Avropa ölkələrində yaşayan dostlar, xüsusilə də əli qələm tutan, yazı-pozusu, müşahidə qabiliyyəti, analitik təfəkkürü olan insanlar belə bir müşahidələrini bölüşürlər: bu cəmiyyətə qaynayıb-qarışa bildinsə, artıq səndən hansı millətdən olduğunu, haradan gəldiyini soruşmazlar.
Çətini qaynayıb-qarışmaq, onlardan biri olduğunu göstərə bilməkdir. Deyirlər, artıq bir isveçli üçün adamın fin, norveçli, alman, fransız, çex, polyak, latış, eston olmasının fərqi yoxdur, dövlət dilini bilirsə, işində vicdanla çalışırsa, onun etnik mənsubiyyətinin fərqinə varmazlar.
Ancaq bir alman və holland üçün adamın əfqan, kürd, pakistanlı, hind, iranlı, suriyalı, ərəb olmasının fərqi var. Çünki şərqlilər yerli cəmiyyətə hələm-hələm qaynayıb-qarışa bilmirlər. Bundan daha pisi odur ki, onlar bunu istəmirlər də. Avropanın ortasında öz icmalarında, muxtar cəmiyyətlərində yaşayırlar və elə bilirlər ki, bu yolla xoşbəxt ola bilərlər.
Norveç, İsveç, Hollandiya, Finlandiya, Danimarka, İsveçrə kimi ölkələr artıq neçə on illərdir etnik ayrı-seçkiliklər etmədən, onlara sığınmaq istəyən üçüncü dünya ölkələrindən gələnlərə qucaq açaraq, sözün əsl mənasında cənnət guşəsi əmələ gətiriblər.
Son illərdə isə bu ölkələr, eləcə də Fransa, İngiltərə, Almaniya, Avstriya, İtaliya kimi ölkələr emiqrasiya siyasətlərinə yenidən baxmağa, bəzi məhdudlaşdırıcı tədbirlər həyata keçirməyə məcburdurlar ki, yerli əhali şərqdən, cənubdan gedən yadelli qaçqınların ayağı altında qalmasın. Şərqli mühacirlərə qarşı PEGİDA kimi təşkilatlar yaranıb böyüməkdədir.
Maraqlıdır ki, avropalıların bu sayaq məhdudlaşdırıcı tədbirləri bir çox ölkələrdə “Avropanın müsəlmanlaşmasının qarşısını almaq istəyirlər” kimi hiddətli reaksiyalar doğurur. Bu görə Avropa dövlətlərini sərt şəkildə qınayanlar var.
Sanki şərq ölkələrindən gedənlərin Avropanı müsəlmanlaşdırmaq kimi eksklüziv bir hüquqları var, indi onların bu hüququ məhdudlaşdırılır və Avropa ölkələri belə edərkən antibəşəri addımlar atırlar.
Bir özümüzə də baxaq. Bir ara Çin Xalq Respublikasından, Pakistandan gəlib ölkəmizdə çalışan şəxslər küçələrdə, ticarət mərkəzlərində addımbaşı qarşımıza çıxırdı. Onlar o qədər çoxalmışdılar ki, bu mövzu mediaya çıxdı. Bu barədə reportajlar yazıldı, məsələ bir qədər ictimailəşdi, cəmiyyətdə narahatlıq doğurdu, aidiyyatı qurumların görməli olduğu işlər sadalandı.
Çox keçmədən Miqrasiya Xidməti tədbirlər görməyə başladı. Hər ay, bəzən hər həftə bu cür xəbərlər gəlirdi: “Ölkəmizdə qanunsuz işləyən daha 530 (1240, 346, 478 və s.) qanunsuz miqrant deportasiya edilib”.
Hiss olunurdu ki, Miqrasiya Xidməti təkcə deportasiya ilə məşğul olmur, həm də ölkəyə daxil olmaq istəyən miqrantların qarşısını alır, onların burada qalıb barına bilməməsi üçün tədbirlər görür.
Ölkənin siyasi rəhbərliyi də çox nadir, istisna hallarda hansısa miqranta, zülmdən, repressiyadan, ölümdən qaçıb gələn əcnəbiyə siyasi sığınacaq verirdi. Daha çox hallarda isə onları üçüncü ölkəyə yola salırlar.
Beləcə, hazırda ölkəmizdə qanuni və ya qanunsuz miqrantların sayı xeyli azalıb, 5 il əvvəlkindən azı beş dəfə fərqli saydadırlar.
Biz adicə Gürcüstandan gəlib burada çörəkpulu qazanan soydaşlarımızı da əcnəbi gözündə görür, bir çinliyə, pakistanlıya tətbiq etdiyimiz qanuni müddəaları onlara da tətbiq edir, eyni tələbləri irəli sürürük.
Uzun sözün kəsəsi, Azərbaycan artıq nə əmək miqrantları, nə də siyasi sığınacaq uman mühacirlər üçün cənnət guşəsi deyil. Burada onlara çörək, dolanışıq, yuva yoxdur.
Ancaq azərbaycanlılar özləri bir yanı hüdudsuz Rusiya, o biri başı Kanada olmaqla, dünyanın 50-yə yaxın ölkəsinə mühacirət edə, oralarda özlərinə gün-güzəran düzəldə bilərlər və bilirlər.
Biz hələ öz aramızda rayon, mahal, tayfa söhbəti aparırıq. Burdan-bura balaca bir ölkəni idarə edərkən mahallar, rayonlar, hətta kəndlər arasında ayrı-seçkilik edirik. Sonra da yüz bir millətin təmsilçilərini, üç dünyəvi dinə, əlli cür məzhəbə qulluq edənləri bir arada tutmağı bacaran Avropanı bəyənmirik.