Dünya futbol tarixində bir yeniliyə imza atılacaq. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, FIFA 2022-ci il Dünya Kubokunun noyabr-dekabr aylarında keçiriləcəyini rəsmi olaraq açıqlayıb.
FIFAnın internet saytında yayılan məlumata görə, beynəlxalq matç təqvimini təyin edən işçi qrupun Qətərin paytaxtı Dohada təşkil edilən son yığıncağında 2022-ci il Dünya Kubokunun oynanması üçün ən uyğun vaxtın noyabr-dekabr ayları olması haqda yekdil fikrə gəlinib. Açıqlamada qeyd edilir ki, Qətərdə havanın istiliyinin futbolçuların və azarkeşlərin sağlamlığına zərər gətirəcəyi səbəbi ilə 2022-ci il Dünya Kubokunun iyun ayında təşkil edilməsinə müsbət yanaşılmayıb.