Danimarkanın Odense şəhərində hökumət yerli bomjları GPS qurğuları ilə təchiz edib. Məqsəd daimi yaşayış yeri olmayan bu insanların hərəkət marşrutunu müəyyənləşdirmək, soyuq havalarda sığınacaqların qurulması üçün ən münasib məkanları müəyyən etməkdir. Bir sözlə, bomjların GPS sistemi ilə təmin edilməsində məqsəd onların həyat və sağlamlığının keşiyində dayanmaq, bu insanları küçə həyatının vəd etdiyi təhlükələrdən qorumaqdır.
Bu, Danimarkada dövlətin öz vətəndaşına – həm də digər ölkələrdə cəmiyyətin tullantısı hesab edilən hissəsinə verdiyi qiymətdir. Bu ölkədə hökumət digər sosial təbəqələrlə yanaşı, həm də o qəbildən olan insanların qayğısına qalır ki, onlardan hansısa şəkildə faydalanmaq, hətta uzaq perspektiv baxımından belə nə isə qazanmaq mümkün deyil. Fəqət bununla belə dövlət öz bomjuna belə sahib çıxmağı, onun yaşamını mümkün vasitələrlə yaxşılaşdırmağı lazım bilir.
Məhz bu cür ölkələrlə müqayisədə Azərbaycanda insana olan münasibətin nə qədər ucuz, nə qədər arzuedilməz olduğu daha aydın nəzərə çarpır. Nə qədər ağır da olsa, Qərbin öz bomjuna verdiyi qiymətin Azərbaycanın öz şəhidinə, müharibə veteranına, alim və ziyalısına vermədiyi bir həqiqətdir. Lakin bu, qorxunc Azərbaycan reallığının sadəcə bir üzüdür.
Məsələnin digər bir tərəfi ondan ibarətdir ki, ölkəmizdə qeyri-insani münasibətlə üzləşən yalnız əhalinin yoxsul təbəqəsi deyil. Dövlətin öz vətəndaşından üz döndərdiyi bu ölkədə özünü “seçilmişlər” kateqoriyasından hesab edən milyonçular, mənsəb və dövlət sahibləri də insanca münasibətə həsrətdir. Çünki burada bütün dəyərlər və münasibətlər sistemi mənsəb və dövlət piramidasına tabe edildiyi üçün bu piramidanın hər hansı bir nöqtəsində qərarlaşan şəxs vəzifə və sərvət baxımından özündən aşağıdakı istənilən şəxsin ləyaqəti ilə uşağın öz oyuncağı ilə oynadığı kimi oynaya bilər. Bu, zəncirvari proses ictimai şüura o qədər dərindən işləyib və praktikada öz təsdiqini qəti şəkildə elə tapıb ki, artıq baş verənlər demək olar ki, heç kimi təəccübləndirmir. Bu ölkədə insanların çoxu onlarla adi bir əşya kimi davranılmasına adət etdiyindən nadir hallarda qarşılaşdıqları insani münasibət qarşısında karıxır, hətta bəzən təlaşa düşürlər.
Bəli, sivil, demokratik dövlətlərdə hətta bomjlar belə, özlərini bəxtəvər hesab edə bilirlər. Çünki harada, hansı vəziyyətdə, hansı şərtlər altında olmalarından asılı olmayaraq vətəndaşı olduqları dövlət onların yanında, onların keşiyindədir. Demokratiyanın olmadığı, dövlətin vətəndaşa deyil, vətəndaşın dövlətin, daha doğrusu, hakimiyyətin marağına tabe edildiyi ölkələrdə isə milyonçular belə bədbəxt və alçaldılmış vəziyyətdədir. Və yəqin ki, Qərbin heç bir bomju sahib olduğu bu bəxtəvərliyi ona bədbəxtlik bəxş edən bu cür milyonerliyə dəyişməzdi.
Danimarka-Azərbaycan müqayisəsi bir daha göstərir ki, önəmli olan nə qədər sərvətə, hansı ucalıqdakı mənsəbə sahib olmaq deyil. Önəmli olan hansı qanunlar, hansı idarəetmə, hansı siyasi sistem altında yaşamaqdır. Çünki bunsuz neft və milyonlar səltənətində yaşamaq belə insanı xoşbəxt edə bilmir.
Seymur Əliyev.
Faktxeber.com.