Daha danılası, gizlədiləsi, diplomatik ifadələrlə pərdələnəsi bir şey yoxdur: biz dövlət olaraq Rusiyadan qorxuruq.
Bunu Avropa Şurasının Parlament Assambleyasında Rusiyanın Ukraynaya hərbi təcavüzünə dair keçirilən səsvermə bariz şəkildə ortaya qoydu. Azərbaycanlı deputatlar Rusiyaya tərəf çıxdılar.
Əlbəttə, burda heç bir özfəaliyyətdən, şəxsi iradədən söhbət gedə bilməz. Bu, rəsmi Bakının, mövcud rejimin iradəsiydi.
Şəxsi iradəyə, normal düşüncəyə qalsa, yəqin ki, nümayəndə heyətinin tərkibində təcavüzə məruz qalan Ukraynaya qahmar çıxanlar tapılardı.
Biz əslində, xalq, millət, cəmiyyət olaraq Ukraynanın tərəfindəyik. Bu, istər-istəməz belədir. Çünki Ukrayna 1990-cı ildən bəri Azərbaycana həmişə siyasi, maddi dəstək verib. Ən ağır illərdə, çörək qıtlığı çəkdiyimiz zamanlarda Ukrayna ölkəmizə 50 min ton taxıl göndərib – həm də təmənnasız. Qarabağ məsələsində Ukrayna həmişə haqq işimizi müdafiə edib, Qarabağ separatçılarına qarşı həmişə birmənalı mövqe ortaya qoyub, heç vaxt ikili oynamayıb və sair və ilaxır.
Üstəlik, hazırda Ukrayna bizimlə eyni durumdadır. Bu ölkənin də artıq ərazisinin mühüm bir hissəsi işğal olunub, bir milyon qaçqını var, ölkəsində separatçılar müharibə aparır. Bu ölkə də Rusiyanın aqressiyası ilə üz-üzədir.
Azərbaycan və Ukrayna artıq neçə müddətdir ki, dərd ortağıdırlar.
Ancaq işə baxın ki, həlledici anda ölkəmizin rəhbərliyi bütün mahiyyətini, anatomiyasını beş barmağı kimi bildiyi halda Rusiyanın yanında yer alır, haqlı olan, təcavüzə məruz qalmış Ukraynanın tərəfində durmur.
Burada yalnız bir səbəb var: Rusiyadan qorxu. Hazırda özünü dünya birliyinə, Qərbə qarşı qoyaraq, heç vaxt olmadığı qədər aqressivləşən Rusiyanın qarşısında qorxan dövlətlər çoxdur. Regiondakı dövlətlərin, hətta rus ayısının caynaqlarının çata biləcəyi məsafədə olan bütün ölkələrin hökumətləri qorxur ki, Rusiya Ukraynanı buraxıb onlara cuma bilər.
Dünyanın ən ünlü politoloqlarından biri olan, ötən əsrin 80-ci illərində ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri işləmiş Zbiqnev Bjezinski hətta Putinin Tallin və Riqanı bir günün içində tuta biləcəyini qeyd edib.
Hamı bilir ki, Rusiya belə bir niyyətə düşsə, bunu edə bilər. Görünür, Azərbaycan rəhbərliyi də elə düşünür.
Gerçəklik budur ki, hazırda postsovet ölkələrindən biri Rusiya militarizminə qarşı duracaq gücdə deyil.
Ən pisi odur ki, onlar nəhəng aqressora qarşı hamılıqca birləşmək cəsarətində də deyillər. Hər biri təklənməkdən qorxur.
Bütün region dövlətləri çəkinir ki, ABŞ, Ingiltərə, Fransa, Almaniya birləşib onların köməyinə gələnə qədər rus tankları gəlib onların paytaxtındakı son barrikadanı dağıdar.
Hələ ikili standartlarla siyasət yeritməyə vərdişkar olan güclü dövlətlərin köməyə gəlib-gəlməyəcəklərini də bilmək olmaz.
Bu baxımdan hər kəs öz başının çarəsinə baxmağa çalışır – Qazaxıstan ehtiyatla, Özbəkistan ötkəmlikllə, Türkmənistan sırf neytralmış kimi, Qırğızıstan həlim-həlim, Tacikistan bütün hallarda “bə çeşm” reaksiyası ilə, Ermənistan yarışantaj-yarıyaltaqlıqla, Azərbaycan pişim-pişimlə, Gürcüstan 2008-ci ildən başlayan küsülülüyü qorumaqla, Belorus haçalı mövqeyilə, Moldova salam-səfa ilə.
Belə bir durumda hamının gözü tənha buraxılmış Ukraynadadır.
Putin bilir ki, Ukrayna ram edilməsə, Rusiya Federasiyasının subyekti olan Çeçenistanın gününə salınmasa, həyatının layihəsi – Avrasiya İttifaqı alınmayacaq. Ukraynanın müstəqil dövlətçiliyi məhv edilsə, ondan sonra gözləmə mövqeyində olan postsovet ölkələri bir patron sınıdırılmadan Moskva metropoliyasına tabe olacaqlar.
Ukraynada gedən dava Donbasın, Krımın qəsb olunması və ya azadlığı uğrunda gedən dava deyil, rus imperiyasının yeni adla bərpa edilməsi üçün aparılan müharibədir.
Bunu Qərb də bilir, Şərq də. Fəqət bu müharibənin ağırlığı yalnızca Ukrayna xalqının üstünə düşüb. Yerdə qalan qardaşlardan ona kömək yoxdur. Hər kəs oturub öz gözünün çıxarılacağı günü gözləyir.