Rusiya Qara dənizdən Avropaya qaz nəqlini nəzərdə tutan “Cənub axını” qaz layihəsindən imtina etdikdən sonra Avropa İttifaqı Azərbaycan,Türkmənistan və Əlcəzairlə əməkdaşlıq etmək niyyətindədir.
“Qafqazinfo” xəbər verir ki, The Financial Times-ın yazdığına görə, bu gün Avropa Komissiyasının vitse-prezidenti, enerji komissarı Maroş Şevçoviç Brüsseldə 2030-cu ildə yaradılması nəzərdə tutulan Enerji İttifaqı layihəsini təqdim edəcək. Qəzetin yazdığına görə, sənədin qaralama variantında göstərilir ki,Avropa İttifaqı özünün xarici siyasət alətlərindən istifadə edərək alternativ təchizatçılar olan Azərbaycan, Türkmənistan və Əlcəzairlə strateji enerji əməkdaşlığı qurmaq niyyətindədir.
Şevçoviş nəşrə açıqlamasında bildirib ki, Avropa İttifaqı üçün diversifikasiya qaçınılmazdır:
“Düşünürəm ki, Avropa həqiqətən də hər yay növbəti qışı necə keçirəcəyi ilə bağlı müzakirə etməkdən yorulub. Dünyanın iri iqtisadiyyatı üçün 21-ci əsrdə bu cür qorxular olmamalıdır”. Onun sözlərinə görə, Rusiya Aİ üçün önəmli qaz təchizatçısı olsa da,onun təsiri azalacaq:
“Necə ki biz enerji mənbələrimizi diversifikasiya (şaxələndirmək) etmək istəyirik, Xəzər regionu ölkələri də o qədər öz marşrutlarını diversifikasiya etmək istəyirlər. Ortaq maraq var. Avropa vaxtında sabit valyuta ilə ödəniş edən çox səliqəli istehlakçıdır, aldatmır və heç bir oyun oynamır”.
Qeyd edək ki, daha əvvəl də Aİ-nın Rusiyadan enerji asılılığını azaltmaq istədiyi deyilirdi.