Fevral hardan başladı, nə vaxt bitdi – heç hiss olunmadı. Amma bapbalaca boyuna rəğmən, digərlərindən olduqca təsirli və yadda qalan oldu. Çünki önümüzdəki aylara, seçkilərə, hətta illərə təsir edəcək olaylarla zəngin oldu. Onun elə 21 fevralı – “qara şənbə”si, yəni manatın qəfil məzənnədən düşməsi nəyə desən “dəyər”.
Məsələ də ondadır ki, bu fevral tək qışın, kiçik çillənin insanlara öz sərt üzünü göstərməsi ilə hafizələrdə ilişib qalmayacaq, eyni zamanda milli valyutamızın böhrana girməsi ilə xalqın onun ağır fəsadlarını uzun müddət öz üzərində hiss edəcəyinə möhürünü basması ilə anılacaq. Hələ “21 fevral”ın vurduğu “yara” təzədir. Hələ çox şey qabaqdadır.
Hər necə olmasa, ciddi iqtisadçı analitiklər nikbin deyillər. Deməli, kəmərləri hamımız sıxmalı olacağıq. Belə görünür, bəzi oliqarxlar da. Gözləyək. Görək, dünyaya meydan oxuyan ABŞ dollarının “cilovunu” hökumətimiz yığa biləcəkmi?
Dolların cilovu olmasa da, ehtimal ki, ictimai etirazları önləməkdə o, zərrəcə tərəddüd etməyəcək. “21 fevral” sindromundan sonra da siyasi həbslərin davam eləməsi, o sırada hüquq müdafiəçisi, keçmiş vicdan məhbusu Taleh Xasməmmədovun bir neçə gün öncə Yadigar Sadıqov sayağı şərlənərək həbsə atılması və haqqında cinayət işinin açılması, həmçinin məhbəsdəki siyasi dustaqlarla bağlı yanaşmanın dəyişməz qalması və onların həbs müddətlərinin fevral ayında uzadılması buna bariz sübutdur.
Ölkədə dolların, daha doğrusu, yaşayışın bahalaşması və gözlənilən yeni inflyasiya fonunda yeni tuthatut dalğası şübhə yox ki, narazı topluma özünəməxsus xəbərdarlıq mesajıdır ki, heç kəs indidən mövcud sistemi zəif, formadan düşmüş zənn edib eyforiyaya qapılmasın. Və əmin olsun ki, konveyer-filan, kontur-qurğular, hər şey qaydasında, saz-işlək vəziyyətdədir.
Keşkə bu sərtlik, qətiyyət ölkədə illərdir kök salmış süni bahalaşmanın (məhz süni bahalaşmanın!!!), “Avropa standartlı” qiymətlərin lokomotivi olan korrupsiyanın, rüşvətxorluğun və monopoliyanın da cilovlanmasında özünü büruzə verəydi…
***
Hələ illər öncə Müsavatın sabiq başqanı İsa Qəmbər seçki kampaniyası çərçivəsində maaşların qaldırılması üçün qaynaqlardan danışarkən bildirmişdi ki, Azərbaycanda təkcə korrupsiyanı yığışdırmaq yetər ki, qiymətlər iki dəfə azalsın, maaş və müavinətlər isə bir o qədər yüksəlsin.
Bu da sizə büdcə kəsirini doldurmağın, qiymətləri sabit saxlamağın real qeyri-neft mənbəyi, qeyri-neft qaynağı. Acgöz məmurlar, gömrükçülər, oliqarxlar bundan sonra iştahalarını bir azca bassınlar, xalqdan 5 manat yox, 3 manat çırpışdırsınlar. Necədi? Bacararlarmı?
Bacarmasalar belə, hamı fərqindədir ki, birinci şəxs üçün onları muma döndərmək müşkül deyil. Hansı quruluşda yaşadığımızı bilmirik ki…
***
Azərbaycanda inhisarçılığın hansı şiddətdə olduğuna dair ip-isti bir fakt: o gün oxuyuram ki, Rusiyada rubl hətta öləndən sonra bananın kilosu 82 rubl olub – yəni 1 dollardan azca artıq – bizim pulla manat yarım. Bananın bitmədiyi qonşu Gürcüstanda da o, qəpik-quruşadır. Azərbaycanda isə manat hələ ucuzlaşmazdan öncə banan 3 dollara satılırdı, gör indi təzə partiya üçün hansı qiyməti uyduracaqlar. Banan idxalının da kimin, hansı oliqarxın monopoliyasında olduğunu bilməyən yoxdur. Monopoliya da budur, zatən.
Neçə gündür “Yeni Müsavat” “qara şənbə” fəsadlarından qaçmağın ən optimal çıxış yolunu peşəkarlara, təcrübəli ekspertlərə istinadla məhz bunda – korrupsiyanın və inhisarçılığın başgicəlləndirici miqyasını azaltmaqda görür, bunu təqdim və təbliğ edir hökumətə. Tək yol – bu. Qalır siyasi iradə. O isə şəxsi məsələ olduğundan, gözləmək lazım gələcək…
Allah səbir lazım olan yerdə hamıya səbir, insaf lazım olan yerdə isə məmur-oliqarx zümrəsinə insaf versin.