Deyirlər, Aslan Aslanovu “vurmaq” üçün qəzetlərə, saytlara sifariş verilib. Bunu deyən şəxslər adi adamlar deyil, deputatlardır, məmurlardır.
Bu, ölkədə belədir, bir haqq söz deyirsənsə, hansısa aktual mövzuda yazırsansa, gərək “filan qüvvəyə işləyir”, “filan yerdən sifariş alıb” ittihamına hazır olasan.
Hətta müəyyən mövzunu cəncəlli sayaraq, yazmırsansa, yenə də ittiham edəcəklər: “Pul alıblar, ona görə yazmırlar”.
Ona görə də artıq belə iddia və ittihamları ciddiyə almaq mümkün deyil. Fəqət Aslan Aslanovun “sifarişlə vurulması”nı iddia edənlər çox ciddidirlər – özləri sifariş almış kimi.
İndi baxaq görək, sabiq İH başçısı (sonradan nazir müavini) haqda bu sifarişi kim verə bilər?
Bu sifariş müxalifət düşərgəsindən ola bilərmi? Prinsipcə, ola bilər. Zamanında Aslan Aslanov dinc insanlarla yanaşı, yerli müxalifətçiləri də daimi təqib-təzyiq altında saxlayıb, hamısına cürbəcür pisliklər edib.
Bununla belə, onlar üçün artıq sabiq İH başçısı onsuz da “vurulmuş” adamdır, Aslanov olmasın, Şirbalayev olsun, ölkədə avtoritar idarəetmə üsulu bərqərardısa, İH başçısının şəxsiyyətinin önəmi yoxdur.
Bəlkə Aslanov barədə sifarişi oliqarx, odioz nazirlərdən biri verib? Güc nazirləri ola bilərmi?
Əlbəttə, ola bilər. Ancaq əgər onlar güc naziridirsə, əllərində kimisə tutmaq, mühakimə etmək üçün az qala hüdudsuz səlahiyyətlər varsa, torba tikməyi də yaxşı təşkil etdirə bilirlərsə, daha mediada tozanaq qopartmalarına ehtiyac yoxdur. İstədikləri vaxt səssiz-səmirsiz şəkildə, onsuz da xirtdəyə qədər zibilin içində olan sabiq İH başçısını içəri çəkə bilərdilər.
Bəlkə onlar ictimai rəyi hazırlayırlar? Amma Aslan Aslanov ictimai rəydə çox da müsbət reputasiyaya malik deyil ki, onun ictimai dayağını sarsıtmaq üçün mətbuatda “artilleriya hazırlığı” aparlsın.
Beləliklə, əgər deputatların dediyi kimidirsə, Aslanov doğrudan da sifarişlər “vurulur”sa və bunu hakimiyyət komandası daxilindəki hansısa qrup və ya kimlərsə edirsə, demək, həmin müdafiəçi deputatlar başqa bir qrupda yer alırlar və öz komanda yoldaşlarına qarşı çıxırlar. Bəs onlar bunu edərlərmi? Əsla.
Böyük ehtimalla Aslanovun müdafiəçiləri ortada heç bir sifarişin olmadığını özləri də bilirlər və sabiq İH başçısının müdafiəsini bu cür, onu təzyiqə məruz qalmış kimi göstərərək qurmaq istəyirlər.
Ölkədə sifarişlə “hücum edən”, “müdafiə quran” media qurumlarının Aslanovun tərəfində durması da xoruzun quyruğunu göstərir. Əgər Aslanovu “vurma” sifarişi verən olsaydı, kampaniyaya birinci məhz həmin “hücuma hazır” media qurumlarını cəlb edərdilər və əmin olun ki, onlar Aslanovun daşını daş üstə buraxmazdılar.
Bir sözlə, məntiqlə yanaşanda aydın olur ki, ortada sifariş varsa da, sosial sifarişdir, haqq-ədalətin sifarişidir. Bu, elə bir mövzudur ki, bundan yazmamaq mümkün deyil. Bu mövzuda yazmamaq üçün kimlərinsə aldığı pul-para isə irin-qandır.
Söhbət namus cinayətindən gedir. Məsələnin erotik-merotik tərəfi də sıfıra bərabərdir. 11-12 il öncə bir hadisə olub keçib, ancaq onun hazırda açılmaqda olan detalları adamı üşəndirir.
Məsələn, Lamiyənin anası Kifayət Quliyevanın qəzetimizə verdiyi müsahibədə belə bir ifadə var: “Bizi bu hadisəyə görə polisə aparanda orada bəlkə də 100-ə yaxın qız və valideyni vardı. Allaha and olsun ki, hələ Tbilisidən, Bakıdan da qızları gətirmişdilər. … Ruslan kiminlə münasibətdə olubsa, onları yığıb gətirmişdilər polisə”.
İndi siz o situasiyanı təsəvvür edin: 100-ə yaxın qızı və valideynini polisə aparıblar ki, Ruslanın onlarla münasibəti olub. Buradan o nəticə çıxır ki, bir gənc öz qısa ömründə bu cür şahzadə həyat tərzi keçirirmiş.
Hər şeyi bir kənara buraxmaq lazımdır – uşağın atasının kimliyinin də heç bir əhəmiyyəti yoxdur. Əsas məsələ günahsız insanlara ağlagəlməz iztirablar çəkdirilməsidir. Zərərçəkən şəxs, qətlə yetirilən oğlanın qisas hissi ilə alışıb-yanan atası bu işgəncə və iztirabları insanlara Azərbaycan dövlətinin adından yaşadıb.
Əgər o, nikahdankənar hamiləlik olayı olmasaydı, bütün bu məşəqqət və haqsızlıqlar yalnız bir qrup insanın yaddaşında qalacaqdı.
Buna cavab verilməsi lazımdır. Yoxsa nə sifariş, nə tapşırıq…