Serj Sərkisyan soyqırım cinayətini törətdiyinə görə beynəlxalq məhkəməyə verilməlidir
Serj Sərkisyan öz çıxışlarında və müsahibələrində Xocalı soyqırımının təşkil olunmasında və həyata keçirilməsində iştirakını nəinki gizlətməyib, əksinə, açıq etiraf edib. 15 dekabr 2000-ci ildə, Ermənistanın müdafiə naziri işləyən Serj Sərkisyan britaniyalı jurnalist Tomas de Valla müsahibəsində ilk suala cavabında bunu təsdiq edib:
“…Hər halda Xocalı bir vaxtlar bütün Qarabağı zinhara gətirmişdi, ona görə ki, orada aeroport vardı, ona görə ki, bizim Ermənistanla yeganə əlaqəmiz hava nəqliyyatı idi. Ancaq düşünürəm ki, ən əsası başqa idi. XOCALIYA QƏDƏR AZƏRBAYCANLILAR ELƏ BILIRDILƏR KI, ONLAR SADƏCƏ BIZIMLƏ ZARAFAT EDIRLƏR. AZƏRBAYCANLILAR ELƏ BILIRDILƏR KI, ERMƏNILƏR DINC ƏHALIYƏ ƏL QALDIRA BILMƏYƏN INSANLARDIR. BU DÜŞÜNCƏLƏRI DAĞITMAQ LAZIM IDI. BELƏ DƏ OLDU”.
S.Sərkisyanın soyqırım cinayətini törətdiyini təsdiq edən fakt:
…1992-ci il fevralın 25-dən 26-a keçən gecədə, bir neçə saat ərzində – 7 min sakini olan – eyni dinə, eyni irqə, eyni millətə mənsub – azərbaycanlılar yaşayan şəhərin yerlə-yeksan edilməsi, 613 nəfər dinc azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın, 70 qocanın vəhşicəsinə öldürülməsi, 487 nəfərin xəsarət alması, 1275 nəfərin – qoca, qadın və uşaqların əsir götürülməsi (onların da sonrakı taleyi naməlum olduğundan ölmüş hesab olunmalıdırlar – red.), öldürülənlərin yandırılması, qadınların və kişilərin əzalarının kəsilməsi, meyitlərin başının dərisinin soyulması və s. və i.a. hətta, bəşəriyyətin tarix boyu görmədiyi – faşistlərin törətmədiyi vəhşiliklərin törədilməsi inkaredilməzdir. Cinayətin törədilməsində təpədən-dırnağa silahlanmış erməni əsilli şəxslər, keçmiş SSRİ-nin 366-cı alayının şəxsi heyəti və hərbi texnikasından istifadə edilib.
Bütün bu faktlar – video-foto görüntülər, sənədlər, şahid ifadələri, maddi sübutlar və s. bu kimi dəlillərlə sübut olunur. Cinayətin təşkili, təhriki və həyata keçirilməsində Ermənistan Respublikasının o vaxtkı və indiki rəhbərliyində – ən yüksək səviyyədə təmsil olunan şəxslər, xüsusən, indiki prezident Serj Sərkisyan, bilavasitə iştirak ediblər.
Serj Sərkisyanın törətdiyi soyqırım cinayətinə görə cəzalandırılmasını tələb edən beynəlxalq hüquqi baza:
BMT-nin «Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında» Konvensiyasının 3-cü maddəsinə görə, soyqırım cinayətində təqsirli bilinərək bu əməlləri törətmiş şəxslər cəzalandırılmalıdır: a) soyqırım; (2-ci maddədə bu termin altında nəzərdə tutulan əməllər sadalanır – red.); b) soyqırım törətməyə yönəlmiş gizli sövdələşmə; c) soyqırım törətməyə birbaşa və açıq təhrik; v) soyqırım törətməyə yönəlmiş qəsd; e) soyqırımda iştirak.
12 yanvar 1951-ci ildə qüvvəyə minən Konvensiyanın 2-ci maddəsinə görə:
– Bu Konvensiyaya müvafiq olaraq soyqırım hər hansı milli, etnik, irqi və ya dini qrupun qismən və ya bütövlükdə məhv edilməsi məqsədilə törədilən aşağıdakı hərəkətlərdən biridir: a) bu cür qrup üzvlərinin öldürülməsi; b) bu cür qrup üzvlərinə ağır bədən xəsarətlərinin və yaxud əqli fəaliyyətinə ciddi zərər yetirilməsi; c) qəsdən hər hansı bir qrupun tam və ya qismən fiziki məhvini nəzərdə tutan həyat şəraiti yaradılması; d) bu cür qrup daxilində doğumun qarşısını almağa yönəlmiş tədbirlərin həyata keçirilməsi; e) bir insan qrupuna mənsub olan uşaqların zorla başqa qrupa verilməsi.
Xocalı faciəsində və ermənilərin azərbaycanlılara qarşı törətdiyi digər cinayətlərdə bu sadalanan əməllərin hamısı var.
Konvensiyanın 4-cü maddəsində nəzərdə tutulur:
«Soyqırım və yaxud 3-cü maddədə sadalanmış əməllərdən hər hansı birini törətmiş şəxs konstitusiya ilə məsul rəhbər, rəsmi və ya fərdi şəxs olmasından asılı olmayaraq cəzalandırılmalıdır».
Bu, o deməkdir ki, beynəlxalq məhkəmə qarşısında bu gün bilavasitə Ermənistan Respublikasına rəhbərlik edən Serj Sərkisyanın, onun əlaltılarının dayanması və törədilmiş cinayətlərə görə məsuliyyət daşımasını beynəlxalq hüquq prinsipləri tələb edir!..