“Bu layihə bizi birləşdirir və onunla bağlı əlavə əlaqələndirmə, fikir mübadiləsi lazımdır. Əminəm ki, bugünkü görüş ərzində fikir mübadiləsi, müzakirələr bu layihənin uğurla həyata keçirilməsinə töhfə verəcəkdir”.
“Qafqazinfo”nun məlumatına görə, bunu fevralın 12-də Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Cənub qaz dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşündə çıxışı zamanı deyib:
“Azərbaycan neftçiləri faşizm üzərində Qələbənin əldə edilməsinə böyük töhfə veriblər. Ola bilsin ki, Azərbaycan nefti olmasaydı, İkinci Dünya müharibəsinin nəticələri başqa cür olardı”.
Dövlət başçısı qeyd edib ki, 1994-cü il Azərbaycanın yeni enerji strategiyasının başlanğıc ili olub: “1994-cü ildə imzalanan müqavilə dərhal “Əsrin müqaviləsi” adını aldı. Bu, sərmayələrin həcmi və resurs əsası kimi götürülən “Azəri-Çıraq-Günəşli” yatağının dünyadakı ən böyük neft yataqlarından biri olması faktı ilə bağlı idi. İyirmi ildən çoxdur ki, həmin yataq işlənilir və ölkəmizdə neft hasilatının əsas özəyi hesab olunur. Buna görə də 1994-cü il enerji strategiyasının başlanğıc ili oldu. Beləliklə, Xəzər dənizi ilk dəfə olaraq xarici sərmayələr üçün açıq elan edildi. 1997-ci ildə “Çıraq” platformasında ilk neft hasil edildi. Bu, ola bilsin ki, neft sənayesi tarixində rekord idi”.
Prezident bildirib ki, bu layihədə iştirak edən bütün ölkələr və şirkətlər arasında əlaqələndirmə və səmərəli ünsiyyət uğurun əsas ilkin şərtlərindən biridir:
“Əvvəlcə olduğu kimi, Gürcüstan, Türkiyə və Azərbaycan arasında aparılmış üçtərəfli əməkdaşlığa bənzər qaydada işləməliyik. Həmin üçtərəfli əməkdaşlıq və yüksək səviyyədə olan qarşılıqlı etimad, dəstək artıq qeyd etdiyim layihəni həyata keçirməyə imkan yaratdı. Hazırda isə daha mürəkkəb vəziyyətdir. Çünki iştirakçıların və tərəflərin sayı çoxdur. Buna görə bizə maksimal səviyyədə qarşılıqlı etimad lazımdır və bir-birimizi dəstəkləməliyik. Hamımız bu layihənin həyata keçirilməsinə töhfə verməliyik ki, onu vaxtında icra edək”.
Prezident vurğulayıb ki, Cənub qaz dəhlizi enerji təhlükəsizliyi layihəsidir: “Bu, bizim üçün enerji təhlükəsizliyidir. Çünki Azərbaycan beynəlxalq bazarlara böyük həcmdə təbii qazı ixrac etmək imkanı qazanacaq. Mənbələrin şaxələndirilməsi vacibdir. Bu halda, Xəzər dənizində çıxan qaz – Azərbaycan qazı növbəti illər ərzində Avropa istehlakçıları üçün yeganə yeni qaz mənbəyi olacaq.
Əlbəttə ki, bu, tamamilə başqa vəziyyət yaradır. Bu gün qarşımızda ölkələrdən ibarət komanda var. Çox şadam ki, bugünkü görüşdə cənab Şefçoviç iştirak edir. Bu, planlarımızda nikbinliyi artırır. Çünki əminəm ki, bu layihənin həyata keçirilməsi məqsədilə nəzərdə tutduğumuz bütün məsələlər öz həllini tapacaq. Layihə vaxtında icra olunacaq və hamımız Cənub qaz dəhlizinin baş tutmasını qeyd edəcəyik. Lakin buna nail olmaq üçün əlaqələndirmə, qarşılıqlı etimad və bu prosesə qoşulmuş bütün ölkələr arasında sıx qarşılıqlı əlaqə lazımdır”.