Manatın ucuzlaşması məsələsinin bir həftədən bəri gündəmdən düşməməsinin, böyük ajiotaj doğurmasının əsas səbəbi odur ki, bu, ölkədə hər bir kəsin (istisnasız olaraq) həyatına, güzəranına təsir edən yenilikdir.
Hər kəs düşünür ki, maliyyə bazarındakı bu dəyişiklik və qeyri-sabitlik onun güzəranına mənfi təsir göstərə, gələcək planlarını poza, həyatını ağırlaşdıra bilər.
Biznesinin çiçəklənməsinin tormozlanacağından əndişələnənlərin dərdi bir başqadır, indiyəcən birtəhər keçinən şəxslərin, ayın sonunda alacağı məvacibin, təqaüdün nəyə çatacağından narahat olanların qayğısı bir başqa.
Belə situasiyalar isə həmişə kəmfürsətlərin, möhtəkirlərin, inhisarçıların işinə yarayır. Onlar belə dönəmlərdə xalqın cibinə girməkdən çəkinmir, qısa müddətdə daha da varlanmaq ehtirası ilə alışıb yanırlar və arzularına çatırlar. Qeyri-sabit dönəmlər yaramazların özlərini suda balıq kimi hiss etdikləri zaman kəsiyidir.
Nə yazıq ki, ölkəmiz belə adamlarla dolub-daşır. Nil hövzəsində qaynaşan timsahların sayı olur, bizdə xalqın cibindən son qəpiyini çıxarmağa çalışan və bunu bacaranların yox.
Aydın məsələdir, uzun müddət müstəmləkə şəraitində, kasıbçılıq içində yaşayan, təhsildə geri qalan, iqtisadiyyatı inkişaf etməyən, qeyri-mədəni ölkələrin hamısında belədir. Ancaq hiss olunur ki, bizdə kəmfürsətlər ordusunun potensialı bir qədər böyükdür.
Bizim ölkəmizin başlıca çatışmazlığı odur ki, belə adamlar ya yüksək vəzifələrdə təmsil olunurlar, ya da orda ciddi dayaqları var. Odur ki, iqtisadi-siyasi böhran dönəmlərində əllərindəki səlahiyyətlərdən, imtiyazlardan, hamıdan öncə aldıqları informasiyalardan sui-istifadə edirlər.
Manatın bir gecədə dəyərdən düşməsi hadisəsi bu tip adamların bir xeylisini varlandırdı.
Danışırlar ki, manatın ucuzlaşmasından bir qədər tez, başqalarına nisbətən yarım saat əvvəl xəbər tutan bir sıra şəxslər öz yüz min dollarlıq maşınları ilə supermarketləri dolaşıb bazarlıq edirmişlər ki, 30-40 (lap tutaq ki, 150-200) manat irəli düşsünlər. Cılızlığın, xırdaçılığı bu həddi müşahidə olunub.
Həmin gecənin səhəri minlərlə dükan-mağaza öz qapılarını alıcıların üzünə bağlamışdı ki, birdən ucuz mal satar, ziyan edərlər. Çoxları piştaxtalardan mallarını yığışdırmışdı – bir neçə gün sonra daha baha satmaq üçün.
Ağstafadan Lənkərana qədər ölkənin bütün şəhər və qəsəbələrində eyni hal müşahidə olunub. Minlərlə kəmfürsət sahibkar hökumətin qeyri-populyar qərarından zərbə almış kasıb təbəqəyə əlavə zərər yetiriblər.
Ancaq yaranmış yeni iqtisadi situasiyadan yararlanmayanlar da oldu. Çox az sayda olan bu cür sahibkarlar düşəcəkləri ziyanı göz altına alaraq qiymətləri artırmadılar, onsuz da aşağı qiymətə aldıqları əmtəəni ertəsi gün dərhal baha qiymətə bazara çıxarmadılar.
Ölkəni sarmış ajiotaj isə o həddə çatdı ki, dövləti idarə edənlər qiymətləri artıranları təhdid etməyə, qiymətləri inzibati-amirlik metodu ilə bəlli bir həddə saxlamağa çalışırlar.
Əslində belə olmalı deyil, iqtisadi nəzəriyyələrə görə, qiyməti bazar müəyyənləşdirməlidir.
Ancaq hamımız bilirik ki, bu, mədəni, oturuşmuş, iqtisadiyyatı güclü olan ölkələrə aiddir. Azərbaycan kimi ölkələrdə hətta iqtisadiyyat nə qədər güclü olsa da, ərzaq bolluğu kəllə-çarxa qalxsa da, kəmfürsətlər, möhtəkirlər, inhisarçılar ordusu istədikləri vəziyyəti yarada, istədikləri qiyməti təklif edə bilərlər.
İndiyə qədər bir çox ərzaq və qeyri-ərzaq məhsullarının bütün dünyada bir cür, ölkəmizdə isə qat-qat baha satılmasının şahidi olmamışıqmı? Olmuşuq. Xeyli əmtəənin adını çəkmək olar – banandan tutmuş mobil telefona qədər. Bəs bu halda azad bazar niyə öz qiymətlərini diktə etmirdi? Ona görə etmirdi ki, edə bilmirdi, inhisarçılar imkan vermirdi, daha çox qazanmaq istəyirdilər və qazanırdılar.
Ona görə də hazırda dövlət rəhbərliyi kütləvi bahalaşmanın qarşısını məhz inzibati yollarla almağa məcburdur və bu, onun əlində o qədər də çətin deyil. Çünki qiymətləri süni şəkildə artıraraq ölkədə görünməmiş bahalaşma, hətta hiperinflyasiya yarada biləcək inhisarçı kəmfürsətlər ordusu dövlət adamlarının sərəncamındadır.