Restoran “gözəlçələr”in intim oyunu…
Azərbaycanda restoran biznesi ən gəlirli sahələrdən hesab olunur. Elə bu səbədən də paytaxt Bakıda hər addımbaşı bir restoran fəliyyət göstərir. Mərkəzi küçələrdə cərgə ilə düzülən kafe-barların xüsusən gecə saatlarında bərq vuran işıq effekti göz oxşayır. İnsafən qeyd etmək lazımdır ki, ölkədə kifayət qədər brend restoranlar var ki, insanların istirahəti üçün gözəl şərait yaradılıb. Ancaq görəsən insanlarımız belə iaşə obyektlərində rahatca istirahət edə bilirlərmi? Restoranlarda müştəriləri- xidmətçi münasibətləri, xidmət səviyyəsi, insanların davranış mədəniyyəti və ən nəhayət qiymətlər normal istirahət üçünn məqbul hesab olunurmu? Məsələ orasındadır ki, son vaxtlar paytaxtda, eləcə də regionlarda fəaliyət göstərən restoran, kafe və barlarda ölüm, bıcaqlama halları tez-tez baş verir.
Düzdür, bu iaşə obyektlərində baş verən kriminal hadisələr ən müxtəlif səbəblərdən törənir. Lakin onlar içərisində daha geniş yayılmışı hesab üstündə baş verən mübahisələrdir. Məlumat üçün qeyd edək ki, nəinki məşhur restoranlarda, eləcə də adi çayxanalarda bir çaynik çaya görə elə fantastik hesab təqdim edilir ki, bu məbləğ az qala orta statistik vətəndaşın əmək haqqına bərabər tutulur. Məsələn, vətəndaşların açıq şəkildə etdikləri narazılığa baxmayaraq illərlədir ki, paytaxtın “Bulvar” adlanan ərazisində qiymətləri tənzimləmək mümkün olmayıb. Bəs, bu xidmət sahələrində nə baş verir ki, insanlarımız rahatca istirahət etmək imkanından məhrum olurlar?
Əvvəlcə başlayaq elə müştərilərin özündən.
Qeyd edək ki, çoxlu sayda vətəndaş var ki, onlar sanki restoran, barlarda özünü aparmaq mədəniyyətindən məhrumdur. Belə insanlar davranışları, özləriniidarə, ətrafdakılara münasibətləri ilə fərqlənməyə meyillidirlər. Hətta adi danışıq mədəniyyəti olmayan belə insanlar ətrafdakılr üçün ciddi narahatçılıq yaradırlar. Eyni xarakteri xidmətçi ofisiantlara da aid etmək olar. Bu gənc oğlanlar sanki müştərilərlə məzələnməkdən zövq alırlar. Son vaxtlar isə elə bir məsələ dəbə düşüb ki, gənc ofisiantlar restorana gələn qadınlara başqa gözlə baxırlar. Pis niyyətli bu insanlar o qədər harınlaşıb ki, hətta ərli qadınlardan telefon nömrəsi almaq, onlara öz nömrələlərini ötürməyə cəhd edirlər.
Təbii ki, peşə fəalliyəti ilə uyğun gəlməyən belə hərəkətlər sonda dava-dalaşla nəticələnir. Onu da qeyd edək ki, həyat yoldaşı ilə istirahətə gələn müştərilər ətrafdakıların davranışlarından heç də rahatlıq tapa bilmirlər. Bilirlər ki, ümumi zalda yeyib-içdikləri kiminsə mədəniyyətsizliyi ucbatından burunlarından gələcək. Məsələn, yaxın vaxtlarda “Oazis” istirahət mərkəzində baş verən dava məhz sadalanan münasibətlər səbəbindən baş vermişdi. Elə bu səbədən də ümumi zalda deyil, kabinələrdə oturmağa üstünlük verirlər. Ancaq orada da hesab məsələsi yadına düşəndə istirahətdən zövq almaq əvəzinə sanki “tikan üstündə otururlar”.
Fantastik hesab müştəriləri özündən çıxarır
Statistik məlumata görə, restoranlarda ən çox dava-dalaş hesab üstündə baş verir. Belə ki, restoranlar tərəfindən təqdim edilən fantastik hesab müştərilərin özündən çıxması ilə nəticələnir. Əvvala onu qeyd edək ki, əksər restoran va kafelərdə müştərilərə təqdim olunan menyular kitabında qiymətlər göstərilmir. Qiymətlərin kim tərəfindən müəyyən edilməsi də qaranlıq məsələlərdəndir. Təbii ki, bu iaşə obyektlərində qiymətlərin dövlət tərəfindən tənzimlənməsi qeyri-mümkündür. Elə bu səbədən də ayrı-ayrı restoranlarda eyni yeməklər fərqli qiymətlə təklif olunur. Lakin həmin qiymətlər vicdansızcasına müəyyən edilmiş olur. Bəzi obyektlər öz işlərini yalnız fırıldaqçılıq, müştərilərin ciblərini soymaq üzərində qurduqlarından tez-tez bıçaqlanma hadisələri müşahidə olunur. Belə obyektlərdə qız, qadın və həyat yoldaşı ilə gələn müştərilərə ağlasığmaz hesab “oxunur”.
Kişilərin qadınla restorana daxil olmasından sui-istifadə edən restoran işçiləri fürsəti əldən vermək istəmirlər. Təbii ki, belə hallar gec-tez müştəri narazılığı ilə nəticələnir. Əksər istirahət obyektlərində hesab qayimə ilə deyil, “bloknot” da adi qələmlə yazılmış halda təqdim edilir. Müştəri göstərilən məbləği “bloknot”un arasına qoymaqla hesablaşır. Bu praktika mübahisə yaranan zaman kimin haqlı, kimin haqsız olmasını müəyyən etməyə imkan vermir. Hətta restoranlarda “çek” verilmədiyindən müştərilər hüquqlarını müdafiə etməkdə aciz qalmış olurlar. Bu səbədən də müştərilərlə restoran işçiləri arasında mübahisə yaranır. Yeri gəlmişkən qeyd edək ki, ötən gün Xətai rayonunda, “Əhmədli” metrosunun yaxınlığındakı “Yaşıl tala” kafesində müştərilərlə kafe işçiləri arasında dava baş verib. Belə ki, kafeyə yeyib-içməyə gələn bir neçə nəfər hesabı ödəmək üstündə oranın işçiləri ilə mübahisə ediblər. Sonradan mübahisə əlbəyaxa davaya keçib. Müştərilərdən biri bıçaqla kafenin işçiləri olan 31 yaşlı Seymur Məhərrəmovu və 29 yaşlı Sadiq Məmmədovu yaralayıb. Hər iki yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Onlar bədənlərinin bir neçə yerindən bıçaq xəsarəti alıblar. Xətai Rayon Polis İdarəsindən bildirilib ki, hazırda istintaq gedir. Faktla bağlı cinayət işi başlanıb.
“Gözəlçələr” müştəri ovunda
İndi restoran və kafelər demək olar ki, təyinatını tamamilə dəyişiblər. Müşayət olunan mənzərə ondan ibarətdir ki, restoran və barların qapısı ağzında xüsisi təlimatlandırılmış iki gənc qız dayanır. Zahiri görünüşünə görə seçilən, mini ətəkdə olan bu cəlbedici qızlar küçədən keçən insanları kafeyə dəvət edir. Həmin qızların şikarı əsasən gənc oğlanlar olduğundan hətta ilkin münasibət qurulan zaman intim ifadələr işlətməkdən belə çəkinmirlər. Qızlar bütün mümkün imkanlardan istifadə edərək dəridən –qabıqdan çıxırlar ki, yoldan keçən kişini kafe, restorana dəvət edə bilsinlər. Əsil həngamə isə bundan sonra başlanır. “Tora düşən” müştəri cibini tamamilə boşaltmaqla canını qurtara bilsə, deməli onun bəxti gətirib. Belə ki, içəriyə daxil olan “şikara” nəyin sifariş vermək lazım olduğunu elə həmin “gözəlçələr” müəyyən edir. Tərslikdən bu qızların zövqü də tamamilə “elitar” zövqlərdir. Yəni, bir çox kişilər bu qızların sifariş etdikləri yemək, içmək adlarını birinci dəfə elə oradaca eşidirlər. Sonradan bir kokteyl üçün ciblərini boşaltmalı olurlar. Üstəlik qızların intim təklifini qəbul edən kişilər sənədlərini girov qoymuş olurlar. Etiraz edənlər isə restoranın mühafizəçisi tərəfində “başa salınır”. Yeri gəlmişkən qeyd edək ki, belə tora düşən kişilərin əksəriyyəti orta və daha yuxarı yaşlılardır. Hansı ki, bu yaşda insanların artıq pul xərcləmək mədəniyyətindən dərs demək vaxtlarıdır.
Sonda qeyd edək ki, restoran və kafelərdə mövcud olan çoxsaylı problemlər bu istirahət mərkəzlərini kriminal məkana çevirməkdədir.