Oxucular mənə təkidlə məktub yazırlar, deyirlər bələdiyyə seçkisində yüksək qəhrəmanlıq göstərib Yasamal dairəsində jurnalisti boğan və qutuya bülleten basan Əfruz xala deputat olmalıdır. Olsun da. Bunun mənə nə dəxli? Xahiş edirəm, uyğun təklif, tələb və iradlarınızı dövlət rəhbərliyinə çatdırasınız. Orda “atvyorka ilə diplomat açan” səviyyəli kadrlar vardır, mütləq Əfruz müəlliməyə də bir təyinat, dairə tapılacaqdır. Məsələn, mən təklif edərdim Əfruz müəllimə 121 saylı Laçın dairəsindən deputat qoyulsun. Çünki son 5 ildə o dairədən deputat qoyulan Nazim Fərəcovu bəlkə heç Oqtay Əsədov da üzdən tanımır.
Rəhbərliyə təkliflərinizi AzərTAc-ın səyyar kameraları vasitəsiylə çatdıra bilərsiniz, bu arada millətimiz üçün xeyirli-uğurlu olsun, çox böyük bir islahat baş vermişdir: prezidentin sərəncamı ilə AzərTAc-ın tam adı olan “Azərbaycan Dövlət Teleqraf Agentliyi” dəyişdirilib “Azərbaycan Dövlət İnformasiya Agentliyi” qoyulmuşdur! Bu, rəsmi dövlət siyasətində keçən il AzərTAc-ın imtina elədiyi “mışdır, muşdur” şəkilçilərindən üzü bəri ən böyük hadisə olaraq tarixə yazılmışdır. Hətta CNN, BBC, Röyter iki gündür Əl Bağdadinin Neynəva şəhərində qədim heykəlləri sındırması xəbərini yarıda qoyub canlı bağlantı ilə AzərTAc-ın adının dəyişməsini şərh edir. Deyirlər ki, bu dəyişiklik agentliyin iş prinsiplərində özünü birmənalı olaraq göstərəcəkdir. Guya agentlik indən belə ancaq doğru xəbərlər yayacaqmış.
İntəhası, bu “AzərTAc” qısaltmasının taleyi sərəncamda bir az qaranlıq qalır. Nöşün ki, bunun içindəki “tac” hissəsi Azərbaycanda monarxiya quruluşunu deyil, məhz “teleqraf acansı” (Anadolu türklərindəki agentliyi bildirən acans sözü kimi) sözlərini bildirirdi. Kimsə belə bir uğurlu qısaltma qayırmışdı, içində ölkəmizdəki acların durumu da
əksini tapmışdı. Tac var, ac var, zər var – ta nə lazımdır dövlət müstəqilliyi üçün? İndi isə agentlikdən teleqraf sözü çıxarılanda bu “T” hərfi nəyi bildirəcək? Heç nəyi. Məntiqlə agentlik ADİA olmalı idi. Lakin olmayıb, içi dəyişsə də qısaltması yenə AzərTAc saxlanılıb. Elə bil burda hansısa “Azərt”in agentliyindən söhbət gedir. Respublikadan xoşunuz gəlmir, bunu bilirik, ancaq məzələnmək nəyə lazımdır?
Başqa maraqlı xəbərlər də var. Sumqayıtdan yazırlar ki, icra başçısı tort bişirməyə hazırlaşır, bu məqsədlə camaatın maaşını kəsirlər. Sitat: “Bacım oğlu deyir işdə pulumuzu tutanda belə söylədilər”. Ta oxucunun bacısı oğlu harda işləyir, neçə manatı Eldar müəllimə verib – bunları dəqiqləşdirmədim. Bəs AzərTAc nədən ötrüdür? Zəhmət çəkib öyrənsinlər.
Sumqayıtdan başqa maliyyə xəbəri də var, deyir Avropa yay oyunları üçün yenə əhalidən pul yığılır. Burda konkret olaraq peşənin adı da çəkilib, deyir liftdə işləyənlər 3 aydır maaş almır. Etiraz üçün idmançıları yuxarı mərtəbəyə qaldırmasınlar, bəlkə nəticəsi oldu.
Bənzər xəbərlər – oyunlar üçün pul dilənmək – Bakıdakı bir neçə universitetdən də gəlir. Tələbələrin aylığından (təqaüd) 10 manat civarında pul tutublarmış. Əhsən hökumətə! Neynirsən axı oxuyub, qoy pulları xarici idmançılara versinlər, sağlam bədəndə sağlam ruh olar. Misal üçün, mən razıyam ki, Binəqədi rayonundakı bütün pensiyaçıların təqaüdünü kəsib Bolqarıstanlı güləşçilərə versinlər.
Nəhayət, Mətbuat Şurasından bir yenilik var. Şura sədri hörmətli Amaşov bəyan edib ki, quruma üzvlük üçün kütləvi informasiya vasitələrinə yeni qaydalar tətbiq olunacaqdır. Qaydaların yeniliyi nədir, onu tam açıqlamayıb, bəlkə müharibə şəraitində yaşayan ölkəmiz üçün bu, sirr olaraq qalsa yaxşıdır, ancaq bu boyda həngamədən sonra Azərbaycanda hələ də yeni KİV-lər yaranırsa, onlar MŞ-na girmək istəyirsə, deməli, Cabir Novruzun misrası aktualdır: “Qoy millətdə ruh yaşasın!”.
Öz aramızdır, bu misranı çoxdandır mətnə basmağa fürsət gəzirdim. Məni təbrik edin!