Bir həftə öncəyə qədər ölkəmizin siqaret çəkənləri iki qrupa bölünürdülər: ucuz siqaret çəkənlər, bahalı siqaret çəkənlər. Hökumətimiz öz uzaqgörən qərarı ilə, manatı ucuzlaşdıraraq bu fərqi aradan qaldırdı. İndi ölkədə hamı bahalı siqaret çəkir. Düzdür, yeni bir təsnifatlaşdırma apararaq, onları “bahalı siqaret çəkənlər”lə, “lap bahalı siqaret çəkənlər” qruplarına bölmək olar, amma fərqi yoxdur, əsas odur ki, indi ucuz siqaret çəkən yoxdur. Çünki bu tütün məmulatı ölkəmizdə çox bahalaşıb.
Siqaret çəkmək artıq elitar həzz növünə çevrilməkdədir. Bu gedişlə hər oğlan siqaret çəkə bilməyəcək. Adamların rifah səviyyəsi yaşadığı evlə, sürdüyü maşınla, geydiyi libasla yanaşı, çəkdiyi siqaretlə də ölçüləcək. Siqaret çəkənlərə həsədlə baxanlar, bəxtəvərlik verənlər olacaq.
Bir gənc üçün elçiliyə gedəndə onun malik olduğu varidatlar və yaxşı vərdişlər sırasında “hər gün siqaret alıb çəkmək iqtidarında” olduğu da qeyd ediləcək. Məsələn, bəzən istisna hallar kimi belə cümlələrə də rast olacağıq: “Bizim oğlan siqaret çəkmir, amma vallah, imkansızlıqdan deyil. İstəsə lap Havana siqarı da çəkər. Allah şükür, ”Malboro”ya da gücümüz çatır, “Camel”ə də”.
Təbii ki, tütün məmulatlarının bahalaşması siqaret çəkməyənlərin vecinə də deyil, onlar oturub-durub deyirlər ki, siqaret bahalaşır, cəhənnəmə bahalaşsın, Allah eləsin, giləsi 10 manat olsun, belə yaxşıdır, mağıl, çəkib özünü zəhərləyənlər azalar.
Amma yox, əziz oxucular, heç ağlınıza gətirməyin ki, “manat islahat”ından, tənbəkinin bahalaşmasından sonra siqaret çəkənlər azalacaq. Xeyr. Bu artıq şərəf və prestij məsələsidir. Əksinə, yuxarıda dediyimiz səbəblərdən siqaret çəkənlər arta bilər – türkün sözü, eqosunu tatmin etmək istəyənlər, bunu kişilik atributu sayanlar, vərdişkarlar heç vaxt tütündən vaz keçməzlər.
Hərçənd ola bilər, bəzi adamlar indən belə daha qənaətlə siqaret çəkəcəklər, görəcəklər ki, pul çatdıra bilmirlər, gündə iki qutu yox, bir qutu alacaqlar. Bir də yandırılmış siqaretin sona qədər sümürülməsi halları artacaq. Əvvəllər dayanacaqda ictimai nəqliyyat gözləyənlər yaxınlaşan avtobusu görərkən, yenicə yandırdıqları siqareti yerə atıb maşına minirdilərsə, daha elə etməyəcəklər, avtobusu buraxacaq, yenisini gözləyəcəklər ki, o vaxta qədər də tüstülənən siqaretdən ləzzət alsınlar, nemət hayıf olmasın.
Keşkə, liftə minənlər də elə edəydilər. Təəssüf ki, etmirlər, düyməni basıb lifti çağırırlar, sonra siqareti yandırırlar, lift gəlir və onlar eləcə tüstülədə-tüstülədə liftə minirlər. Bir dəqiqədən sonra düşüb cəhənnəm olub gedirlər, amma siqaretin tüstüsü azı iki saat liftin dar kabinəsində qalır. Elə bil, bir az əvvəl içəridə tüstüylə porsuq boğublar.
Hazırda mediada, sosial şəbəkələrdə giley-güzar ərşə dirənib ki, bəs mağazalar siqaretin qiymətini artırıblar, köhnə qiymətə satanlar isə adambaşına bir qutudan artıq vermirlər.
Əlbəttə, onlar ona görə elə edirlər ki, möhtəkirlər beş qutu siqaret alıb aparıb məhəllədə “siqaret bazarı açmasınlar” – öz siqaretləri müftə başa gəlsin deyə.
Bəziləri deyir, yaxşı olardı ki, spirtli içkilər də beş qat bahalaşaydı. Bu, artıq qəddarlıqdır. Belə adamlar nəzərə almırlar ki, içənlər və çəkənlər istədikləri məmulatı tapmayanda alternativ mallar axtaracaqlar və zay məhsulları tapıb, istifadə edib, qırılacaqlar. Məsələn, bir də görəcəyik tütün yarpağına oxşayan xəzəl çəkənlər var. Ucuz işçkidən vurub içalatını yandıranlar da çox olacaq. Biz belə mərhələlərdən keçmişik.
Odur, Amerikanın ştatlarında yavaş-yavaş marixuanadan, yəni anaşadan istifadə icazə verilir. Sonuncu dəfə Vaşinqtonda müvafiq qanun qəbul ediblər. Qanunda deyilir ki, 21 yaşından yuxarı şəxslərə marixuana çəkmək, saxlamaq və az miqdarda yetişdirilmək hüququ bəxş edilir.
“Az miqdarda yetişdirmək” zarafat söhbət deyil. Elə bir hüquq bizimkilərə verilsə, münbit torpaqlarda yaşayan oğlanların hamısı “az miqdarda”, yəni “şəxsi istehlak tələbatı” qədər məhsul yetişdirər, siqaretə qatıb çəkərlər, nəticədə siqaret gözlərinə çox da baha görünməz.