Məncə, artıq bu qadın susmalıdır. Dövlətçiliyimizə qarşı atdığı böhtanlara görə cavab verməlidir. Jurnalist Xədicə İsmayılın yanına da göndərmək olar. İttiham? Əşi, bu ki lap asan zaddır. Məktəb müəllimələrindən birini üzünə qoymaq olar: “Məni intihar həddinə çatdırmışdır”. Vəssalam. Yoxsa bunu durdurmaq çətin olacaqdır.
Bilmirəm başa düşdünüz, ya yox, söhbət Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadədən gedir. Hər dəfə dövlətçiliyimizin fontan vurduğu, Almaniyanı ötüb, Amerikanı toza bülənd elədiyimiz anda Məleykə xanım götürür bir brifinq keçirdir. Elə bil qəsdən eləyir. Həmin brifinqdə təhsilimizdəki problemləri ortalığa qoyur. Deyən gərək, sənin nə işinə qalıbdır? Valideynlər razıdır, müəllimlər razıdır, cənab prezident razıdır. Hətta Elmlər Akademiyası və BDU da razıdır. Bəs sən niyə təhsilimizi bəyənmirsən? Nəyin çatışmır? Ümummilli əmimiz Cəlal əmi demişkən, almısan mandatını, otur yerində.
Burda bir haşiyə çıxaraq qeyd edim ki, Cəlal əminin hazırda 87 yaşı var, bir sayt yazıb guya bu çoxdur, təzə deputatxanaya onu buraxmayacaqlar. Mənasız söhbətdir, Cəlal əmi 187 yaşında da bizim deputatımız olmağa layiqdir. Xalq onu sevir, tanıyır, xüsusilə hər bazar ANS-də Mirşahinin verilişi olanda Azərbaycanın hər yerindən “Cəlal əmi, ömrün uzun olsun!” duaları səslənir. Düzü, səbəbini bilmirəm. Amma hər halda, Cəlal əmiyə ümumxalq sevgisi sonsuzdur. Yoxsa elə cavan uşaq-muşaqlar var, deputat qoyublar, nəinki bazar günü, heç bir gün yada düşmürlər. Dünən AzadlıqRadiosunun saytında “Bu deputatları tanıyırsanmı” sorğu-viktorinası var idi, şəxsən mən 10 deputatdan cəmi 5-ini tanıdım. Hələ utanmadan yol polisini söyürlər. Rəhmətliyin uşağı, sizi heç jurnalistlər tanımır, yazıq yol polisi çavuşu hardan tanısın?
Qayıdaq TQDK sədrinin təxribatçı, xarici qara qüvvələrin dəyirmanına su tökən, bəzən ekstremist, bəzən dağıdıcı xarakter alan çıxışlarının yanına. Elə dünən növbəti brifinq eləyib, deyir orta məktəb uşaqları pis oxuyur, müəllimlər pis dərs keçir, yuxarı siniflərdə adını yaza bilməyənlər var və sairə. Açığı, Abbaszadə orda xeyli rəqəmlər də səsləndirib, guya bununla nəsə sübut edib, ancaq mən o yalan-palan rəqəmləri burda təkrarlamaq istəmirəm. Şair demişkən, “Bizdə şeir də var, sənət də vardır, Şairə, sənətə hörmət də vardır”. Rəqəmlərə olmasa da, bəzi subyektiv fikirlərinə cavab verməliyəm. Bu mənim vətəndaşlıq borcumdur!
Misal üçün, deyir ki, müəllimlərin çoxunun peşəkarlıq səviyyəsi aşağıdır. Yalana bax! Bəs sən keçən seçkidə Yasamal məktəbində jurnalisti boğan Əfruz müəlliməni görmədinmi? Əfruz müəllimə bələdiyyə bülletenlərini qutuya doldurmaqla yanaşı havaya uçdu, jurnalistə bir kəllə qoydu, eyni anda şpaqat açaraq üst-üstə yığılmış 6 kərpici karate fəndi ilə ortadan qırdı!
Yaxud, Suraxanı rayon N saylı məktəbdə (hərbi sirr olduğu üçün məktəbin dislokasiya yeri, nömrəsi gərək yazılmasın) ana dili və riyaziyyatdan dərs deyən Güllübəyim Qaplanova o qədər peşəkardır ki, uşaqlara təkcə sinifdə dərs keçmir. Uşaqlar dərsdən sonra yolda hərfləri öyrənirlər, Güllübəyim müəllimə ilə birgə dükana girib “Bakuş” alır, bu zaman hesab keçirlər, axırda müəllimənin evində repetitor kurslarında elmin incəliklərinə uyğunlaşırlar – ayı 50 manatdan. Bəzən uşaqlar evə getməyə vaxt tapmır!
Elə bu kimi halları görən cənab prezident təzəlikcə 28 faiz müəllimin maaşını 33 faiz artırdı, bununla da təhsildə islahatların 45 faizinin yerinə yetirilməsində 57 faiz artım oldu! Bəs Məleykə xanım niyə bunları görmür? Niyə ancaq problemləri göstərir?
İndi söz əlaqədar təşkilatlarındır. Daha bezmişik, vallah…