İordaniya Hərbi-Hava Qüvvələrinin pilotu Muəz Yusuf əl Qəsasbinin İŞİD terrorçuları tərəfindən qəfəsdə diri-diri yandırılmasının əks olunduğu video Suriyanın Rəqqa şəhərinin küçələrinə yığışmış yerli sakinlərə nümayiş etdirilib.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Suriyanın bu şəhərini ələ keçirəndən sonra oranı öz paytaxtı elan edən İŞİD 26 yaşlı iordaniyalı pilotun diri-diri yandırılma səhnəsinin çəkildiyi videonu küçələrdəki iri monitorlarda nümayiş etdirib.
Monitorların qarşısına yığışanlar bu zaman “Təkbir!”, “Allahu-əkbər!”, “Maşallah!” qışqıraraq yaşanan vəhşəti razılıqla qarşılayıblar.
Yığışanlar arasında uşaqlar da az deyildi.
6 yaşlı oğlan monitordakı vəhşəti böyük məmnunluqla seyr edəndən sonra gülümsəyərək deyib: “O murdara yaxşı oldu! Bu pilot əlimə keçsəydi, mən də onu yandırardım!”
İordaniya kralı 2-ci Abdulla isə pilotun qisasının alınacağını və ölkəsinin İŞİD-ə qarşı sərt mübarizə aparacağını bəyan edib.
“Dinimizi, dəyərlərimizi, insanlıq prinsiplərini müdafiə etmək üçün bu müharibəni aparırıq. Savaşımız amansız olacaq. Onları öz ərazilərində vuracağıq”, – kral deyib.