Dollarla krediti qaytaranlar əvvəlki qayda ilə ödənişi həyata keçirməkdə davam edəcək
Azərbaycan Mərkəzi Bankı tərəfindən manatın dollara münasibətdə məzənnəsinin dəyişikliyi ilə əlaqədar yaranmış sualların sırasında 21 fevral 2015-ci il tarixinədək banklardan götürülmüş kreditlərin hansı pul vahidində və hansı məzənnə ilə qaytarılması məsələsi də aktuallıq kəsb edir. Mətbuatda bir çox mütəxəssislər bu suallara cavab verirlər, ancaq belə görünür ki, məsələ ilə bağlı yekdil bir fikir yoxdur. Kommersiya banklarından verilən açıqlamalar da götürülmüş kreditlərin hansı formada qaytarılmalı olmasına dair birmənalı mövqeyin olmadığını göstərir. O cümlədən, mətbuatda açıqlama verən ayrı-ayrı hüquqşünasların və iqtisadçıların da mövqeləri üst-üstə düşmür.
Analitik.az-a son 3 gündə daxil olan sulların çoxluğunu və bağlanmış müqavilələrin fərqləndiyini nəzərə alaraq bir daha bu mövzuya qayıdırıq. Beləliklə, banklardan 21 fevral tarixinədək götürülmüş kreditlərin hansı pul vahidində və hansı məzənnə ilə qaytarılmasına dair Analitik.az hüquqşünas rəyini təqdim edir.
Hüquqüşnas Habil İsgəndərov Analitik.az-a bildirib ki, bu mövzuya bankla fiziki (və hüquqi) şəxslər arasında kredit münasibətlərinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələbləri və qanunun tələblərinə uyğun olaraq onlar arasında bağlanmış müqavilədən çıxış edərək qiymət verilməlidir:
– Mətbuatda əsasən Mülki Məcəllənin 439.7-ci maddəsinin təfsiri üzərində münasibətlərə rast gəlirik. Bir daha bildirək ki, Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır.
Mülki Məcəllənin tələbinə görə, kredit münasibətləri bankla borc alan arasında öhdəlik münasibətlərindən irəli gəlir. Bu baxımdan, gəlin bu məsələyə öhdəlik münasibətlərindən yanaşaq.
Qeyd etdiyimiz kimi, bankla borc alan arasında kredit verilməsi müqavilə ilə tənzimlənir. Ona görə də ilk növbədə kreditin rəsmiləşdirilməsinə dair müqavilələrin məzmununa bir daha diqqəti yönəltmək istərdik. Daxil olan sullardan göründüyü kimi, banklarla vətəndaşlar (bunlar hüquqi şəxslər də ola bilər) arasında bağlanmış müqavilələri əsasən, aşağıdakı qruplara bölmək olar. Hər kəs bu aşağıdakı hallardan birinə uyğun olaraq öz müqaviləsinə diqqət yetirərək nəticə çıxara bilər:
1) Müqavilədə kreditin manatla verilməsi və manatla qaytarılması nəzərdə tutulub.
Bu cür müqavilələrdə manatın məzənnəsinin düşəcəyi və ya qalxacağına dair hər hansı bir şərt nəzərdə tutulmayıb. Misallara müraciət edək. Şəxs 10 min manat kredit götürüb. Hesab edək ki, aylıq 500 manat kredit ödənişi etməlidir. Bu halda ödəniş qrafikinə uyğun olaraq, 21 fevraldan sonrakı tarixdə də sabit olaraq 500 manat ödəməkdə davam edilməlidir.
2) Müqavilədə kreditin məbləği ABŞ dolları ilə göstərilib.
Burada 2 hal ola bilər. 1-ci hal odur ki, bəzi banklardan alınan kredit müqavilələrində kreditin dollarla verilməsi və dollarla qaytarlıması nəzərdə tutulur. Misalla izah edək. Bankdan 10 min ABŞ dolları kredit götürülüb. Ödəniş qrafikində aylıq 500 dolların qaytarılması nəzərdə tutulub. Borc alan 21 fevral tarixinədək ödənişini pul vahidi kimi dollarla həyata keçirirdi. Əgər müqavilədə dolların məzənnəsinin dəyişilmə ehtimalını şərtləndirən müddəa yoxdursa, o halda, borc alan indiki vəziyyətdə də, əvvəlki qayda ilə ödənişi 500 dollar olmaqla həyata keçirməkdə davam edəcək. 2-ci halı da nəzəri cəhətdən istisna etməyək. Bu, o halda ola bilər ki, müqavilədə dolların hər hansı valyutaya (manata, yaxud avroya və s.) nəzərən məzənnəsinin dəyişəcəyi hal üçün ayrıca şərtlər nəzərdə tutulmuş olsun. Bu halda, indiki vəziyyətdə müqavilənin həmin şərtinin tələbləri işə düşə bilər. Ancaq onu da qeyd edək ki, Azərbaycan banklarının təcrübəsində belə şərtlərin nəzərdə tutulduğu müqavilələrin olmasına dair məlumatımız yoxdur. Bəzi bankların təcrübəsində, hətta, dollarla kredit verilməsi zamanı, müqavilə şərti kimi, dolların məzənnəsinin qalxıb-enməyindən asılı olmayaraq, aylıq müəyyənləşdirilmiş sabit məbləğdə ödənişlərin həyata keçirilməsi nəzərdə tutulur.
3) Müqavilədə kreditin məbləği ABŞ dolları ilə göstərilib.
Eyni zamanda, müqavilədə belə bir bənd də var ki, məsələn, 10 min ABŞ dollarının (KREDİTİN VERİLMƏ GÜNÜNƏ) manata olan məzənnəsi ilə kredit verilir və kreditin ödənilməsi, ödəmə qrafikinə uyğun olaraq, ABŞ dollarının ÖDƏNİŞ GÜNÜNƏ manata olan məzənnəsi ilə həyata keçiriləcək. Bu halda da müqavilə şərtləri aydındır. Məsələn, 10 min ABŞ dollarının manata məzənnəsi ilə kredit götürmüş şəxs ödəniş qrafikinə uyğun olaraq, aylıq 300 ABŞ dollarının manata olan məzənnəsi ilə krediti qaytarmağı müqavilə ilə üzərinə öhdəlik kimi götürübsə, bundan sonra da aylıq ödənişləri dolların KREDİTİN ÖDƏNİŞ GÜNÜNƏ manata olan məzənnəsi ilə ödəməlidir. Belə şərtin aşkar göstərildiyi müqavilə üzrə kredit götürmüş şəxslər 21 fevraldan əvvəl götürdükləri krediti bundan sonra dolların manata olan yeni məzənnəsi (ödəniş gününüə olan) ilə qaytarmalı olacaqlar. Burada diqqət yetirilməlidir ki, kreditin qaytarılması üçün dolların manata olan məzənnəsinin ÖDƏNİŞ GÜNÜNƏ uyğun müəyyənləşdirilməsi aşkar şərt kimi göstərilibmi?
4) Müqavilədə kreditin məbləği ABŞ dolları ilə göstərilib və faktiki olaraq da kredit məbləği,
kredit müqaviləsinin bağlandığı ana dolların manata məzənnəsi ilə (məsələn, 1 dollar = 79 qəpik) hesablanaraq verilib. Kreditin qaytarılması isə, ödəniş qrafikinə uyğun olaraq, yenə də həmin vaxta dolların manata olan məzənnəsi ilə (1 dollar = 79 qəpik) göstərilib. Lakin bu müqavilədə dolların (və ya manatın) məzənnəsinin qalxıb-enməsi ehtimalına dair hər hansı şərt, qayda, yaxud ödəniş gününə məzənnənin tənzimlənməsi şərti nəzərdə tutulmayıb. Bu vaxta qədər borc alan kredit ödənişini ödəniş cədvəlinə uyğun olaraq 1 dollar = 79 qəpik hesabı ilə manatla ödəyirdi. İndi isə sual yaranıb ki, bundan sonra hansı məzənnə ilə ödənişlər həyata keçirilməlidir? Hazırda borc alanların ən çox narahat olduğu məqam bu cür krelit müqavilələri ilə bağlıdır.
4-cü bənddə göstərilən müqavilələrə dair mübahisə yarandıqda nəyə fikir verilməlidir?
Bu halda, Mülki Məcəllənin 439.7-ci maddəsinə müraciət etmək zərurəti yaranır. Çünki göründüyü kimi, kredit müqaviləsində bununla bağlı hər hansı qayda, şərt nəzərdə tutulmayıb.
Mülki Məcəllənin 439.7-ci maddəsinə görə, əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir.
Hesab edirik ki, bu maddənin 2-ci cümləsi valyutanın dəyişməsi ilə bağlı olduğundan, hazrda isə valyuta deyil, pulun məzənnəsi dəyişdiyindən biz yalnız 1-ci cümlənin üzərində dayanmalıyıq.
Müqavilədə nəzərdə tutulmuş ödəniş müddəti başa çatmayıb. Pul vahidinin məzənnəsi dəyişib. Mülki Məcəllədə 439.7-ci maddədən başqa, bu hala uyğun müddəa yoxdur. Müqavilədə bu hala uyğun ayrı qayda nəzərdə tutulmayıb. Bu halda sual yaranır ki, «borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir» müddəası necə izah olunmalıdır?
Burada əsas mübahisəli məqam «öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir» ifadəsi» ilə bağlıdır.
Mülki hüququn ümumi prinsipləri və konkret olaraq, öhdəliyə dair müddəalarının tələbinə görə, MÜQAVİLƏ ÜZRƏ ÖHDƏLİKLƏR HƏMİN MÜQAVİLƏNİN QÜVVƏYƏ MİNDİYİ ANDAN ƏMƏLƏ GƏLİR. Kredit müqaviləsi – müqavilənin imzalanması və kredit məbləğinin faktiki olaraq borc alana verildiyi andan qüvvəyə minmiş sayılır. Bu isə o deməkdir ki, sonradan məzənnə dəyişikliyinin baş verməsi ilə əlaqədar borc verən bu cür müqavilələr üzrə kredit məbləğinin yeni məzənnəyə uyğun ödənilməsini tələb edə bilməz. Yəni, borc alan məzənnənin müqavilənin qüvvəyə mindiyi anda müəyyənləşdirilmiş dəyərini ödəməyə davam etməlidir.
Bu misalda müqavilənin qüvvəyə mindiyi anda məzənnə 1 dollar = 79 qəpik olduğundan, borc alan kredit məbləğini də eyni məzənnə ilə ödəməkdə davam edəcək.