Fevralın 23-dən etibarən 1 ABŞ dollarının rəsmi məzənnəsi 0,90 manat ola bilər.
Bu barədə Modern.az saytı rəsmi mənbələrdən məlumat əldə edib.
Məlumatda o da var ki, 21 və 22 fevral iş günləri olmasa da, bütün banklara həmin günlər işçilərin işdə olması tapşırığı verilib.
Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 21 fevral 2015-ci il tarixinə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1,05 manat səviyyəsində müəyyən edilib.
Mərkəzi Bankdan verilən məlumata görə, bu qərar milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirmək, bu əsasda tədiyyə balansının və ölkənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlığını təmin etmək məqsədilə qəbul edilib.
Məlumatda bildirilib ki, manatın məzənnəsinin korreksiyası həmçinin xarici ticarət tərəfdaşımız olan əksər ölkələrin milli valyutalarının son dövrlərdə əhəmiyyətli ucuzlaşmasının milli iqtisadiyyatın rəqabət üstünlüklərinə mənfi təsirlərini neytrallaşdırmağa yönəlib. Mərkəzi Bank müəyyən edilmiş dəhliz çərçivəsində valyuta bazarında iştirakını davam etdirəcək.