Ötən həftə Azərbaycan manatının ucuzlaşması barədə xəbər gündəmi zəbt etdi
Mərkəzi Bankın açıqlamasında deyilirdi ki, manatın ABŞ dollarına nisbətdə ucuzlaşdırılması qərarı milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirmək, bu əsasda tədiyə balansının və ölkənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlığını təmin etmək məqsədilə qəbul edilib.
Manatın məzənnəsinin korreksiyası, həmçinin xarici ticarət tərəfdaşımız olan əksər ölkələrin milli valyutalarının son dövrlərdə əhəmiyyətli ucuzlaşmasının milli iqtisadiyyatın rəqabət üstünlüklərinə mənfi təsirlərini neytrallaşdırmağa yönəlib.
Mərkəzi Bank müəyyən edilmiş dəhliz çərçivəsində valyuta bazarında iştirakını davam etdirəcək.
Xəbərin yayılmasından sonra hər kəsi milli valyutamızın ucuzlaşmasından nə qədər itirdiyi və ya qazandığı sualı düşündürürdü. Qızğın başla soyuqqanlı təhlil apara bilməyən vətəndaşlar dərhal banklara axışaraq daha da ucuzlaşmamış əllərində olan manatları dollara dəyişməyə tələsdilər.
Hər şeyin bahalaşacağı ilə bağlı şaiyə dalğası böyük sürətlə ölkəni bürüdü. Hətta bəzi iş adamları cəld tərpənərək mağazalarını bağladılar ki, bir qədər sonra ucuz aldıqları malları daha baha qiymətə sata bilsinlər.
Gözlənilən idi
Manatın ucuzlaşması çoxları üçün şok effekti yaratsa da, əslində bu məsələ gözlənilən idi. Hələ ötən ilin oktyabrında Rusiyada rublun qiymətinin düşməyə başladığı zaman digər MDB ölkələrinə də bunun təsir edəcəyi deyilirdi.
Bir ay öncə belə bir proqnozu “The Guardian” qazeti də yazmışdı. Qəzet Dünya Bankının məlumatlarına istinad edərək qeyd etmişdi ki, ümumilikdə bu ölkələr 2015-ci ildə 10 milyard dollardan çox vəsait itirə bilərlər.
MDB regionunun iqtisadiyyatı sıx şəkildə əlaqəli olduğundan rus rublunun qiymətdən düşməsi Rusiyanın qonşularının valyutalarına da təsir göstərir.
Dünya Bankının məlumatına görə, Ermənistan iqtisadiyyatının 21 faizi, Gürcüstan – 12 faiz, Qırğızıstan 31,5 faiz, Moldova 25 faiz, Tacikistan 42 faiz, Ukrayna 5,5 faiz, Litva 4,5 faiz, Azərbaycan 2,5 faiz və Özbəkistan iqtisadiyyatının 12 faizi Rusiyadan pul köçürmələrindən asılıdır.
Çox keçmədi ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov ilk dəfə manatın ucuzlaşacağı ilə bağlı Britaniya mətbuatına, konkret “Financial Times” qəzetinə açıqlama verdi. Üstündən bir neçə gün sonra manat dollara nisbətdə 22 qəpik ucuzlaşdı.
Bahalaşma olacaqmı?
İndi Azərbaycan vətəndaşlarını ən çox narahat edən məsələ bahalaşma ilə bağlıdır. Azərbaycanda bahalaşmanın məntiqli olmadığını göstərən bir sıra amillər var. Əvvəla ona görə ki, Azərbaycanla yanaşı, ölkəmizə məhsul ixrac olunan qonşu ölkələrin də milli valyutaları devalvasiyaya uğrayıb.
Rusiyada bu proses hələ ötən ilin oktyabrından başlayıb. O zaman rublun aşağı düşməsi ilə əlaqədar Rusiyada istehsal olunmuş məhsullar Azərbaycanla müqayisədə xeyli ucuz başa gəlirdi. Elə həmin vaxtdan etibarən ayrı-ayrı şəxslər Niva, Lada, Volqa və başqa model avtomobilləri daha ucuz almaq üçün Rusiyaya yollanırdılar. Bu səbəbdən də Azərbaycanda şimal qonşumuzun istehsalı olan avtomobillərin qiymətləri birdən-birə 2500-3000 dollar dəyərində aşağı düşmüşdü. Rusiyadan Azərbaycana ixrac olunan məhsullar tək avtomobil və ehtiyat hissələri deyil. Ərzaq məhsulları, siqaret və s. kimi məhsullar da bizə şimaldan gəlir.
Belə çıxır ki, o vaxt qiymətlər aşağı salınmalı idi. Amma nədənsə həmin vaxt qiymət azalması müşahidə etməmişdik.
Biz Rusiyanın timsalında bəzi misallar çəkdik. Nəzərə alsaq ki, Azərbaycanın məhsul idxal etdiyi digər qonşularında milli valyutanın dəyəri aşağı düşüb, o zaman qiymətlər balansının əvvəlki kimi qorunduğunun şahidi olarıq.
Məsələn, götürək Türkiyədən idxal olunan tekstil məhsullarını. Bahalaşmalıdırmı? Yox. Türkiyə lirəsinin də dəyəri aşağı düşüb. Dollarla müqayisədə orada da istehsal olunan mallar xeyli ucuzlaşıb. Yəni üç-dörd ay əvvəlki ilə müqayisədə daha ucuz qiymətə alınır.
Azərbaycanın taxıl idxal etdiyi Qazaxstanda da eyni vəziyyətdir. Bu siyahını bir qədər də uzatmaq olar.
Rusiya rublunun qiyməti iki dəfə düşdü. Bunun müqabilində 50-60% ucuzlaşma olmalı idi. Dünya bazarında neft ucuzlaşdığına görə, İranda Türkiyədə və digər qonşu ölkələrdə qiymətlər aşağı düşür, ərzaq məhsulları get-gedə ucuzlaşır. Ölkəmizə isə həmin proses heç bir təsir göstərmədi. Bunu inhisarçılıqla əlaqələndirənlər də var.
Bahalaşma məsələsinə gəlincə, bəzi nüansları mütləq qeyd etmək lazımdır. Ötən ilin oktyabr ayında Rusiyada rublun məzənnəsi aşağı düşərkən, Azərbaycana bu ölkədən məhsul idxal edən iş adamları xeyli qazanc əldə etdilər. Rusiyanın milli valyutasının aşağı düşməsi ucbatından həmin ölkədə istehsal olunan məhsullar da nisbətən ucuz başa gəlmişdi. Azərbaycanda isə buna müvafiq olaraq satış qiymətlərini aşağı salmamışdılar. Ötən ilin oktyabrından fevralın 20-nə qədər rus rublunda olan dəyişiklikdən yerli iş adamları xeyli fayda götürdülər. Yəni məhsulu daha ucuz alıb, ondan əvvəl satdıqları qiymətə Azərbaycanda bazara çıxardılar. Misal üçün, ötən ilin oktyabr ayına qədər iş adamı Rusiyadan kərə yağı gətiməklə 1 manat qazanırdısa, oktyabrdan fevralın 20-nə qədər (Azərbaycan manatının devalvasiyasına qədər – T.H.) 1.5 manat qazandılar. Bu proses 5 ay çəkdi. İndi isə manatın ucuzlaşması ucbatından həmin iş adamları qiymətləri qaldırmasalar belə, oktyabr ayına qədər olan qazanclarını – yəni elə həmin 1 manatı qazanacaqlar. Onların itkisi yoxdur. Əksinə, 5 ay ərzində manatla rublun məzənnəsi arasındakı kəskin fərq onlara xeyli məbləğdə pullar qazandırıb. İndi isə elə əvvəlki qaydada qazanacalar. Onlar qiymətləri artırmadan belə rentabelli işlərinə davam edə bilərlər.
Manat çoxdan ucuzlaşmalı idi
Biz manatın birdən-birə kəskin ucuzlaşmasına haqq qazandırmaq fikrindən uzağıq. Amma bu ucuzlaşma əvvəl-axır olmalı idi.
Ekspertlər bildirirlər ki, manatın devalvasiyası prosesi hətta bir qədər gecikmiş prosesdir. Artıq uzun müddətdir ki, Azərbaycan manatının məzənnəsinin yüksək olması yerli istehsal üçün əngəllər törədir. Ölkəmizdə devalvasiya çox əvvəl və tədricən aparılmalı idi. 2010-cu ildə dünyada böhrandan sonra iqtisadiyyatı stimullaşdırmaq üçün manatı ucuzlaşdırmaq lazım idi ki, ölkədə qeyri-neft istehsal sahələri stimullaşsın.
Manatın məzənnəsinin qonşu ölkələrin valyutaları ilə müqayidəsə yüksək olması, ölkəmizdə istehsal olunan məhsulların rəqabət qabiliyyətini azaldırdı. Misal üçün, Rusiyada istehsalı 1 dollara başa gələn məhsulun Azərbaycanda istehsal xərci 1 manat olurdu. Qiymət fərqi bəzən daha çox da görünürdü. Vətəndaşlar yerli istehsal olan məhsulları almaqdansa, Rusiya məhsullarını daha ucuz qiymətə almağı tərcih edirdilər. Nəticə etibarilə xaricdən gələn malların rəqabətinə tab gətirməyən yerli müəssisələr bağlanırdılar.
Manatın ucuzlaşması bundan sonra Azərbaycanda istehsal olunan məhsulların rəqabət qabiliyyətini artıracaq. Ən azı yerli bazardan xarici məhsulların sıxışdırılmasına imkan verəcək. Gələcəkdə isə xarici bazarlara çıxış imkanı yaradacaq.
Teymur Hacıyev
Milli.Az
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.