Fevralın 4-də görkəmli ictimai və musiqi xadimi, müğənni, bəstəkar, xalq artisti, “İstiqlal” ordenli, professor Polad Bülbüloğlunun 70 yaşı münasibətilə Bakıda möhtəşəm konsert keçiriləcək.
Anspress.com-un məlumatına görə, yubiley münasibətilə fevralın 4-də Heydər Əliyev Sarayında Polad Bülbüloğlunun 70 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək. Tədbirdə Azərbaycanın və Rusiyanın bir sıra tanınmış musiqiçiləri, məşhur sənətkarları iştirak edəcəklər.
Yubiley gecəsində SSRİ xalq artistləri İosif Kobzon, Nani Breqvadze, Jurabek Murodov, Rusiyanın xalq artistləri Lev Leşenko, Larisa Dolina, Zaur Tutov, Nikolay Baskov, Lüdmila Rumina, Yuri Antonov, Rusiyanın və Gürcüstanın xalq artisti Tamara Qverdsiteli, Özbəkistanın xalq artisti Fərrux Zakirov, Gürcüstanın xalq artisti Vaxtanq Kikabidze, Alsu, Dmitri Malikov, görkəmli mədəniyyət və ictimai xadimlər Mixail Şvıdkoy, Yuli Qusman, Mixail Qusman, Zurab Sereteli, Tahir Salahov, Andrey Dementyev, Düsen Kaseinov, Anatoli İksanov, Yekaterina Rojdestvenskaya və digər mədəniyyət və incəsənət xadimləri, dövlət və hökumət nümayəndələri iştirak edəcəklər.
Qeyd edək ki, Polad Bülbüloğlunun yubileyi münasibətilə bu gün Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dövlət sifarişi ilə hazırlanan bəstəkarın “Eşq və ölüm” baletinin premyerası da olub.