Almaniyanın ZDF telekanalı Rusiya prezidenti Vladimir Putinin keçmişi haqqında sensasion sayıla biləcək sənədli film nümayiş etdirib.
Modern.az saytının xarici KİV-ə istinadən verdiyi məlumata filmdə bildirilib ki, Vladimir Putin hələ SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) agenti olarkən 5 dəfə sui-qəsdə məruz qalsa da, canını qurtara bilib.
“Adam Putin” adlı sənədli film “Rusiya dövlət başçısının sirləri” olaraq təqdim edilib.
ZDF iddia edib ki, Vladimir Putin Almaniya Demokratik Respublikasında xidmət edərkən 5 dəfə sui-qəsdə məruz qalıb.
Lakin Putini öldürmək üçün edilən cəhdlərin hansı illərdə olduğu açıqlanmayıb.
Telekanal keçmiş DTK əməkdaşlarından birinin dili ilə bildirib ki, Putini öldürmək cəhdlərindən biri İngiltərədəki “Heathrow” hava limanında olub. Lakin SSRİ DTK-nın xəbərdarlığından sonra ingilis kəşfiyyatının bu qətl planının qarşısını aldığı bildirilib.
Bundan başqa o da bildirilib ki, Vladimir Putin 1985-1990-cu illərdə Almaniya Demokratik Respublikasında xidmət etdiyi zamanlarda Moskvadan gələn əmrləri icra etməyib və özünün şəxsi kəşfiyyat şəbəkəsini qurmağa çalışıb.
Putin haqqındakı filmdə vurğulanıb ki, o, ilk vaxtlar jurnalist kimi Almaniyaya girib.
ZDF Qərb kəşfiyyat mənbələrinə istinad edərək bildirib ki, Vladimir Putin 2010-cu ildə plastik əməliyyat olunub. Bundan əlavə o da söylənilib ki, Putin boşandığı arvadını (Lüdmila Putin) da döyürmüş.