədər xərcin çıxar? Cəmi 80 qəpik! Hətta 22 qəpik cibində qalır! Halbuki başqa ölkələrdə yaşayan pensiyaçılar Roma, Paris, Barselona turlarına çıxmaq üçün yüzlərlə dollar xərcləyir.
Hökumətdən xahiş edirik gələn dəfə artım edəndə 2 qəpiyi özünə saxlasın. Bəlkə Ziya müəllimə-filana lazım olar. Yol çəkməyə. Çünki yol mədəniyyət deməkdir! Yol olmasa pensiyaçılar bulvara necə gedərlər?