Bu hadisə hələ bir həftə öncə gözlənilirdi. Əslində isə Lamiyə Quliyeva uzaqbaşı 2013-cü ildən azadlıqda olmalı idi. Yenə şükürlər olsun ki, azad medianın müdaxiləsi, problemi ictimailəşdirməsi və bunun da məntiqi sonucu kimi kifayət qədər yüksək səviyyədə düyməyə basılması nəticəsində ədalət bir balaca zəfər çaldı.
Lamiyəni türmədə çürütmək istəyən dairələrin planları beləcə alt-üst oldu. İndi həbs növbəsi sonuncularındır. Görək, medianın gücü buna da yetəcəkmi? Təbii ki, hər şey mətbuatdan asılı da deyil. Hansı ölkədə yaşadığımızı unutmayaq. Ona qalsa, 15 yaşında namusuna təcavüz edilən bir qızcığaz hüquqi-demokratik dövlətdə ən pis halda 1-2 il şərti iş ala bilərdi. Hüquqşünaslar daha dəqiq bilər yəqin ki – bəlkə heç onu da almazdı.
Sözü ona gətiririk ki, qanunların nə qədər ayaqaltı olduğu məmləkətdə yaşasaq belə, heç olmasa, ilahi ədalət ara-sıra bizim kimi ölkələri də “vurur”. Lamiyənin azadlığa çıxması da vəzifədən sui-istifadə hesabına illərlə fironluq eləmiş, faktiki, dövlət içində dövlət qurmuş Aslan Aslanov kimilər üçün fələyin “geri sayım” müjdəsi sayılmalıdır.
Adamın hikkəsinə bax ki, bu boyda həngamədən sonra da haqqı müdafiə edən insanları, vəkilləri həbslə hədələyir. Kimə güvənir görən? Türmənin çoxdan darıxdığı bir adamın belə özündən arxayınçılığının əlbəttə ki, ciddi nədəni, motivi olmalıdır…
İstənilən halda ümid eləmək qalır ki, Lamiyənin gec də olsa azadlığa qovuşması ilə çox sayda günahsız insanlara, nəsillərə sitəm edib qan uddurmuş və qan uddurmaqda davam edən, bu zaman tamamilə cəzasız qalan bir azğın dəstənin Haqq Divanına çəkilməsi prosesinin başlanğıcı, qaranquşu olacaq. İnanmaq istərdik. İnam isə ən axırda ölür…
Hələliksə, əlahəzrət məntiq onu diktə edir ki, “qatil” Lamiyə azadlığa buraxılıbsa, onun köməkçisi, ömürlük həbs almış Vüqar Əliyev də dərhal buraxılmalıdır. Görək nə olur. Görək, məsələyə kontrol edənlər hara kimi iradə ortaya qoya biləcəklər.
Ötən yazılarımızda dönə-dönə vurğuladığımız kimi, bu kimi qalmaqallı cinayət olaylarında haqq-ədalətin gec də olsa öz yerini tutması ilk növbədə belə ədalətsizliklərin, daha doğrusu, orta əsrlərə xas vəhşiliklərin, o sırada linç məhkəmələrinin bir daha təkrarlanmaması baxımından, başı çönmüş məmurların, günahsız insanlara işgəncə, həbs cəzası vermiş məhkəmə-hüquq sistemi, polis orqanları nümayəndələrinin özlərini yığışdırması üçün önəm daşıyır; böyük ictimai ibrət kəsb edir.
“Lamiyə işi”nin axıra çıxılması şübhə yox ki, ən əvvəl ictimai maraqların təmin edilməsi, toplumda heç olmasa minimum səviyyədə ictimai-sosial ədalətin bərpası, nəhayət ,insanların, bütövlükdə xalqın öz dövlətinə, onun ədalətinə, femidasına inamının tam sarsılmaması üçün vacibdir.
Bu xüsusda “Lamiyə işi”ni neçə vaxtdır ciddi cəhdlə, qəsdən adiləşdirən və arxa plana keçirməyə çalışan, mətbuatın gündəmindən çıxarmağa səy edən, hətta mətbuatı “mövzu tapmadığı üçün” qınayanlar indicə sadaladığımız ictimai, dövlət maraqlarına, ictimai dəyərlərə və əxlaqa qarşı gedənlərdir. Sual çıxır, əgər onların qohumlarından olan bir yeniyetmə qızın başına belə müsibətlər gəlsəydi, yenə indiki mövqedəmi olardılar?
*****
“Məndən ötdü ,sənə dəydi” deyib keçməyin lütfən. Sənə də dəyə bilər. Sənə, mənə, bizə dəyməməsi üçün isə Allahın ipini, insaniyyəti itirməmək lazım!